İMTAHAN

İRADƏ TUNCAY
51813 | 2007-02-16 15:49

 Ya övladları, ya özləri orta və ali məktəblərdə oxuyanlar bilirlər ki, buraxılış semestr imtahanları başlayır, havalar hər mənada istilənir. İmtahanlar başlayırsa valideynlərin başqa qayğıları da çoxalır. Hansı qayğılar, yəqin ki, bilirsiniz, qiymət almaq üçün pul düzəltmək. Bu bizim təhsil ocaqlarımızın bu günkü reallığıdır. Kimsə deyə bilər ki, özü oxuyan uşaqlar var - onlar niyə pul verib qiymət alsın? Doğrudur, mən də sizinlə razıyam. Amma deyirlər ki, məktəblərdə oxudun-oxumadın attetat almaq üçün 200 dollar ödəməlisən. Ali məktəblərdə müəllimlərin əksəriyyəti deyir ki, mənə dəxli yoxdur - oxuyursan özün üçün oxu, mənim pulumu gətir. 17-18 yaşındakı uşağın qəlbində indidən həyatındakı bu ədalətsizliklərlə barışmaq məcburiyyəti yaranır. Sabah nə olacaq? Ya onlar da bu axara qoşulub hamıdan biri olacaq, ya barışa bilməyib ölkəni tərk edəcək, ya da başına hava gələcək. Hər bir halda biz bu gün bu şəkildə sabahkı günümüzü, gələcəyimizi itiririk.
   
    * * *
   
   Çox yaxın rəfiqəmin qızı ölkənin ən prestijli universitetlərindən birində təhsil alır. Yüksək balla, böyük zəhmət bahasına daxil olub, heç bir kömək, filan olmadan 1-ci kursu bitirmək üzrədir - imtahanlarını verir. Müəllimlərindən biri deyib ki, imtahan haqqı 90 dollar pul gətirsin. Niyə 100, niyə 80 yox - yəqin özü bilir.
   
   Uşaq əvvəlcə əsəbi hallar keçirib, ağlayıb-sıtqayıb ki, mən həmin fənni çox gözəl bilirəm, niyə pul verim? Nə isə, görüb çarə yoxdur, yığıb-yığışdırıb evdəki pulları aparıb imtahana. Müəllim də açıb konvetdəki pulları hesablayanda görüb ki, 10 dollar azdır, qızın üzünə baxıb ki, hanı bəs, niyə 10 dollar çatışmır. Uşaq da cavab verib - müəllim mən rüşvət verməyə öyrəncəli deyiləm. Ona görə də yəqin düz saymamışam.
   
    * * *
   
   Çox ibrətamiz hadisədir. Müəllimlər niyə oxuyan uşaqları belə sındırırlar, qorxurlar ki, bu millətin içində oxumaq ənənəsi yaranar? Şüurlu surətdə bu millətin övladlarını barlarda fahişəliyə, maviliyə, narkomanlığa sürükləmək siyasəti gedir. Müəllimlərimiz də bu siyasətin tərkib hissələridir. Əgər bu gün bizim böyüyən nəslin içində nə şəkildəsə belə faktlara etiraz eləmək istəyənlər tapılırsa, buna sevinmək lazımdır. Ancaq məni bu uşaqların taleyi, aqibəti çox düşündürür. "Palaza bürünüb, elnən sürünə" bilməyənlər sabah bu cəmiyyətdə necə yaşayacaqlar?
   
    * * *
   
   Mən nə univesitetin, nə də müəllimin adını çəkə bilmirəm. Birincisi, mərdimarzarlıq eləmək istəmirəm. Tək-tək görünən hal deyil. İkincisi, həmin universitetin müəllimləri dünyanın düz vaxtında, sovet dövründə də rüşvət alırdılar - raykom katibləri, kolxoz sədrləri qızlarına oradan diplom alıb cehiz verirdilər. Orada bu ənənə var, industriya şəklində. Həmin univesitetdə rüşvət almayana anormal adam kimi baxırlar, başqa cür mümkün deyil.
   
   Üçüncü, qorxuram ad çəkməyə, sübut edə bilmərəm, həm də pullu adamların arxası möhkəm olur. Zadə-zadələr elə edərlər ki, məlum olar ki, həmin pulu o uşaqdan sən demə mən almışammış.
   
    * * *
   
   Yəqin xəbəriniz var, rüşvətxorluqla mübarizə aparanlarımız bir müəllim həbs ediblər, BDU-da. Onun nə alıb almadığını deyə bilmərəm, onu deyə bilərəm ki, mən təhsil aldığım dövrdə universitetdə ən saf, təmiz, ən dəyərli müəllimlər işləyirdi - başqa institutlarda hər imtahanın öz qiyməti olsa da, biz hər zaman özümüz biliyimizə görə, bir də olurdu ki, tapşırıqla qiymət alırdıq.
   
    * * *
   
   Universitetdə tapşırığa pul almırdılar, orada hörmət-izzət var idi. Bir də ki, o vaxtlar müəllimlər ildə bir dəfə qəbul imtahanlarına qalırdılar, götürdüklərini götürdülər, daha sonra semestr imtahanlarında 5-10 manata görə özlərini xəcil eləmirdilər. Bu da o dövrün reallığı idi. Düzdür, o vaxtlar universitetdə bir fakültə var idi ki, orada hər şeyi pulla hesablayırdılar, hansı fakültəni dediyimi yəqin anladınız. Əgər bu gün də kimisə rüşvət üstə cəzalandırmaq istəyirlərsə, həmin fakültədə professional rüşvətxorlar var. Oradan yapışmaq lazım idi, daha kimya fakültəsindən yox.
   
    * * *
   
   Mənim vergilər nazirliyinə bir təklifim var, qəbul eləyib-eləməmək öz işləridir. Məlum məsələdir ki, ali məktəblərin sayı bir xeyli çoxalıb, imtahanlar da çoxdur, pul alan müəllimlər də. Hər imtahanda öz müfəttişlərini oturtsunlar, gəlir vergisimi-mənfəət vergisimi deyirlər - ondan tutsunlar, dövlətin xəzinəsinə xeyir versinlər. Onsuz da təhsil alanların sabahkı taleyi, necə mütəxəssis olacaqları, vətənə necə xidmət edəcəkləri kimsəni maraqlandırmır. Heç olmasa onların boğazlarından kəsib müəllimlərə verdikləri rüşvət dövlətin xəzinəsinə xeyir gətirsin. Ruslar deyirlər":: "Net xuda bez dobra" yaxşı sözdür. Siz necə fikirləşirsiniz, bu günkü imtahanlar bizi toplum olaraq sabahın imtahanlarına hazırlaya biləcəkmi?
   
   "SPACE" , Sabah proqramı
   
   
   
   
   
   

TƏQVİM / ARXİV