adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
30 Mart 2020 10:08
13066
GÜNDƏM
A- A+

İlham İsmayıl: Onlar həmişə gözəgörünməzlərlə mübarizə aparıb...

Sovet dövrü çekistlərin fəaliyyətindən bəhs edən "Sakit mövsüm” adlı bir filmdə vacib dövlət tapşırığını, çox böyük çətinliklə üzıəşsə də, həyata keçirən şəxs təyyarə ilə vətənə qayıdır. Təyyarə endikdə elə trapın qarşısında çox təntənəli qarşılama mərasiminin təşkil olunduğu ekranda görünür. Hamı sevinir, əldə gül-çiçəklər, dildə şüarlar səslənir. Yox, bu qarşılama mühüm dövlət tapşırığını yerinə yetirən şəxsə görə deyil, beynəlxalq yarışlarda qalib gələn yüngül atletika idmançılarına görə təşkil olunub. Tapşırığı yerinə yetirən şəxsi isə iki nəfər qara paltarlı adam qarşılayıb, təyyarənin yanında dayanmış maşına əyləşdirib yola düşürlər.

Bu epizodu təsadüfən xatırlamadım. Bu gün Azərbaycan xüsusi xidmət orqanı Dövlət Təhlükəsizlik Xidməti işçilərinin peşə bayramıdır. Azərbaycan xüsusi xidmət orqanının 101 yaşı tamam oldu. Dünyanı bürüyən koronavirus fəlakəti hər şeyi sıradan çıxardığından bu xidmətin peşə bayramı da səssiz qeyd olundu. Ümumiyyətlə, peşədən irəli gələn xarakterik hal budur ki, dünyanın bütün təhlükəsizlik xidmətləri maksimum çalışırlar ki, gördükləri işləri reklam etməsinlər. Bu gün də DTX işçilərinin peşə bayramları həm yaranmış vəziyyətə görə, həm də ənənəyə görə xüsusi təmtəraqla qeyd olunmadığı hiss olundu. Ola bilsin ki, peşə bayaramına görə rəsmi təbriklər və təltiflər də olub, amma bütün cəmiyyətin çox qayğı ilə yaşadığı bir dönəmdə bu barədə məlumatları vermək məqsədəuyğun hesab edilməyib. Əsas məsələ dövlətin və vətəndaşların təhlükəsizliyidir. Bu çətin dönəmdə xüsusi xidmət orqanının da üzərinə böyük işlərin düşdüyünü geniş ictimaiyyət bilməsə də, onların bu istiqamətdə özünəməxsus fəaliyyəti olduqlarını qeyd etmək lazımdır.

101 illik tarixində təəssüf ki, təhlükəsizlik xidməti bəzən uyğun olmayanların söz sahibi olduqları dövrü yaşasa da, peşəkarların əsil peşə ənənəsinə son anda olsa da sadiq qaldığını demək olar.
Bu gün gözəgörünməz bir virusla dünya baş-başa qaldığı bir vaxtda bu peşənin sahiblərinin onsuz da bütün fəaliyyətləri dövründə hamının görmədiyi gözəgörünməzlərlə vuruşduğunu, mübarizə apardığını vurğulamaq lazımdır. Azərbaycan naminə bu mübarizədə onlara uğurlar arzulayır, keçmiş və fəaliiyyətdə olan əməkdaşları peşə bayramı münasibəti ilə təbrik edirəm.

İlham İsmayıl
Polkovnik-leytenant, Qarabağ müharibəsi veteranı