TƏZADLAR

İRADƏ TUNCAY
73238 | 2007-02-16 15:49

Fikir verirsinizmi havalar necə təzadlı dəyişir? Bir gün yay istisi, günün axırında üşütmə gətirən soyuq. Ancaq təkcə iqlim belə deyil, cəmiyyətin həyatı da təzadlıdır. Bir tərəfin xəbərlərini oxuyanda bir neçə dəqiqə ərzində arxayınlaşırsan ki, məmləkətdə hər şey əladır, qurdla quzu bir yerdə otlayır, güllü-gülüstandır. Həmin qəzeti yerə qoyub, o biri tərəfin qəzetini götürürsən - gözünün yaşı qurumaq bilmir - kimsə öldü, harasa uçdu-partladı, kimsə yedi-dağıtdı. Televiziyalardan isə heç danışmağa dəyməz. Deyək ki, böyük əksəriyyətin qəzet alıb oxumağa nə pulu var, nə həvəsi. Həvəsi olanlar da təzə əlifbanı oxuya bilmirlər - amma gözləri ilə gördükləri həqiqətlər var ki, bundan heç hara qaça bilmirlər. Qəzet yazmasa da, televizor göstərməsə də, gözlərini yumub, qulaqlarını tıxasan da çarəsi yoxdur.
   
    ****
   
   Nazirlər arasındakı vətəndaş müharibəsindən bir dəfə danışmışdıq. İndi deyəsən əsas, həlledici döyüşün məqamı gəlib çatıb. Baxaq görək Vaterloo nə zaman olacaq? Maraqlıdır, bunları bir-biri ilə döyüşdürməkdə kim maraqlıdır? Qarşı tərəfi dialoqa çağıranların düşərgəsində hər kəs bir-biri ilə didişir. Bunları yerində kim oturdacaq? Mətubata gözəl mövzular verilir. Onlar da fitilləyir...
   
    ****
   
   Mətbuat demişkən, dünən qəzetlərin birində oxudum ki, ölkəyə gətirilən narıncı rəngdə hər şeyə qadağa qoyulub, bir apelsindən başqa. Öz-özümə bir xeyli güldüm. Sonra fikirləşdim ki, son illərin geyim dəbində də narıncı rənglər üstünlük təşkil edir. Qəzetin məntiqindən belə çıxır ki, geyim ticarəti ilə məşğul olanlar daha ölkəyə narıncı rəngdə heç nə gətirməyəcəklər. Ya da əhaliyə bu rəngdə geyimlər qadağan olunacaq. Bəla gələndə hər rəngdə gələ bilər. İndi Gürcüstanı sel basıb. Bu gün sabah palçıq, çirkab gələcək bizim tərəfə - palçıq da elə palçıq rəngindədir. Selin qabağını da heç bir qadağa yasaqla saxlamaq olmayacaq.
   
    ****
   
   Qadağa, yasaq demişkən, bu günlərdə, daha doğrusu 24 apreldə ağıllılarımız Rusyia kanalını yarım saatlığa bağlayıb milləti yarım saat xoşbəxt elədilər. Köçəryan danışdı, dediyini dedi, söydüyünü söydü, biz eşitmədik. Biz eşitmədik, amma bu o demək deyil ki, başqaları da eşitmədi. Qorxursunuz ki, zərif, həssas qəlbimiz dözməz? Biz öyrəncəliyik. İndiyə qədər olanlara dözdük də, buna dözə bilməyəcəyik? Heç olmasa eşidərdik, bilərdik ki, düşmən nə fikirləşir? Hamının bildiyini biz bilsək nə dəyişəcək? İndi Naxçıvanda Gəmiqaya adlanan yerdə beynəlxalq ekspedisiya işləməyə hazırlaşır. Arxeoloji qazıntılar aparılacaq, ora nə qədər erməni alim gələcək. Hünəriniz var bunun qabağını alın, televizoru söndürməyə nə var ki...
   
    ****
   
   Sovet hökuməti də ancaq özü eşitmək istədiyini deditdirirdi, sonra nə oldu? Sovet hökuməti demişkən, salamat qalsaydılar dünən Azərbaycanda bu hökumətin qurulmasının 85 illiyini bayram edəcəkdilər. Olmadı. Sovet hökumətinin tikib, qurub getdiyi zavodları, xəstəxanaları, məktəbləri, sarayları ata malı kimi özəlləşdirənlər gərək bu bayrama xüsusi münasibətdə olsunlar, amma heç yadlarına da düşmür. O hökumətdən mənə heç toyuq hini də qalmayıb, amma həmişə qeyd eləyirəm.
   
   Əvvəllər bu günlərdə bayram-bayram dalınca gəlirdi. Bir neçə gündən sonra bütün dünyada solçular 1 Mayı qeyd edəcəklər. Biz eləmirik. Çünki siniflər ləğv olunub, kənddə adam qalmayıb, şəhərdə işləməyə yer. Fəhlə, kəndli olmayandan sonra nə 1 May? Oğru-quldur sinfi yaranıb, onların da deyəsən bayramı yoxdur, ya da elə hər gün bayramdır.
   
    ****
   
   Tariximiz də təzadlıdır, həyatımız da, havalar da. Mətbuatda oxuduqlarımız da. O qədər yazdılar ki, filankəsləri işdən çıxaracaqlar, versiyalar irəli sürüldü, yuxarıdakılar da acığa düşdü heç kimi dəyişmədi. Nə işinizə qalıb, niyə yazırsız? Yazmasaydınız bəlkə dəyişərdilər. Belə ağıllı idiniz elə orada oturardınız da. Nə isə, gözləyək görək havalar nə vaxt istiləşəcək?
   
   
   
   

TƏQVİM / ARXİV