MƏZUNİYYƏT DÖVRÜ

İRADƏ TUNCAY
55231 | 2007-02-12 16:33

Bir ilə yaxın vaxtdır ki, həftənin bir, bəzən də iki günündə təxminən 5-6 dəqiqəsini ayırıb "Söz gəlişinə" qulaq asanlara təşəkkür eləmək istəyirəm. Sözün heç bir dəyəri, qiyməti olmayan bir vaxtda sözün gəlişi deyilənləri dinləmək bir az səbr və hövsələ tələb edir. Yəni mən özüm hələ müəyyən eləməmişəm ki, danışıb öz boğazını və dinləyənlərin beynini yormağın bir mənası var ya yox? Çünki o sözlər ki, müəyyən şəxslərə ünyanlanır - onların heç tükü də tərpənmir. Arxayındırlar - tutduqları mövqeyə, yığdıqları pula. Belə olan halda danışılanlar nəyə xidmət edir? Bəlkə səhv edirəm? Çünki o nəhənglər ki, bizim ədəbiyyatımızın və mətbuatımızın sütunları olublar, yazdıqlarını o kəslərə deyirdilər ki, onlara qulaq vermirdilər. Ədəbiyyatın insanları tərbiyə edib-etməməsi çox mübahisəli məsələdir. Əgər edirsə, bu qədər mütaliəli vicdansızlar hardan törəyir, yox əgər eləmirsə, bu qədər yazılanlar niyə yazılır? Amma bir məsələ var ki, danışmayanda da ürəyin partalyır. Deyib içini boşaldırsan.
   
    * * *
   
   Bu bir ildə çox dəyişikliklərin şahidi olmuşuq. Məsələn, qiymətlərimiz Avropa standartdlarına uyğunlaşır. Ölməyib sağ qalsaq maaşlarımız da uyğunlaşar. Məmləkət demokratik inkişaf yolunda iri addımlarla irəliləyir. Gərək olanı deyəsən. O sözləri ki, indi deyib-danışırıq, 5-6 il əvvəl heç ağzımıza da ala bilmirdik. Yəqin bir gün elə bir vaxt gələcək ki, sözlər havaya getməyəcək, nəyəsə təsir də edə biləcək. İctimai fikir formalaşacaq. Cəmiyyətin istiqamətlənməsində müəyyən bir rol oynayacaq. Müxtəlif ölkələrdən bura ixrac olunan siyasi ideyaları içimizdən keçirib lazımlısını mənimsəyib, ziyanlısı atmaq vərdişi yaranacaq. Hər halda mən buna inanmaq istəyirəm. Əks halda bizim Afrikadakı banan respublikalarından bir fərqimiz olmayacaq. Dünyanın güclü dövlətləri Şərq ölkələrində demokratiyanın bərqərar olmasında maraqlı deyillər. Türkiyəni çıxmaq şərtilə bütün Şərqdə tiraniya hökm sürür. Türkiyəni də tam demokratik dövlət adlandırmaq olmaz. Oralarda çox məsələləri ordu həll eləyir, hətta referendumların nə şəkildə nəticələnəcəyini də. Amma bir məsələ də var ki, ordusundan qorxmasalar dünyanın çox humanist dövlətləri Türkiyəni də İraqın gününə qoyarlar. Ordunun diktaturası Türkiyənin dövlət maraqlarına xidmət edir. Mən belə diktaturanı bəyənirəm və dəstəkləyirəm.
   
    * * *
   
   Bu günlərdə Amerikadan bir xala gəldi - bir təyyarə dolusu vədlər gətirdi. Bir hissəsini müxalifətə, bir hissəsini də hakimiyyətdəkilərə payladı. Nə dedi, demədi qulaq asanlar bilir. Hər tərəfin mətbuatı bunu özünə sərf eləyən şəkildə yazacaq. Mənim bildiyim isə budur ki, toplumun qazancı itirdikləri olacaq. Həmin günlərdə bizim mətbuat nümayəndələri də memorandum imzaladılar. Məsələ burasındadır ki, ən çox söyüşən tərəflər bura imza atmadılar. Qarşıdan seçkilər gəlir, hər iki tərəfin bir-birinə qarşılıqlı çirkab püskürmə marafonu başlayacaq. Mənə maraqlıdır, hazır siyahılar ola-ola, nəticələr məlum ola-ola bu vurhavur nədən ötrüdür. Dünya ölkələrinə bizim "demokratiya-demokratiya" oynadığımızı göstərmək üçünsə onlar burdakı mənzərəni bizdən yaxşı bilirlər. Ya da ola bilər ki, ürəklərini boşaltmaq üçün məqam düşüb.
   
    * * *
   
   Gəldik yenə söhbətimin əsas mövzusuna. Bizim də bu ildə elədiyimiz sözün gəlişi ürəyimizi boşaltmaq olub. Biz də kimin nə oynadığını, kimə oynadığını anlayırıq, qanmaz deyilik. Məmləkətdə maşallah artist siyasətçilər, siyasətçi artistlər çoxdur. Deyir hələ gələcək parlamentdə lap çox olacaq. Gözləyirik. Proqnoz veriblər ki, bu yay çox isti keçəcək. Amma mənə elə gəlir ki, payız lap qaynar olacaq. Hələliksə məzuniyyət vaxtıdır. Gedək dincələk, qüvvə toplayaq - kimin bağı var, bağa getsin. Kimin dağı qalıb, dağa getsin. Kimin də pulu var atasının şəxsi təyyarəsi ilə Havay adalarına. Bunların heç biri olmayanı da otursun televizorun qabağında yemək proqramlarına baxsın":: ilan dolması, qurbağa çığırtması, dəvəquşu qızartması bişirmək öyrənsin. Avropalı oluruq, belə şeyləri bilməliyik.
   
   "SPACE"nin
   
   Sabah proqramından
   
    2 SENTYABR
   
   İradə TUNCAY
   
   SÖZGƏLİŞİ
   
   HAMININ HƏQİQƏTİ
   
   Sizinlə görüşmədiyim bu kiçik müddət ərzində heç bir böyük, qlobal dəyişikliklər baş verməyib. Cəmiyyətin həyatı öz normal axarı ilə davam edir. Normal axar-yəni təmiz suyun faiz nisbətinin az olduğu, çirkabın üstünlükdə olduğu bir axar. İki okeanın arasında yaşayan amerikalılar siklonların yaratdığı qasırğanın altında boğulurlar. Bizim isə okeanla birbaşa əlaqəmiz olmasa da, iqtidar və müxalifət okeanının arasında öz siklonlarımız və qasırğalarımız yaranır. Biz də iki tərəfdən qarşılıqlı nifrət dalğasının arsanda yaşayırıq. Görünən budur ki, bu dalğanın qurbanları hələ çox olacaq.
   
    * * *
   
   Gündəmdə olan söhbət heç şübhəsiz ki, seçkilərdir. Namizədlərin sayını nəzərə alsaq belə görünür ki, bu imtahanda konkurs böyük olacaq. Bəzi dairələrdə bir yerə 30 nəfər. Millət deyəsən bu dəfə demokratiyanın təntənəsinə ürəkdən inanır. Bəzi yerlərdə isə seçkilərin hər il keçirilməsini arzu eləyənlər də var. Çünki namizədlər özlərinə yaman əl qatıblar":: biri yol çəkdirir, biri işıq, biri quyu qazdırır, biri arx, biri məktəb tikdirir, biri fabrik, və sairə, və sairə. Deməli, seçkilərdən sadə adamların da qazanacağı nə isə var. Amma öz fikrimi deyim - bizim məmləkətin seçicilərini özbaşına, yəni "demokratik" qoymaq olmaz! Çünki o zaman parlamentdə yalnız və yalnız pul kisəsi ağır olanlar oturar. Və o zaman parlament müxbirlərinə bir az para verib özlərinə, çıxış mətni yazdıranların qəbul edəcəyi qanunların keyfiyyəti barədə düşünün. Nə deyirsiniz, deyin, hər məmləkətin özünə binəm demokratiya anlayışı var - dövlətçilik tarixi, ənənəsi olmayan bir ölkədə isə amerikadan gələn dayıların israrıla demokratiya yetişdirmək istəyi durursa nəticə bizədəki kimi alınır. Şantaj, söyüş, "qara piyar" və sair. Qazancımız nə olur? Özünüz fikirləşin.
   
    * * *
   
   Dedim ki, məmləkət aktiv şəkildə seçkilərə hazırlaşır. Hər zaman məmləkətin siyasi həyatı qaynamağa başlayanda maraqlı mənzərələr açılmağa başlayır. Daha doğrusu maraqlı sifətlər - insanların tanımadığımız, bilmədiyimiz keyfiyyətləri üzə çıxır. Bir tayfa o biri tayfa ilə düşmənçilik edir, bir kənd o biri kəndlə. Hərə öz namizədinin keçəcəyinə əmindir. Hələ blok və siyasi partiyalardan danışmıram, bu normal haldır. Bir ailədən 2-3 qardaş, ər-arvad deputat olacağına inanır. İşdir hamısı birdən seçilməsə bir-birindən küsüb inciməyəcəklər ki?! Yaxşı ədəbi materaldır. Oğul istəyirəm ki, bunları yazsın. Yazmaq demişkən Ukraynada seçkilər ərəfəsində bizim məşhur yazıçılardan biri Yanukoviçin sifarişi ilə dedektiv roman yazıbmış. Yankoviç seçilməyincə romanı Türkiyədə çap elətdirmək fikrinə düşüb. Orda da heç kim boyun olmayıb. İndi qələminin gücünü göstərmək üçün fürsətdir, məqamdır. Bu meydan, bu şeytan. Meydan demişkən də. Bir-birinə düşmən iki yazıçımız da deputat olacaqlar - son günlərin mətbuatında oxuduqlarım belə fikirləşməyə əsas verir ki, Milli Məclisdə gözəl və bəlaxətli meydan savaşları olacaq. Hər halda yazıçıdırlar - nəfis ədəbi dildə söyüşməyi bacaracaqlar. Arxivlərdə 30-cu illərdə yazıçıların bir-birindən yazdıqları donosları oxusanız əmin olacaqsınız ki, bunlar necə zərif, səlist, parlaq üslubu gözəl donoslar yazırmış.
   
    * * *
   
   Nə isə, mövzudan çox uzaqlaşmayaq. Bilirsiniz ki, seçki prosesində bütün xərcləri qoyuram bir tərəfə, təkcə elə bir ton mürəkkəb lazım olacaq. Bu avropalılar bütün dəlləklikləri bizim üstümüzdə eləmək istəyirlər. Amma biz hər zaman çıxış yolu tapırıq. Bizim başdan-ayağa mürəkkəblə çimizdirsələr də o qutudan kim lazımdırsa da o çıxacaq. Məni sadəcə müərəkkəbin rəngi maraqlandırır. Görəsən mavi deyil ki?
   
    * * *
   
   10 il əvvəl seçkilər vaxtı həmişə günündən-güzəranından, həyatından şikayətlənən bir tanışımdan soruşdum":: Səs verməyə getdinmi, kimə səs verdin? Dedi":: Hökumətin adamına. Dedim":: Onda bu giley-güzar nədir? Səs vermək nədir? Dedi":: bu birilər gəlib güzəranımı düzəldəcək ki... fikirləşdim ki, sözündə məntiq də var, həqiqət də. Və bu həqiqət hər kəsin həqiqətidir. Nə qədər ki, hər qrupun öz həqiqəti olacaq və bu hamının bildiyi həqiqətdən çox fərqlənəcək dəyişikliklərə ümid eləmək gülüncdür.
   
    * * *
   
   Bilmirəm xəbəriniz var ya yox, bu günlərdə türk müğənnisi Bülənt Ərsoy mətbuatda bəzi açıqlamalar verib. Və Türkiyənin gündəminə bomba kimi düşüb. Bir çox məşhur adamlar, siyasətçilər, əminiyyət müdirləri, səfirlər, mafiya babaları bu olaya qarışıblar. Bülənt xanım söyləyib ki, 80-cı illərdə ona səhnə yasağı qoyulanda indi CHP-nin lideri olan Dəniz Baykal onu səhnəyə qaytarmaq üçün böyük miqdarda pul istəyib. Düzdür, indi Dəniz Baykal bunu inkar eləyir, Bülənt xanım da dediklərində israr edir. Bilmirəm bəlkə onu da məcbur eləyəcəklər ki, tüfəngi ağzına dirəyib, özünü öldürsün. Heç kim həqiqəti qəbul eləmək istəmir. Odur ki, hər şey necə var, elə qalsa yaxşıdır. Siyasi həyat qaynamağa başlayanda millətin əxlaqı pozulur. Hamı haqqında bilmədiklərini öyrənirsən, ürəyin bulanır. Seçkilər 15 ildə bir dəfə olsa nə yaxşı olardı! Hər dəfə eşitdiyin iyrənclikləri unutmaq üçün bir xeyli vaxt udardın. Ancaq bilirəm ki, mən bu sözləri deməklə bir xeyliniz narazı qaldınız. Çünki quyu qazanlar, işıq çəkənlər də 15 ildə bir dəfə görünəcəklər. Ancaq arxayın olun məndən heç nəyi soruşan yoxdur. Necə deyəcəklər, elə də olacaq.
   
   
   
   
   
   
   
   İradə TUNCAY
   
   SÖZGƏLİŞİ
   
   İT DƏFTƏRİ
   
   Yəqin xəbəriniz var, 2012-ci ildə olipiadanın keçirilmə hüququnu bizim pullu məmurların yeni paytaxtı London qazandı. Köhnə paytaxtımız Moskva da bu yarışmada iştirak edirdi. Amma "idman siyasətin bir qoludur" deyirlər. Bu gün də dünya siyasətini anqlo-saksonlar yönəldirlər deyə rusların elə bir şansı yox idi. Mən Londonu paytaxt sayanların əvəzinə bir xeyli sevindim. Fikirləşdim ki, yazıq ingilislər kasıb adamdırlar, olipiya komitəsi onlara yardım edəcək, nə qədər qurub-yaradacaqlar, nə qədər turistlər gələcək, bizimkilərin də xeyri olacaq. Böyük əksəriyyətinin orda uşaqları oxuyur, ev-eşikləri var, hətta, babalı deyənlərin boynuna, bütöv London küçələrini satın almış olanlar da var. Bu mənada keçmiş paytaxtımıza fərqli münasibətlər mövcud idi. Övladları orda oxusa da nəinki küçələr, villalar, hətta balaca ikiotaqlı ev də almaq mümkün deyildi. Məsələ kimin harada ev almağında deyil, kim necə bacarır, elə də oğurlayır. Məsələ hansı ölkənin nə şəkildə mükafatlandırılmağında da deyil - istər olipiadanın hansı şəhərdə keçirilməsi, istərsə də Nobel mükafatının kimə verilməsi. Bilirik ki, bunlar müəyyən siyasətə xidmət edir. Dəfələrlə İstanbulun olipiya şəhərinə namizəd olması söhbəti hallandırılıb, amma qüdrətinə görə Türkiyənin heç tozu olmayacaq Yunanıstanda olipiyada keçirilib, İstanbul qalıb bir kənarda. Düzdür, onlar bunu tarixlə bağlayırlar, tarixə söykənirlər - yəni "Yunanıstan olipiya oyunlarının vətənidir" deyirlər. Amma boş söhbətdir. Lazım olanda hara istəyirlər, ora söykənirlər. Özlərinin bir siyahısı var, hansı ölkəni seçsələr, püşkdən də o çıxır. Adı həmin siyahıya düşməyən ölkələr də qalırlar baxa-baxa. Bizim dillə desək, adı "it dəftərində" olmayan ölkələr. *** Gəldik çıxdıq günümüzün əsas mövzusuna - "İt dəftəri". Bu ifadə çox maraqlı ifadədir. Kökü hardan gəlir, bilmirəm, soruşdum kimsə izah edə bilmədi. Amma mənasını anlayırıq da... Heç kimə lazım olmayan, heç bir haqqı-hüququ olmayan, heç kimin tanımadığı kimsələr, nəsələr haqqında deyirlər ki, adı heç "it dəftərində" də yoxdur. Bu məntiqdən yola çıxsaq, çoxumuzun adı o dəftərə düşmür. Sərvət paylanır, bizə çatmır, vəzifə paylanır, bizə çatmır, mükafat paylanır, bizə çatmır. Yoxsa deyəcəksiniz ki, paylanmır? *** Bu bir reallaqdır ki, cəmiyyət qütbləşib. Bu bir reallıqdar ki, mətbuat siyasiləşib. İndi seçkilər ərəfəsində və Azərbaycan mətbuatının 130 illiyi tarixi ərəfəsində fikir verirəm ki, hər kəsin əlində bir siyahı, hazırlaşır ki, nəsə özlərünə bir pay qoparsın. Mənim deputat seçkilərilə bir işim yoxdur - özləri öz aralarında sazişə gəlib, yerləri bölüşdürəcəklər. Amma sözə, qələmə xidmət edən sıra nəfəri kimi mətbuat adına mükafat alacaq kimsələrin siyahısı mənim üçün maraqlıdır. Yəqin ki, bu siyahıda o tərəfli-bu tərəfli paylanan adlar, mükafatlar hansısa prinsiplərə əsaslanacaq. Yəni hər tərəfin öz tərif və söyüş obyektləri var. Kiminki daha güclü olsa və ən başlıcası bu siyahıları hazırlayan dayılar şəxsən kimə rəğbət bəsləyirsə onlar da təltifləndiriləcək. Ətrafdakı vurnuxmalardan belə hiss edirəm ki, artıq həmin siyahılar da hazırlanır. Heç kimi söyməyənlər, tərifləməyənlərin - ancaq sözə, qələmə, həqiqətə qulluq eləyənlərin adı yenə heç bir "it dəftəri"ndə olmayacaq. *** Bizim məmləkətdə çoxsaylı ictimai təşkilatlar var. Bunların içində çoxsaylı jurnalist təşkilatları da var. Hərə bir mükafat təsis edib, paylayır. Əksər hallarda da mükafat verdiklər adamlardan pul alıb, əlinə bir kağız parçası verirlər. Mənim bunda işim yoxdur. Amma bu dəfə durum fərqlidir, veriləcək mükafatlar Azərbaycan Dövlətinin adından veriləcək. Həmin siyahıları tərtib edənlər də böyük məsuliyyət daşıyacaqlar. Bu məsələnin jurnalist təşkilatlarının ümidinə qoymaq olmaz. Jurnalistlər heç özlərinə düz-əməlli qurultay da keçirə bilmədilər. Mətbuat Şurasına imzası kimsəyə məlum olmayanları da üzv seçdilər. Bu dəfə Dövlətin özünün prestiji ortaya qoyulub - gizli, saxlı yoxdur. Kim cızma-qaraçıdır, kim yazardır, kimin sözünə qulaq asırlar, kimin yazdıqlarını heç oxumurlar, kim kimə və nəyə xidmət edir, kimin hansı sözünün arxasında hansı maraqlar durur... Mətbuat elə bir sahədir ki, hər kəsə açıqdır. Kimin imzasının hansı çəkidə olduğu da məlumdur. Dövlətin siyahısında heç kimin tanımadığı adamlar olacaq, yoxsa hər kəsin hörmətlə yanaşacağı imzalar - bax, əsas məsələ budur. Sizə zarafat gəlməsin, mükafat dəyərdir, ölçüdür. O yerdə ki, dəyərlər, ölçülər itir, qarışır, o yerdə ki, yaxşı ilə yamanın sərhəddi itir orda baş saxlamaq çətin məsələdir. Mükafatlar o zaman qiymətli olur ki, onu alan adamların qiyməti, çəkisi ağır olsun. *** "Spartak" filmində maraqlı bir səhnə var. Sərkərdələrdən birinə deyirlər ki, sən Sezara xidmət eləyirsən. Cavab verir ki, yox, mən Romaya xidmət eləyirəm. Yəni məntiqi anladınız. İndi bu adı "it dəftərinə" düşən adamların siyahısı hardasa haqqın, ədalətin də siyahısı olmalıdır. Bu siyahını hazırlayıb dövlət başçısına qol çəkdirənlər bunu nəzərə almalıdırlar. Bayaq dedim ki, mətbuatda kimin kim olduğu açıq-açığına bilinir. O yerdə ki, yaxşıya-yaxşı, əlaya-əla, pisə-pis, yamana-yaman deyirlər, orda yaşamağa dəyər. Adımızı "it dəftəri"nə salsalar da, salmasalar da biz bu dövlətin vətəndaşlarıyıq. Heç kimi söyməsək də, heç kimə məddahlıq eləməsək də... Söz qiymətdən düşbsə də, sözə xidmət eləyənlər qalıb. Amma darıxmayın, vaxta az qalıb. Siyahı bu yaxınlarda açıqlanacaq. Kimin hansı dəftərdə olduğu da bilinəcək. "Speys"in "Sabah" proqramından
   
   
   
   
   
   
   
   - Sözgəlişi-
   
    İradə TUNCAY
   
   ƏQRƏB BÜRCÜ
   
   Son illər hər dəfə Əqrəb bürcü ulduzların içində öz aparıcı yerini tutanda, hər dəfə soyuq noyabr küləkləri pəncərəni döyəndə anlaşılmaz duyğuların, hisslərin təsirinə düşürəm. Hər dəfə müəyyən bir yaş səhifəsini qatlayıb yeni bir səhifə açanda həyat adlı bu kitabın müəllifi ilə - yəni Zamanla bizim ömrümüzü müzakirə eləmək istəyirəm. Bizim - yəni bu gün orta yaşlarını yaşayan insanların. Bu kitabı fəsil-fəsil vərəqləsək, birinci səhifəsindən bu günə gəlib çatsaq hansı nəticəni çıxaracağıq? Müəllif nə demək istəyirdi, baş qəhrəmanlar kim idi, ana xətt nə idi? Ümumi bir fikrə gələ biləcəyikmi? Və bizim yaşıdlarımız - xoşbəxt sovetlər ölkəsində doğulub bu gün azad və müstəqil məmləkətin vətəndaşları olan yaşıdlarımız - həyatdan nə gözləyirdilər, nə aldılar? Mən düşünə bilən, hər şeyi təhlil edə biləcək insanlara xitabən soruşuram - 20-25 il əvvəl ətrafınızda bolşevik təfəkkürlü hədyanlara inanan, inanmasa da əl çala bilən yırtıcılarla üzbəüz gələndə həyatın dəyişəcəyinə, dünyanın düzələcəyinə inanırdınızmı? Və bu düzəlişlərdə öz payınızın olacağına ümid edirdinizmi?
   
   Bu gün bizi yetişən nəsil haqlayıb, yeni nəsil. Onlar yeni dövrün insanlarıdır - ola bilər ki, bizim kimi kitaba hörmətlə yanaşmırlar, ola bilər ki, yazılarını başdan-ayağa orfoqrafik səhvlərlə yazırlar, ola bilər ki, baletlə operanın fərqini anlamırlar... Əsas məsələ odur ki, onlar həyata uyğunlaşmağı öyrəndilər. Bizi bəyənmədikləri üçün bizə məxsus bu kiçicik künc-bucaq ki, var, ordan da sıxışdırıb çıxarmaq istəyirlər. İnanın ki, dediyim atalar-oğullar, nəsillər arasındakı anlaşılmazlıq problemi deyil. İndi iş elanlarına baxsanız orda yalnız və yalnız 20-25 yaşlı gənclərə tələbat var. 40 yaşında bir insanın işləmək hüququ yoxdur? Dünən bizə heç yerdə imkan vermirdilər ki, uşaqsınız, bu gün ancaq uşaq axtarırlar. Cəmiyyət niyə belə pedofil olub? Bildiklərimizi, savadımızı tətbiq etməyə nə vaxt imkan olacaq? Biz nə vaxtsa savad və istedadımızın müqabilində çörək qazana biləcəyik? Şantaj eləyə bilməyən, rüşvət ala bilməyən, əyilə bilməyən işini ancaq düz yolla quran adamlar nə vaxt cəmiyyətə lazım olacaqlar? Bu günlərdə bir dostum gileyləndi ki, vaxt keçdikcə hiss edirəm ki, boğuluram, hiss edirəm ki, öz yerimdə deyiləm, öz istədiyim işi görmürəm. Bizim yaşıdlarımızın əksəriyyəti belə düşünür. Düşünür, çabalayır və heç nə edə bilmir. 40 yaşında insanın başında inqilab havası olmur. Cəmiyyətə öz biliyi ilə xidmət etmək ehtirası olur. Bu enerjini işə çevirmək vaxtı gəlib çatmayıbmı? Göz- qaş oynatmağı, əzalarını titrətməyi bacarmayanların da ağılına-sənətinə , istedadına görə müəyyən bir mövqe tutmağının vaxtı gəlib çatmayıbmı? Kişiliyi, gücü ciblərində olanların öz pullarını kiməsə klip çəkdirməyə yox, xalqın taleyüklü problemlərinə yönəltməyin vaxtı gəlib çatmayıbmı?
   
   Bu da bizim həyat kitabımızın yeni bir fəslidi . Məmləkət dönüb olub böyük bir səhnə - 7-dən 77-yə hamı artist olmaq istəyir. Mentalitet 10-12 ilə görün necə dəyişib. Bir vaxt nəvələrini səhnəyə qoymayan nənələr indi görün nə oyundan çıxırlar, bərəkallah. XX əsrin əvvəllərində Əbdürrəhim bəy Haqverdiyev "Qacar" dramını yazanda aktyorlar ondan xahiş eləmişdilər ki, qadın obrazı yazmasın, aktrisa yoxdur. İndi kişi başını qaldırıb baxsaydı fəxr eləyərdi. Bir qəribə tendensiya da var. Pulsuz adamlar artist olmaq istəyirlər, pullu adamlar şair, bəstəkar. Bu fəslin səhifələri çox olacaq, ya yox, onu deyə bilmərəm. Hələ ki, davam edir. Gör nələri görə-görə gəlirik ey.
   
   Hər zaman noyabr ayında rəhmətlik Brejnevi xatırlayıram. Onun sonuncu dəfə 7 noyabr paradında əlini zorla tərpətməyi, Moskvaya bənzər sifəti yadıma düşür. Ölümü, tappıltıyla məzara tullanmağı yadıma düşür. Mənim tələbəlik illərim Brejnevin həyatının son dövrünə təsadüf edir. Həmin o son dövr Sovet dövlətində də müəyyən dövrün sonu demək idi. Daha doğrusu, sonun başlanğıcı idi . Ancaq çox dəbdəbəli və möhtəşəm sonu. Təntənəli qurultaylar, uzun-uzadı iclaslar, sürəkli alqışlar, keçici bayraqlar və bütün bunların fonunda bomboş dükanlar, talonlar, uzun-uzadı növbələr - hər şeyə corabdan-kolbasaya tutmuş, evə-maşınacan növbələr. Kosmosa raket uçurdan, nüvə silahı olan, dünyada nə qədər yetim ölkələri yedirdən Brejnev, yəni sovet hökuməti - öz vətəndaşlarına əyin-baş, yemək-içmək verə bilmirdi. Amma insafla danışsaq, bütün bunlar qocalıb-xəstələnəndən, ağlı başından çıxandan sonra baş verdi. Ölkə başladı çökməyə. İndi desəm ki, o vaxt hər şey pis idi, insafdan kənar olar. Birincisi, Sovet adamları aza qane olmağa öyrəşmişdilər və hər şeyə əl çalmağa, "Yaşasın", "Ura" qışqırmağa həvəskar idilər. İkincisi, Sovetlərin gözəl təhsil sistemi var idi. Bu gün possovet məkanındakı ölkələrin hər sahədəki yükünü Sovet təhsili almış adamlar çəkirlər. Mühəndisindən, həkimindən tutmuş nazirinə, birinci şəxsinə qədər. Amma bu təhsil sistemində o qədər artıq şeylər vardı ki... Məsələn, hər sessiyada gözümüzü kor eləyib Sov.İKP tarixini, qurultayları, həmin qurultaylarda qəbul olunmuş qərar və qətnamələri əzbərləyirdik. Sonra məlum oldu ki, bunlar heç lazım deyilmiş. Bütün institutlarda, universitetlərdə ən əsas kafedra "Elmi kommunizm" kafedrası sayılırdı. Bu fənnə görə, hətta sonuncu kurslardan o qədər uşaqları xaric eləmişdilər ki. İxtisas fənləri qalırdı bir tərəfə, Leninin aprel tezislərini müəllimlər də, həkimlər də əzbər bilməliydilər. Deməli, boş şeylərə ömrümüzün xoş saatlarını, günlərini sərf eləmişik. Çox təəssüf. Bunları bizə kim qaytaracaq?
   
   Əvvəllər noyabr ayında böyük bir dövlətin ən böyük bayramını qeyd edərdik. Qəribə təzaddır. İndi özümüzün Konstitusiya bayramını qeyd edirik. Konstitusiya insanların hüququnu müəyyən edir. Amma kağız üzərində yazılanlarla cəmiyyətə tətbiq olunan çox fərqlidir. Bir neçə il ərzində üç dəfə dəyişilsə də həyatımızın məzmunu dəyişməz qalır. Bizim həyat kitabımızın proloqu ölkədə baş verən çörək qıtlığı ilə başlamışdır. Fabula - bir dövlətin gələcəyinə inam, qırmızı xətt - yalan, apogeyi - həmin dövlətin dünyanın siyasi xəritəsindən silinməyi, epiloq isə - hələ yazılmayıb.
   
   1989-cu ilin 9 noyabrında Berlin divarı yıxılanda mən çox gənc idim. Sadəlövhcəsinə inanırdım ki, divarların yıxılmağı asan olur. İndi bizim də qarşımızda nə qədər divar var. Amma heç yaxınlığına da gedə bilmirik. Amma bu gün tələbə olanlara, gənc olanlara bir arzum var. Həyatınız elə keçsin ki, bizim yaşımıza çatanda təəssüf eləməyisiniz.
   
   
   
   -Sözgəlişi-
   
   İradə TUNCAY
   
   PASSİO
   
   Evini təmir etdirənlər bilir ki, bu necə məşəqqətdi. Gərək gəzəsən, axtarasan, ürəyin istədiyini tapasan. Dükanları gəzməyi xoşlamasam da, bunun yaxşı tərəfləri də var. Məsələn, xalqla ünsiyyətdə olursan. Bu günlərdə bir dükana girmişdim. Gördüm son vaxtlar təyin olunmuş nazirlərdən biri özü sürdüyü CİP-indən düşdü, cangüdənsiz-filansız daxil oldu içəri . Son vaxtlar, yəni nisbətən son vaxtlar. Çünki 10-12 illik nazirlərlə müqayisədə bu nazir təzə sayıla bilər. Mən həmin nazirin efirdə çıxışlarını izləmişəm. Abırlı adam təsiri bağışlayır. Hər halda köhnəsi kimi göylərdə uçmur, küləyi yeri-göyü dağıtmır. Bilmirəm, bəlkə hələ təzədir, çox artırmayıb, amma hal- hazırda burnu havalarda deyil. Nə isə nazirin dükana girməsi ilə satıcının onun üstünə cumub canfəşanlıq eləməyi bir oldu. Dükandakı mallara bir azacıq arayış verəndən sonra başladı nazirə tərif vurmağa. Dedi ki, biz sizi ailəliklə çox sevirik, sizinlə fəxr edirik və sairə və sairə. Mən də gözümün ucuyla bu mənzərəni seyr edirdim, gördüm nazir də bu boşboğazlıqdan bezdi, həm də mənim bu görüntüləri izlədiyimdən utandı deyəsən. Tez-tələsik dükandan çıxdı. Özlüyümdə fikirləşdim ki, naziri niyə tərifləyəsən? Böyük sənətkar deyil, böyük alim deyil, böyük siyasətçi heç deyil. Dükançı qadın mənə yaxınlaşdı və yenə naziri tərifləməyinə davam etdi":: "Bilirsiniz necə gözəl insandı, necə sadə insandı".Mənə də bir hirs, əsəb gəldi. Qayıtdım ki"::"Yəqin ağıllı adamdı da. Özündən əvvəl bu vəzifədə işləyənlərin indi harda olduğunu unutmur, aqibətlərindən xəbərdardır. Anlayır ki, bu gün nazir kreslosunda oturan sabah çox-çox fərli yerdə oturar və müstəntiqin suallarına cavab verə bilər". Mən bu sözləri dedim deməyinə, amma beyni unitazdan çox da fərqlənməyən o unitaz satan qadın canlı nazirlə görüşündən o qədər xoşbəxt, məst olmuşdu ki, heç nə anlamadı, gözlərini döydü. Yəqin mən də böyük səhv elədim, əgər kiminsə nazirlə görüşdən kefi belə durulursa niyə ona soğan doğrayasan? Onsuz da böyük əksəriyyət belədir. İnsanlara kim olduğuna görə yox, nəçi olduğuna görə qiymət verilir.
   
   Dükandan çıxdım və yol boyu özümüz haqqında fikirləşdim. Nazirbaycan məmləkəti və nazirsevən vətəndaşları düşündüm. Düşündüm ki, biz kimik, hardan gəlib hara gedirik? Neçə illərdi tariximizi yazanlar öz aralarında vuruşa-vuruşa dədə-babamızın kim olduğunu niyə müəyyən edə bilmirlər? Bu qədər çoxsaylı əcdadlarımız ola-ola niyə indi danışdığımız dildə danışırıq? Tarixçilərimiz hər zaman didişirlər - şəxsi münasibətlər zəminində bizim xələflərimiz ortaya qoyulur. Bəlkə doğrudan bizim etnos ancaq gəlmə , yad təsirlərlə formalaşıb? Bəlkə ona görə biz hər zaman güclülərin qarşısında ikiqat olmuşuq, etiraz eləmək heç ağlımıza da gəlməyib. Etnogenez böyük bir elmdi, mən bildiyimə görə bizdə bu elmlə məşğul olanlar demək olar ki, yoxdur. Amma hər halda dünyada bu elmi tədqiq eləyənlər var. Onlar da etnos anlayışının nə olduğuna birmənalı cavab verə bilmirlər. Etnos - sosial anlam deyil. Etnos- irq deyil. Etnos - populyasiya da deyil. Qumilyovun fikrinə görə, etnos coğrafi anlayışdır. Qidalandığı landşafta adaptə olunan toplum etnos adlanır. Deməli, landşaftlar müxtəlif olduğu kimi etnoslar da müxtəlifdir. Amma bu müxtəlif etnosların hər birinin özünəməxsus cizgiləri, cəhətləri var. Və bu cizgilər onu başqa etnoslardan fərqləndirir.
   
   Gəlin bir fikirləşək, adının hələ də qeyri-müəyyən olduğu bizlərin müəyyən cizgiləri nədir? Öz yoldaşlarım arasında kiçik bir sorğu keçirdim. Bizim topluma xas olan qabarıq keyfiyyətləri sadalayın - dedim. Belə bir mənzərə alındı. Biz - yəni bu gün azərbaycanlılar dediyimiz insanlar - haqqını-hüququnu qorumaq istəməyən, assimilyasiyaya uyğunlaşan, zülmə baş əyə bilən, başqalarına qarşı tolerant, özümüzə münasibətdə dözümsüz, doğru danışmağı bacarmayan, vicdanı ilə sövdələşməyi bacaran, xırda istəklərə qane olub, böyük ideallar arxasınca getmək istəməyən... Onlar sadaladılar, gördüm başım gicəllənir. Soruşdum ki, heçmi müsbət keyfiyyətimiz yoxdur? Dedilər var, qonaqpərvərik. Fikirləşirəm ki, heç bu da bir şey deyil - qıraqdan gələn hər kəsi mindiririk boynumuza, sonra düşürdə bilmirik. Heç indiyə qədər fikir verməmişdim. O gün bir dükanın qarşısında maşında oturub oğlumu gözləyirdim. Gördüm beş -altı diri toyuğu satmaq üçün atıblar dükanın qabağına. Toyuqlar da elə ordaca eşələnirlər, önlərinə atılmış yemi dənləyirlər, qaçıb eləmirlər. Müştərilər gəlir, elə ordaca toyuğu seçir, kəsib verirlər, başını da tullayırlar o biri toyuqlara. Bayaqdan bir yerdə eşələnən toyuqlar da başlayırlar həmin kəsilmiş başı dimdikləməyə. Baxdım, baxdım, fikirləşdim ki, bizim bu quşbeyin toyuqlardan heç bir fərqimiz yoxdur. Birinin başı kəsilən kimi hamı tökülür onu dimdikləməyə. Heç düşünmürlər ki, təzə müştəri gələn kimi onların da aqibəti belə olacaq.
   
   Niyə belədir? Araşdırmağa çalışaq. Bizim indi mövcud olduğumuz coğrafi ərazidə heç zaman böyük, qüdrətli, mərkəzləşmiş dövlətimiz, altında durub qürur duya biləcəyimiz bayrağımız olmayıb. Qərbdən- Şərqə Şərqdən-Qərbə gedən axınların keçid məntəqəsi olduğumuzdan başımıza enəcək yumruqların zərbəsindən necə qaçmaq fərasətini formalaşdırmışıq. Yəni uyğunlaşmışıq. Həmin yumruqların zərbəsini yumşaltmaq üçün onların dilində tərifnamələr öyrənməyə başlamışıq. Yəni dilimizi unudub assimilyasiya olmuşuq. Biz diriləri ilə rus dilində, ölüləri ilə ərəb dilində danışan toplumuq. Ədalı ağalar heç zaman həqiqət dinləmək istəmədiklərindən doğru danışmağın necə qorxulu olduğunu anlamışıq və vicdanımızla sövdələşmə prinsipi formalaşıb. Yəni enində-sonunda hər anlamın altında tarix yatır, tarixi proseslər yatır. Həmişə fəxrlə deyirik ki, biz sülhsevər adamlarıq. Heç kəsin bir qarış torpağında gözümüz yoxdur. Elə bilirsiniz bu yaxşı keyfiyyətdir? Heç vaxt ərazimizi genişləndirmək haqqında düşünməmişik. Həmişə bizim əlimizdən torpağımızı alıblar. Əgər biz də nə zamansa tarixin hansı dönəmindəsə əlində bayraq təbil-zurna ilə döyüşə getsəydik indi bizdən də qorxardıldar. İndi bizə də fateh xalq deyərdilər. Adımızı nə qədər başqa etnoslara bağlasalar da - gah farsdan əmələ gəlmə, gah alban desələr də, düşünürəm ki, biz hər halda türklərin bir qoluyuq. Amma hansı qolu? Silah qaldıra bilməyən qolu, əli tətiyə yatmayan qolu, hər havaya oynayan qolu. Deyəcəksiniz ki, belə deyil?
   
   Qumilyovun fikrinə görə, hər toplumun formalaşıb dünyaya öz varlığını sübut etməsi üçün içində pas

TƏQVİM / ARXİV