adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
24 Mart 2020 17:10
21157
SİYASƏT
A- A+

Komitə sədri: Qarşıda duran əsas vəzifələrdən biri əhalinin sosial rifahını qorumaqdır

Azərbaycan dövləti koronavirus pandemiyasının ölkədə yayılmasının qarşısının alınması istiqamətində, eyni zamanda bu virusun iqtisadiyyata, əhalinin sosial rifahına mənfi təsirlərinin qarşısını almaq üçün bütün lazımi qabaqlayıcı tədbirlər həyata keçirir.

Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, bu gün koronavirus pandemiyası dünyanın bir nömrəli problemidir və təəssüflər olsun ki, Azərbaycan da bu problemdəm kənarda deyil:

"Bu problem ciddi məhdudiyyətlər və yeni yanaşmalar tələb edən bir məsələdir. Koronavirus aktuallaşan ilk gündən cənab Prezident İlham Əliyev bu məsələnin ciddiliyini və gələcəkdə törədə biləcəyi fəsadları nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması ilə bağlı tapşırıq verdi. Operativ Qərargah bu günə qədər bütün lazım olan tədbirləri görüb. Sərhədlərin məhdudlaşdırılması, xaricdə olan vətəndaşlarımızın ölkəyə gətirilməsi, sərhəd bölgələrində karantin məntəqələrinin yaradılması vaxtında görülən və ən düzgün addımlar idi.

Ondan sonrakı mərhələdə yenə də cənab Prezident koronavirus epidemiyasının törədə biləcəyi sosial, iqtisadi, maliyyə gərginliklərinin önlənməsi ilə bağlı xüsusi bir sərəncam imzaladı. Bu sərəncamla Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 2020-ci il dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat ayrılması ölkədə koronavirus infeksiyası ilə bağlı tədbirlərin lazımi səviyyədə həyata keçirilməsinə, ölkə əhalisinin sosial müdafiəsinin tam təmin edilməsinə yönələn çox əhəmiyyətli addım idi. Burada manatın sabitliyinin qorunması da çox vacib şərtlərdən biridir”.

Komitə sədri vurğulayıb ki, eyni zamanda Azərbaycana tibbi vəsaitlərin gətirilməsi ilə bağlı əlavə olaraq 20 milyon manatın ayrılması, Prezidentin şəxsi təşəbbüsü ilə bir gündə 200 nəfəs aparatının ölkəyə gətirilməsi, tibb işçilərinə qayğının ifadə edilməsi ilə bağlı sərəncam, onun ardınca isə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və Prezidentin bir illik əməkhaqqını Fonda köçürdüyünü bəyan etməsi heç şübhəsiz ki, bütün vətəndaşlarımızı bu problemin öhdəsindən gəlməyə səfərbər etdi:

"Qarşıda duran əsas vəzifələrdən biri də əhalinin sosial rifahını qorumaq, iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Əminəm ki, görülən bu işlər Azərbaycanda koronavirus təhlükəsinin qısa müddət ərzində sona yetməsinə gətirib çıxaracaq və biz bu problemdən ən az zərərlə çıxacağıq”.