adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Mart 2020 19:53
10531
GÜNDƏM
A- A+

Diaspor Komitəsi Ukraynadakı azərbaycanlıların vəziyyəti barədə məlumat yaydı

COVID-19 virusunun yayılması ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) və Azərbaycan diasporunun azərbaycanlılara dəstəyi davam edir.

Komitədən verilən məlumata görə, minlərlə soydaşımız xaricdən Vətənə təxliyyə olunsa da, hazırda bir sıra ölkələrdə, o cümlədən Ukraynada növbəti təyyarə reyslərini gözləyən Azərbaycan vətəndaşları hələ də qalmaqdadır.

Dövlət Komitəsi, eləcə də Ukraynadakı Azərbaycan diasporunun operativ qərargahına, ümumilikdə, 450-dən çox müraciət daxil olub. Bu müraciətlərin əksəriyyəti təxliyyə və maddi yardımla bağlıdır.

Hazırda DİDK və diaspor təşkilatlarının dəstəyi ilə 166 nəfərin müraciəti təmin olunub ki, onlardan 42 nəfər təxliyyə edilib, 124 nəfərə isə maddi yardım göstərilib – müvəqqəti yaşayış yeri və ərzaqla təmin olunub.

Maddi yardıma ehtiyacı olan soydaşlarımızın bir qismi və 30 nəfər tələbə hazırda Kiyevdəki Azərbaycan Evi – Ukrayna Azərbaycanlıları Radasının (UAR) mərkəzi ofisində yerləşdirilib, onların gündəlik tələbatı ödənilir.

Qeyd edək ki, martın 18-də Kiyevdə Ukrayna Azərbaycanlıları Radasının (UAR) mərkəzi ofisində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) toplantısı keçirilib və dünyanın bir çox ölkələrində olduğu kimi, Ukraynada da yayılmaqda olan koronavirusla əlaqədar operativ qərargah və "qaynar xətt” yaradılıb.

Bu müddət ərzində operativ və gərgin iş rejimində çalışan qərargaha edilmiş müraciətlər əsasında martın 20-dən etibarən Kiyevdə yataqxanadan çıxarılmış 6 tələbə UABD tərəfindən xərcləri qarşılanmaqla hostelə yerləşdirilib.

Martın 23-də daha 30-a yaxın tələbə operativ qərargaha müraciət edərək, müvəqqəti yaşayış yerinə və maddi yardıma ehtiyacları olduğunu bildirib. Hotellərdə boş yerlərin olmaması, müraciət edən soydaşlarımızın sayının çox olması nəzərə alınaraq, həmin tələbələrin Qərargahda yerləşdirilməsi məqsədəuyğun sayılıb.

Martın 28-də operativ qərargah karantinə görəVətənə qayıda bilməyən soydaşlarımıza dəstək aksiyasına başlayaraq, vətəndaşlarımızı zəruri ərzaq məhsulları ilə təmin edib.

Bununla yanaşı, qərargahın üzvləriKiyevin müxtəlif tələbə yataqxanalarındakı azərbaycanlı tələbələrlə görüş keçirib, onların problem və ehtiyacları ilə maraqlanıb. Həmin yataqxanalarda Azərbaycan dilində informasiya xarakterli xüsusi elanların asılması təmin edilib.

Həmçinin, UABD rəhbərliyinin təşkilatçılığı və SOCAR-ın Ukrayna nümayəndəliyinin dəstəyi ilə 400 ədəd tibbi maska və 400 ədəd əlcək soydaşlarımıza çatdırılıb.

Eyni zamanda, diaspor rəhbərliyi tərəfindən də antiseptik məhlullar alınaraq tələbələrə paylanılıb.

Hazırda Ukraynanın bölgələrində də operativ qərargahların yaradılması və Vətənə qayıda bilməyən azərbaycanlı tələbələrin dəqiq sayının müəyyənləşdirilməsi işi davam etdirilir.

Qeyd etmək lazımdır ki, bu qərargahlar tək tələbələrə deyil, karantin zamanıUkraynada yaşayan bütün Azərbaycan vətəndaşlarına yardım etməyə hazırdır. Soydaşlarımız problemləri ilə əlaqədar +380962273489; +380442273489 "qaynar xət”lərinə müraciət edə bilərlər.