MÖVZU

İRADƏ TUNCAY
54397 | 2007-02-10 02:56

Bəzən olur ki,yazılarımı oxuyandan sonra mənə zəng edib fikir bildirirlər. Ya təşəkkür edirlər, ya da deyirlər ki, çox hirsli yazırsan. Bu zənglərin müəllifləri çox müxtəlif peşə sahibləridi. İçində alim də var, həkim də var, evdar qadın da var, hətta xalq şairi də var. Hərənin öz fikri var, hörmətlə yanaşıram. Amma telefonda mənə bir söz deyib, efirdən başqa şey danışanda həmin adamlara hörmətim... Özlüyümdə təhlil edirəm, doğrudanmı bu qəzəbli cəmiyyətdə mən belə aqressiv görünürəm. Kimsəni söymürəm, kimsəyə qarğış eləmirəm, kimsənin neçə milyonu necə həzmi-rabedən keçirdiyini yazmıram. Niyə belə təəssürat yaranır? Və o yerdə ki, söyüş, qarğış da yoxdu, fəxriyyə də yoxdu, belə yazıları oxuyan varmı? Demək, varmış.
   
   Bu günlərdə yenə bir jurnalist dostumuz zəng elədi, danışdı ordan-burdan, aladağdan- qaradağdan. Sonda dedi ki, "hər dəfə yazılarını oxuyandan sonra fikirləşirəm ki, artıq bu dəfə mövzu tükəndi. Gələn səfər heç nə yaza bilməyəcək". Sən necə yazı-pozu adamısan, qardaş? Həyat özü tükənməz mövzudu, hara baxsan yağır üstünə. Partiyalı mətbuatda yazılanlara və televiziyadan göstərilənlərə aldanma- çaşqınlıq yaradacaq. Bir tərəfin dediklərindən belə anlamaq olur ki, ölkə yaman gündədi, hər yer dağılır, hamı dilənir. Bir tərəfin dediklərindən isə belə çıxır ki, hər şey çox gözəldi, güllü-gülüstandı, cənnət görmək istəyən buralara gəlsin. Gəlməyinə çox yerlərdən gəlirlər, baxırlar, bizim xasiyyətimizi öyrənib gedirlər. Hətta uçan boşqablar da bu tərəflərə dadanıblar. Tez-tez görünürlər. Xüsusən bizdə seçki-filan olanda bu ziyarətlərin sayı çoxalır. Deyək ki, heç Amerikanı, Avropanı nəzərdə tutmuram - Kosmosun hansısa bir nöqtəsindən bizim məmləkətlə tanış olmaq üçün bir humanoid gəlibsə nə anlayacaq? Qayıdıb öz planetindəki yetkililərə nə arayış verəcək? Mənə dərd olan budu, bax - uzaylıların bizim haqqımızda nə düşündükləri. Yoxsa amerikalılar nə deyəcək, avropalılar nə deyəcək, vecimə deyil. Onların özlərinin bəs qədər problemləri var, öz işləri ilə məşğul olsunlar. Onlar bizim səsimizi eşitmirlərsə,biz niyə onlara qulaq asmalıyıq? Hər dediklərini elədikcə, bir az da havalanırlar. Baxırsan ki, Amerikadan uçub gəlmiş bir qızcığaz (ya da quşcuğaz) qoyur qabağına yekə-yekə kişiləri, ağıl öyrədir. Və yaxud da bizim generala mebel daşıtdırır (təbii ki, məsələ o qızda deyil, uçub gəldiyi ölkənin nüfuzundadı). İndi də qadınları sığınacaqlara yığmaq, onlara psixoloji yardım söhbətini atıblar ortalığa. Siyasətə bax ha. Kişilərə dövləti söydürüb orda sığınacaq verirlər, qadınlara da burda kişiləri söydürüb sığınacaqlara yığacaqlar. Ay canım, ay gözüm, siz bu qadınların kişilərinə iş yeri yaratmaq imkanı verin, onlar da bekarçılıqdan və xəcalətdən gəlib evdə arvadlarını döyməsin. O arvadlara da nə sığınacaq, nə də psixoloji yardım lazım olmasın. Qadınlar ər tapıb ərə gedə bilirlər ki, onun kötəyinin də dadına baxsın? Bir hissəsi müharibədə öldü, bir hissəsi orda-burda iş axtarır, bir hissəsi narkoman, bir hissəsini də yavaş-yavaş maviləşdirirlər. Kişilərin belə qəhətə çıxdığı bir məmləkətdə vallah, onların kötəyi də çörəyi qədər şirin olacaq. Çəyirtkənin gözü hardadı, nəyimizə lazımdı, kökünü kəsmək üçün dərman bilirsinizsə, deyin... Yad əllər indi də ailə yapımıza uzanır. Bunu da dağıdandan sonra nə olacaq? Ruslar bunu eləmək istəmədilər. Demirəm eləmədilər, deyirəm eləmək istəmədilər. Xalqın zehniyyəti min illərlə formalaşır. Əgər 15-16 il ərzində belə dəyişdiksə, deməli, ayıbımızı ruslar örtürmüş. Problem budur. Hər hansı birimiz balaca bir kürsüdə özümüzə yer edən kimi ətrafımıza qohumlarımızı, yerlilərimizi, tələbə dostlarımızı, tanışlarımızı yığırıq. İşi bacarır, ya yox - fərqi yoxdur. Savadı, qabiliyyəti var - fərqi yoxdur. Enində, sonunda zərbə nəyə dəyir - dövlətin nüfuzuna. Nüfuz olmayanda da ordan-burdan gələnlərin göstərişi ilə yaşamalı oluruq.
   
   Heç yadımdan çıxmır. Təxminən 18-20 il əvvəl rus şairi Yevgeni Yevtuşenko "Literaturnaya qazeta"ya bir müsahibə vermişdi. Deyirdi":: "Mənə çox ağır gəlir ki, harda istedadlı, bacarıqlı, qabiliyyətli adam görürlər, deyirlər rus deyil, yəhudidi. Yüz milyonluq bir xalqın içində bütün bu keyfiyyətləri olan bir kimsə yoxdumu?" İndi bu sözləri özümüzə aid edək. Bu azadlıq bolluğunda şəkk-şübhə eləmək azadlığı da varmı? Üzünə dirənib ağ yalanlar danışanlara bircə kəlmə demək istəsən ki, yox ey, belə deyil - vəssalam, hər şey bitdi, oldun düşmən. Belə çıxır ki, bu məmləkətdə doğru sözü ancaq və ancaq müxalifət partiyaların üzvləri danışır? Məntiq bu deyil? Çox böyük hörmət deyil onlar üçün? Sənətkarlara siyasi söhbətlərin nə dəxli var? Danışmaq istəsələr dinləyən tapılacaq. Mütləq tapılacaq.
   
   Bu mənada ruslara qibtə eləmək olar. Onların yazıçıları, alimləri xalqın vicdanı ola biliblər. Lap hakimiyyətə yaxın olduğu halda da xalqın dərdini hakimiyyətə çatdıra biliblər. 1914-cü ildə I Dünya Müharibəsi zamanı Sergey Yesenin hərbi lazaretdə yaralı əsgərlərə qulluq edirmiş. Eyni yerdə böyük Rus İmperiyasının imperatriçası Aleksandra Fyodorovna və qızları da əsgərlərə dəstək olurlarmış. İmperatriça məşhur şairin də orda olduğundan xəbər tutanda onu yanına dəvət edir. İndiki dillə desək, birinci ledinin dəvətini qəbul edən Yesenin (sözgəlişi deyim ki, o vaxt imperatriçaya bütün təəbələrin anası "Matuşka" deyə müraciət edirlərmiş) şerlərini oxuyur, çariça dinləyir və deyir ki, "gözəl şerlərdi, amma çox kədərlidirlər". Yesenin cavab verir":: "Bütün Rusiya kədər içindədir". Bunu niyə xatırladım? Bizimkilərin də birinci şəxslərlə görüşmək imkanı olur. Yenə deyirəm ki, söz deyən adamı dinləyən tapılacaq. Ancaq nə görürük - ev istəyirlər, oğluna, qızına vəzifə istəyirlər, evinə təmir istəyirlər, hətta bunu Şəhidlər Xiyabanında eləyənlər də olur. Hələ bunlar üzdə olanlarımızdı. Məşhur bir akademikin həbsi zamanı alimlərimiz bəyanat verib bu şəxsi pisləyirdilər. Amma 38-ci ildə Stalinin vurhavur vaxtlarında Lev Landaunu həbs edirlər. Landau o zaman çox gənc imiş. Başqa bir hörmətli alim Pyotr Kapitsa Stalinə məktub yazır və Landaunun müdafiəsinə qalxır. Onun Sovet elminə necə gərəkli olduğunu qeyd edir. Sonradan onların hər ikisi böyük kəşflərinə görə Nobel mükafatı aldılar. Ya da başqa bir fakt. 70-ci illərdə Mərkəzi Komitənin qərarı ilə şimal çaylarının axarını dəyişib quraq bölgələrə yönəltmək məsələsi gündəmə gəlmişdi. Rus alimləri və yazıçıları hökumətlə şir kimi döyüşdülər. Ruslara qibtə eləmək olar. Onların heç vaxt şəxsiyyət defisitindən əziyyət çəkdikləri olmayıb. Təsəvvür eləyək ki, sabah kiminsə ağlına gəlir Göygölü qurudub yerində evlər tiksin. Elə bilirsiniz dinib-danışan olacaq? Söhbət nüfuzlu şəxslərin münasibətindən gedir. Bu günlərdə nə qədər ağacı kəsib yerində fontan düzəltdilər. ANS-dən başqa heç bir televiziya kanalı səsini çıxarmadı. Bu ağacların yaratdığı oksigenlə hamı nəfəs almır? Bunları desək bu da siyasət olacaq? Ağ yalanlardan və qara böhtanlardan uzaqlaşıb yaşamı bütün rəngləriylə görmək istəyiriksə cinayətdi? Axı bu rənglər siyasi rənglər deyil, həyatın və sözün rəngləridi.
   
   Sözdən danışmışkən. Biz tələbə olanda müəllimlərimiz mətbuatla bağlı bir hadisəni nümunə kimi danışırdılar. 70-ci illərdə Göçayda rayon Partiya Komitəsinin orqanı olan qəzetdə tənqidi bir yazı çıxır. Birinci katibin göstərişiylə qəzetin bütün nömrələri müsadirə olunur və yandırılır. Qəzet redaktoru partiyadan çıxarılır və təbii ki, rayon rəhbərliyi də bu hadisəni respublika rəhbərliyinə özünə sərf olan şəkildə təqdim edir. Amma o vaxtlar önəmli nöqtələrdə qohum-qardaş və tələbə yoldaşları oturmadığından olayın sorağı birinci şəxsə də, hətta Moskvaya da gedib çatır. İdeoloji katibdən tutmuş MK-nın şöbə müdirinəcən, rayon rəhbərliyinəcən hamı cəzalandırılır. Bu hadisə çoxlarının xatirindədi və yəqin Sovet mətbuatının da tarixinə düşüb. Niyə yada saldım? Deyilən, yazılan söz qalır. Ola bilər bu gün əhəmiyyət verməsinlər, hər şeyin öz vaxtı var. Ümidsiz deyiləm, əbədi dəyərlər var. Söz və əməl!
   
   Hələlik isə nə danışmaq istəmirik, nə də eşitmək. Ona görə də Amerikadan, Avropadan gələnləri dinləmək məcburiyyətindəyik. Balaca-balaca quşcuğazlar gəlir, yekə-yekə kişilərə cip-cip öyrədir. Bu ingilislərin tarixi siyasətidi, ayaq qoyduğu torpaqlara özlərinə lazım olmayan qaçaq-qulduru, zir-zibili göndərirlər. Həm öz məmləkətlərini təmizləyirlər, həm də təzə torpaqlar mənimsəyirlər. Yerli xalqları bir-biriylə vuruşdurub sərvətlərini talayırlar. 500 il əvvəl də belə olub, indi də belədi. Sadəcə, biz özümüzü o hinduların yerinə qoymayaq. Qəbilə formasiyası çoxdan tarixə qovuşub. Bəlkə kimsə gedib hardasa yaşamaq üçün özünə pul-para, mal-dövlət yığa bilib. Böyük əksəriyyətimizin gedəsi yeri yoxdu. Daş öz yerində ağırdı. Mən kimisə söyüb başqa dövlətin bayrağı altında yaşamaq istəmirəm. Nəvələrimin də başqa dövlətlərin bayrağına bükülməyini istəmirəm. Nə yolla olur-olsun bu məmləkəti, bu dövləti, bu bayrağı nüfuzlu eləmək lazımdı.
   
   Mövzular tükənmir, qardaş. Anlamağı ki qadağan eləməyiblər? İndi hünərindi get yaz.

TƏQVİM / ARXİV