“Azərişıq” ASC sosial izolyasiyada qalan vətəndaşlarımıza dəstək verməyə daim hazırdır
"Azərişıq" ASC ölkə başçısının və Operativ Qərargahın tapşırıq və qərarlarını rəhbər tutaraq sosial izolyasiyada qalan vətəndaşlarımıza dəstək verməyə daim hazırdır.
Bunu son günlər "Azərişıq" əməkdaşlarının vətəndaşlara yardım etməsi ilə bağlı sosial mediada yayılan görüntüləri şərh edən qurumun mətbuat xidmətinin rəhbəri Tanrverdi Mustafayev deyib.
T.Mustafayevin sözlərinə görə, bu günlər təmsil etdiyi qurum gücləndirilmiş iş rejimində çalışır:
"Bildiyiniz kimi Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi çərçivəsində 65 yaşdan yuxarı insanların da evdən çıxması qadağan edilib. Bu səbəbdən də müxtəlif qurumlar həmin yaş qrupundan olan vətəndaşlarımız üçün sosial xidmətlər həyata keçirir. Vətəndaşlarımızın sağlamlığına önəm verən "Azərişıq" olaraq biz də bu təşəbbüsdən kənarda qlaa bilməzdik. Ona görə də hazırda gücləndirilmiş iş rejimində çalışırıq ki, insanlarımızın artan tələbatını qarşılayaq".
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə "Azərişıq" əməkdaşının evdən çıxa bilməyən Sumqayıt şəhərinin yaşlı sakininə komunal xidmətlərin haqqını ödəməkdə yardım etməsi ilə bağlı video yayılıb. Videoda vətəndaş bu yardıma görə, "Azərişıq" əməkdaşına təşəkkür edir.