adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Mart 2020 18:45
9532
GÜNDƏM
A- A+

Avropa Komissiyası koronavirusla mübarizə üçün Azərbaycana pul ayırdı - MƏBLƏĞ

Avropa Komissiyası koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan da daxil olmaqla "Şərq Tərəfdaşlığı” ölkələrinə 140 milyon avro yardım paketi ayırıb.

Adalet.az-ın xəbərinə görə, bu barədə Avropa Komissiyasının məlumatında bildirilib.

Avropa Komissiyası həmçinin təxminən 700 milyon avro dəyərində olan mövcud alətlərinin istifadəsini koronavirus böhranının sosial-iqtisadi fəsadlarının aradan qaldırılmasına yönəltməyi planlaşdırır.

Avropa İttifaqının Qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarıOliver Varelibildirib ki, hazırda çox ağır bir dövrdür:

"Biz COVID-19 virusunun insanların həyatı və gəlir mənbələrinə ağır fəsadlarının aradan qaldırılması istiqamətində əlimizdən gələni edirik. Biz həm səhiyyə sistemlərinin təcili diqqət tələb edən ehtiyaclarına, eləcə də cəmiyyətin ən həssas qruplarının və altı ölkədə iqtisadiyyatın dayağı hesab olunan kiçik və orta sahibkarlığın uzunmüddətli ehtiyaclarına cavab veririk”.

Avropa Komissiyası tərəfdaş ölkələrin, o cümlədən Azərbaycanın müraciətlərinə əsasən, altı ölkəni süni tənəffüs aparatları da daxil olmaqla zəruri tibbi avandalıqlarla təmin edəcək. Ayrılan vəsait həmin ölkələrin təcili diqqət tələb edən ehtiyaclarına cavab verməyi nəzərdə tutur.

Avropa Komissiyası Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə çalışır.

Qurum zəruri ləvazimatların birlikdə, səmərəli şəkildə alınması və qarşıdakı həftələrdə altı ölkənin səhiyyə sistemlərinə paylanması məqsədilə 30 milyon avro ayırıb.

Bu vəsaitlər həm də tibb müəssisələri və laboratoriyaların işçi heyətinə təlimlərin keçirilməsi və daha böyük əhali kütləsi üçün maarifləndirmə işlərinin aparılması istiqamətində yerli səhiyyə qurumlarını dəstəkləyəcək.

Avropa Komissiyası vətəndaş cəmiyyəti təşkilatlarına kiçik qrantlar şəklində 11,3 milyon avrodan artıq vəsait ayırıb.

Qeyd edək ki, "Şərq tərəfdaşlığı” proqramına Azərbaycan, Belarus, Moldova, Ukrayna, Gürcüstan və Ermənistan daxildir.

Xatırladaq ki, bundan əvvəl ABŞ Dövlət Departamenti vəABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) koronavirusla mübarizə məqsədilə Azərbaycana 1,7 milyon dollarlıq tibbi yardım göstəriblər.