adalet.az header logo
  • Bakı 7°C
29 Mart 2020 08:47
142255
MÜSAHİBƏ
A- A+

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

Millət vəkili Aqil Abbas "525”ə müsahibə verib. O, koronavirusa mübarizə tədbirləri çərçivəsində görülən işlər barədə danışıb

- Millət vəkili olaraq, ilk əvvəl Azərbaycan dövlətinin koronavirusla mübarizə istiqamətində gördüyü tədbirlər haqqında fikirlərinizi bilmək istərdik.

- Azərbaycan bu məsələyə vaxtında və çox ciddi şəkildə yanaşdı. Ona görə də ölkəmizin virusun geniş yayılma halları yoxdur. Virusa yoluxanlar əsasən xaricdən gələnlərdir. Onları da vaxtında karantinə ala bildik. Ən böyük işlərdən də biri odur ki, xaricdə olan vətəndaşlarımızı vaxtında buraya gətirdik. Ümumiyyətlə, mühim işlər görülüb. Nazirlər Kabinetində Operativ Qərargah yaradılıb. Bundan başqa möhtərəm Prezident İlham Əliyev bu məsələyə görə Nazirlər Kabinetinə 1 milyard manat pul ayırdı, fond yaratdı. Həmin fonda 20 milyon manat köçürdü. İndi əhali, ayrı-ayrı şirkətlər, şəxslər həmrəy olub, həmin fonda 80 milyon manata yaxın pul köçürdülər. Hətta, elə adam var ki, 5 manat köçürüb. Bu, dövlətin, xalqın həmrəyliyini göstərir. Yəni, çox ciddi addımlar atıldı. Karantin bölgələri yaradıldı, orada hər cür şərait quruldu və yerləşdirmə aparıldı. Həm tibbi tərəfdən şərait yaratdılar, həm də qida və s. cəhətdən. Dövlət ən ciddi addımları atdı və bunun nəticəsini də görür. Rayonlara isə ümumiyyətlə, virus gəlib, çıxmır. Mən şəxsən özüm bu dəqiqə Ağcabədidəyəm. Kəndlərdə oluram, camaatla görüşürəm. Onlara dövlətin gördüyü tədbirləri açıqlayıram, nə etmək lazım olduğunu bildirirəm. Fərdi qaydada yaşlı və xəstə adamlarla görüşürəm. Yəni söhbət koronavirus deyil, digər xəstəliyə yoluxanlardan gedir. O vaxt namizədlər seçkidə gəzib, qapı-qapı döyürdü. Niyə indi döyməyək? Əhali də görür ki, deputatı yanındadır, kəndlərə gəlib, onunla maraqlanır. Bu, dövlətə inamı daha da artırır. Belə mövzuda çox ciddi addımlar atılır. Tək mən yox, Tahir Rzayev də bu dəqiqə kəndlərdə qapı-qapı gəzir, görüşür.

- Hazırda deputatı olduğunuz Ağcabədi və Füzulidə durum necədir? Virusa qarşı mübarizə necə aparılır?

- Dezinfeksiya işləri aparılır. Məsələn, Ağcabədidə rayon İcra Hakimiyyəti Operativ Qərargah yaradıb. Özü də bu, yalnız koronavirusla bağlı deyil, əhalinin başqa probleminin də həllinə yönəlib. Kimin su, tibbi və s. problemi varsa, istər telefonla, istər onlayn qoşulma ilə, istərsə də mesajla birbaşa bildirə bilər. Mən orada olmuşam və aldığım məlumatlara görə, əhalinin sosial problemlərinin 70 faizi həll olunub. Qərargahı da icra başçısı özü idarə edir. Nə müraciət olursa, icra başçısına çatdırılır. Həm də qərargahın özü müəyyən təşkilatlara zəng vurub, bildirir ki, belə məsələ var, həll edin. Hətta, videomüraciətlər belə mümkündür. Mən Ağcabədidən danışıram. Yəni, belə bir şərait yadadılıb. Yəqin başqa rayonlarda da belədir. Fikrim var ki, Füzuliyə də gedəm. Çünki mən həm də Füzulinin deputatıyam.

- Bir müddətdir "Evdə qal" kampaniyası keçirilir. Bölgələrdə yaşayan adamlar bu kampaniyaya nə dərəcədə əməl edir?

- Yaşlı adamlar evdən çölə çıxmır. Rayonlararası avtobusların fəaliyyəti dayandırılıb. İndi kiminsə ağır xəstəsi, işi varsa, o çıxır. Kafelər, çayxanalar işləmir. Ümumiyyətlə, kollektiv şəkildə toplanma yoxdur. Əhali ağıllıdır, canının qədrini bilir. Eləcə də möhtərəm Prezidentin bütün tövsiyələrinə əməl edirlər. Xalq nə etmək lazım olduğunu bilir.

- Bəs, siz özünüz necə qorunursunuz?

- Mən ümumiyyətlə, xəstəlikdən qorxmuram. Belə adamam. Allah göndərsə, göndərir, göndərməsə, göndərmir. Amma ehtiyatlı olmaq lazımdır. Məsələn, qərar verilib ki, yaşı 65-dən çox olan şəxslərə çölə çıxmaq olmaz. Deputat olsam da, çölə çıxmırdım. Amma rayondan camaat zəng edib, vəziyyəti soruşurdu. Müəyyən insanlara, camaata izah etmək, söhbətləşmək lazım idi ki, evdə oturun, nəyiniz çatmır və s. Özüm özümü qoruyuram.

- Yeri gəlmişkən, 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağası deputatlara da aiddir?

- Bu, hamıya aiddir. Sadəcə başqa məsələ də var, axı. Bu xalq mənə səs verib. İnsanlar zəng edib deyir ki, biz sizi görmək istəyirik, gəlin, dərdləşək. Mən buna görə gəldim. Gəlməyə bilməzdim. Qaydalar təbii ki, hamıya aiddir. Bəzi deputatlar onlayn əlaqə saxlayırlar. Mənim Ağcabədimin kəndlərində neçə nəfər onlayn qoşula bilər? Yəni, müraciət etdilər, ona görə də rayona gəldim.