adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
24 Mart 2020 23:50
9644
GÜNDƏM
A- A+

Azərbaycan Prezidenti: Yaşlı nəslin nümayəndələrini, özünüzü, uşaqlarınızı qoruyun

Yaşlı nəslin nümayəndələrini, özünüzü, uşaqlarınızı qoruyun.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Hesab edirəm ki, martın 14-də və dünən elan edilmiş əlavə məhdudlaşdırıcı tədbirlər vaxtında atılmış addımlardır. Çünki biz addımlarımızı yaranmış vəziyyətə uyğun atırıq. Eyni zamanda, biz vəziyyətin mənfi istiqamətdə inkişafının qarşısının alınması üçün də bu qabaqlayıcı tədbirləri görməklə özümüzü qoruyuruq. Biz dövlətimizi, xalqımızı, insanlarımızı, xüsusilə yaşlı insanları qorumalıyıq. Onların da hərəkətlərinə müəyyən məhdudiyyət qoyulubdur. Hesab edirəm ki, bu da anlaşılan məsələdir. Çünki ən riskli qrup yaşlı insanlardır.

Yaşlı tənha insanların təminatını təchiz etmək üçün mənim göstərişimlə sosial işçilərin səfərbərliyi nəzərdə tutulur və onlar bu işi görəcəklər. Eyni zamanda, fürsətdən istifadə edərək çoxminli könüllülər ordusuna da müraciət etmək istəyirəm. Hesab edirəm ki, bizim könüllülərimiz də bu işlərə qoşulmalıdırlar, Operativ Qərargahla təmas saxlamalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqədə olmalıdırlar. Hər halda, nazirliyə də göstəriş verilib ki, yaşlı insanlara onların yaşadıqları yerlərdə xidmətlər göstərilsin, - istər dərman preparatları olsun, istərsə də ərzaq, - biz tənha vəziyyətdə yaşayan yaşlı insanları qoruyaq.

Hesab edirəm ki, xalqımızın adət-ənənələri, milli dəyərləri, bizə bu virusla mübarizədə kömək edəcək. Çünki yaşlı insanlara həmişə böyük hörmət göstərilir. Yaşlı insanlar nadir hallarda tənha yaşayırlar. Azərbaycanda belə insanların sayı çox deyil, təqribən bir neçə min nəfərdir. Ancaq onların da təminatı nəzərdə tutulacaqdır".