QƏLƏBƏ GÜNÜ

İRADƏ TUNCAY
71201 | 2007-02-12 16:38
Uzun illər bu savaşı Böyük Vətən müharibəsi adlandırmışıq. İndi İkinci Dünya müharibəsi də deyirlər. Amma mən düşünürəm ki, bizim üçün bu savaş elə Böyük Vətən müharibəsi idi. Biz həmin o böyük vətənin vətəndaşlarıyıq. Bizim anlamımızda vətənin çağırışına hər kəs cavab verməli idi. Verdi də... İndi kimsə deyəndə ki, "Bizə nə, biz nəyin naminə vuruşmuşuq" - mənə qəribə gəlir. Biz vətəndaşı olduğumuz ölkənin hüdudlarını qoruyurduq. Ən azından döyüşməyi öyrəndik. Çoban paltarını soyunub əsgər şinelini geyinməyi öyrəndik. Əslində biz doğulanda müharibənin bitdiyindən çox keçməmişdi. Cəmi 14-15 il. Valideynlərimizin uşaqlığı həmin o qanlı-qadalı, aclıq illərinə təsadüf eləmişdi. Müharibə başlayan il mənim atamla anam birinci sinfə gediblər. Və mən o, müharibəni görməyən bir adam bütün bunları sanki özümü yaşamış kimi hiss edirəm. Mənə elə gəlir ki, mən də müharibə uşaqlarından biriyəm-taxıl biçən, dərz bağlayan, ayağı yalın, başı açıq, lampa işığında dərs oxuyan, ərini, qardaşını, oğlanlarını müharibəyə göndərmiş anaların oxşamalarına, ağıəsına qulaq asan, çörəyə tamarzı, qara kağızların qara naləsini eşidən. Biz bu söhbətlərə qulaq asa-asa böyümüşük. Bəzən ciddiyə almamışıq, bəzən zarafata salmışıq - uşaq olmuşuq. İndi valideynlərimizi itirəndə anlayıram ki, onların fiziki yoxluğu həm də müəyyən dövrün, tarixin, mənəviyyatın torpağa gömülməsidir. Çox təəssüf - anlayanda gec olur. Amma bir gün bizim də vaxtımız çatıb gedəndə bəşəriyyətin, tarixin gəlmiş, getmiş ən böyük və ən qanlı müharibəsinin canlı şahidləri ilə olan sonuncu bağlar da qırılacaq. 
    
     *** 
    
   Deməyin, bizə nə. Azərbaycanda elə bir ailə tapılmaz ki, ona bu savaşın ağrısı, zərbəsi dəyməsin. Avropanın, Uzaq Şərqin düzlərində, meşələrində adsız, daşsız məzarlarda nə qədər nakam vətən oğulları yatır. Dunayın, Dneprin dünya okeanına axan mavi suları ilə nə qədər oğlumuzun qırmızı qanı axıb. Bizə nə, deməyin. Onlar bir dövlətin vətəndaşları idi. Bu dövlətin sərhədlərini, torpaqlarını, bayrağını qoruyurdular. İndi demək çox asandır ki, bolşevizmin faşizmdən fərqi nədir? Onlar vətəndaş idilər. Vətən uğrunda döyüşürdülər - əmr verilmişdi. O əmrə hər kəs tabe idi. Hər millətdən olanlar, hər zümrədən olanlar. Heç kəs oğlunu müharibədən gizlədə bilməzdi - ali baş komandan tutmuş, sıravi fəhləyə qədər. Bizə nə, deməyin. Bu müharibəyə gözümüzün nurunu vermişik. Ürəyimizin yağını vermişik. Hərarətini vermişik. 2 milyon 400 min əhalisi olan respublikanın 600 mini gedib, 400 mini həlak olub. Bu əslində millətin bütün kişilərinin məhv olması deməkdir. 11 min Azərbaycan qızı iştirak edib - birinə də Sovet İttifaqı Qəhrəmanı adı verilməyib. Bizim xalqın zehniyyəti qızın müharibəyə getməsi nə deməkdir anlaya bilirsiz? Qayıdandan sonra onları alan da olmadı. Məcbur olub başqa millətlərlə ailə qurdular. Bir-iki ayın gəlini olub ərsiz qalan qadınların faciəsini anlaya bilirsiz? Bütün bunlar bizim xalqın taleyindən keçib. Bizə nə, deməyin. 
    
     *** 
    
   Xüsusi bir məqam var ki, onu qeyd etmək istəyirəm. O dövrdə ideoloji işin qurulmasından. Müharibə dedikdə yadınıza nə düşür? İlk öncə o məşhur plakat, sonra o dövrün mahnıları, filmlər, ədəbi nümunələr. Bütün bunlar o dərəcədə təşkil olunmuşdu ki, mən və mənim kimi müharibə görməyən bir nəsil bu savaş haqqında hər şeyi bildiyinə əmin idi. Hələ nəzərə alsaq ki, döyüşlər gedə-gedə bu təbliğat necə idi. Artıq briqadalar gedib əsgərlər qarşısında çıxış edirdilər, yazıçılar cəbhə qəzetlərinin çıxmasına yardım edirdilər. Arxada çıxan qəzetlər üçün yazılar göndərirdilər. Özü də güman eləməyin ki, onlar öz xoşlarına, öz keflərinə odun-alovun altına gedirdilər. Xeyr, partiya qərar vermişdisə, ona tabe olmalı idilər. Əsgər bilməli idi ki, tək deyil - səngərdə də, arxada da və onun ailəsinin qayğısını çəkənlər var. Həmin dövrdə və ondan sonra yaranan sənət nümunələri bu gün də sovet incəsənətinin klassikası sayılır. Və mən elə bir insan tanımıram ki, "Əsgər atası", "Durnalar uçur", "Əsgər haqqında Ballada" və sair, sair filmlərə mütəəssir olmadan baxsın. Simonovun "Jdi menya" şerini riqqətsiz dinləsin. Ereburqun, Germanın cəbhə gündəliklərini həyəcansız oxusun. Eləcə də bizim ədəbiyyatımızda - müharibə mövzusunda yazılmış gözəl nümunələr bu gün də xatirəmizdədir. Yada salaq, Səməd Vurğundan":: "Bilsin ana torpaq, eşitsin Vətən, 
    
   Müsəllah əsgərəm mən də bu gündən", Rəsul Rzadan məşhur "Bəxtiyar" şeri":: 
    
   Külək qarı səpələr, Bəxtiyar, 
    
   Ağ geyinib təpələr, Bəxtiyar. 
    
   Gecə qara yol uzaq, qardaşım, 
    
   Göylər bulud, çöl-düz ağ, qardaşım" 
    
   Süleyman Rüstəmin "Ana və poçtalyon", Məmməd Rahimin "Leninqrad göylərində" və adını çəkmədiyim onlarla görkəmli yazıçının yaratdığı dəyərli sənət əsərləri Berlinə gedən ağır, məşəqqətli yolu nə qədər, nə qədər qısaltmışdı. Müharibədə qələbəni yalnız silahla qazanmaq mümkün deyil. Ruhu olmayan bir ordu ilə uzağa getməyəcəksən, öz sərhədlərin daxilində də bir qarış irəliləməyəcəksən. Biz niyə belə xırdalanmışıq. Qələmimiz bizi gözləyən baş döyüşə xidmət eləməliykən niyə bir-birimizlə döyüşməyə yönəltmişik? 
    
     *** 
    
   Çanaqqala zəfərinin 90 illiyi ərəfəsində Türkiyədə həmin dövrdə yazılmış əsgər məktublarını toplayıb kitab halında çap etdirdilər. Nə gözəl! Bizim pul töküb makulatura çap elətdirən şairciklərimiz millətə bir xeyir verəydilər, biz də belə bir iş görəydik. Klip çəkdirənlər bir dəfə də vətən haqqında çağırış şerləri klip sifariş edəydilər. Ədəbiyyatımızda belə nümunələr çoxdur. Sizin də pulunuz çoxdur. Bir azacıq vicdan lazımdır. 
    
     *** 
    
   Niyə bunları xatırlatdım. Böyük Vətən Müharibəsi heç vaxt ordusu olmayan, silah tutmağı bacarmayan bir xalq üçün kişilik məktəbi oldu. Biz bu müharibədən professional hərbçi kadrlarla çıxdıq. Hərbçi kinooperator, juranlistlərlə çıxdıq. Tankçı generalımız oldu - əsl general, əldəqayırma yox. Bu müharibə əslində bütün itkiləri ilə bizim xeyrimizə idi. Necə ki, Yaponiya atom bombasının partlayışından sonra böyük inkişaf yolu keçdi - biz də hər halda güllə atmağı, təyyarə sürməyi, tank idarə etməyi öyrəndik. Müharibə həm də irəliyə bir addım deməkdir. Rusiyanın, Uzaq Şərqin, Avropanın düzlərinə səpələnmiş əsgər məzarlarının qarşısında əyilək. Bu qələbə həm də bizim qələbəmizdir. 
    
5 may 2007 cil il
   

TƏQVİM / ARXİV