adalet.az header logo
  • Bakı 16°C

İlham İsmayıl: Quyuya yox, düşdüyümüz quyudan dünyaya daş atmaq istəyirəm...

2425353 | 2020-03-30 08:13
Xeyirsiz pislik olmur. Bir neçə gün əvvəl ABŞ-da edam olunacaq adamı koronavirus səbəbiylə infaz etmədilər, vaxtı uzatdılar. Bəlkə koronavirus Qarabağı cəllad kötüyündən azad etməyin səbəbkarı kimi gəlib..? Fikirləşməyin ki, bir virusun yayılmasından istifadə etmək kimi problemimizə qeyri-ciddi yanaşmam var. Bəzən reallıqda Qarabağı azad edə bilmədiyimizi gördükcə, elə olur ki, fantastika ilə, yadplanetlilərlə əlaqəyə girməyi xəyal edən, arzu edən biri oluram. Amma, bilirəm ki, dərdimizin əlacı yadplanetlilərdə deyil, özümüzdədi. Virusu bəhanə edib quyuya yox, düşdüyümüz quyudan dünyaya bir daş atmaq istəyirəm ki, dünya fikirləşənədək vurub bu quyudan çıxaq. Ağıllılar fikirləşənədək, dəli vurub çayı keçən kimi...

"Endşpil vaxtı siz oyunu virtuoz artistizmlə apara bilərsiniz – hərəkət etmək üçün səbrlə uyğun zamanı gözləyəcəksiniz, rəqibin ritmini pozun, ona öz ritminizi yeritməklə fikirləşdiklərini dağıdın-amma bütün bunların necə bitəcəyini bilmirsinizsə, bunun heç bir əhəmiyyəti olmayacaq. Səbir iradə olmayanda heç nəyə yaramır, amma əsas odur ki, lazım olan anda düşməni amansızcasına qırmağa hazır olursunuz. Aydınlaşmanın başlamasını uzun müddət gözləyə bilərsiniz, ancaq o yaxınlaşdıqda tez və qətiyyətli davranmaq lazımdır. Rəqibi iflic etmək üçün sürət lazımdır”.

Bu fikirlər son dövrlərin populyar kitablarından olan Robert Qrinin "Hakimiyyətin 48 qanunu” kitabında zamanla əlaqədar yazılanlardan bir parçadır. Təbii, bu kitabda nə göstərilibsə onu qanun kimi qəbul etmək sadəlövhlük olardı, amma burada yazılanların tarixi təsdiqlərii də az deyil və bəzən işə yaraya bilir.
Qarabağı düşməndən azad etmək üçün müdafiə naziri Zakir Həsənovun məşhur "beynəlxalq şərait müharibə aparıb torpağı azad etməyə imkan vermir” deyimi kifayət dərəcədə tənqid olunub. Bu, o demək deyil ki, nazirin sözlərində həqiqət yoxdur. Var, sadəcə biz bu şəraitin sonsuza qədər davam edəcəyi halda gözləmə mövqeyində qala bilməyəcəyimizi və zəruri halda bu şəraiti özümüzün yarada biləcəyimizə cəhd etməyi vurğulamışdıq.

Dostlar, sizcə son günlər koronavirus dünyanı dəyişməyibmi? Koronavirus yalnız sağlamlıq problemi kimi mövcud deyil, o siyasi prosesləri də dəyişib. Bu dəyişmənin zaman kəsimini problemimizin həlli istiqamətində düzgün qiymətləndirməyi düşünürükmü? Dünyanın ritmi tamamən pozulduğu zamanda "beynəlxalq şərait” deyilən vəziyyət də dəyişməyibmi? Ya, biz bu dünyanın başının virusla qarışdığı bir vaxtda 30 ildi içimizə girən virusdan qurtulmağa niyə cəhd etmirik? Erməni virusu 20 mindən çox vətəndaşımızın canını alıb, amma çəkilib getməyib, qalanlarımızın da canını almaqda davam edir. Koronavirusun vaksini tapılmayıb, amma Qarabağı işğal virusundan azad etməyin vaksini çoxdan bəllidir. Bunu bizə virusun özü- işğalçı düşmən də deyir. Düşmənin başçısı Paşinyan dünən Qarabağdakı seçkilərdən danışanda bir daha bəyan etdi ki, " Artsax və Azərbaycan bu seçkilərdən sonra heç bir şərtlə eyni siyasi məkanda ola bilməzlər”, yəni sülh danışıqlarının predmeti olan birgə yaşayış şərtlərini, ölkəmizin ərazi bütövlüyünü qəbul etmədiklərini aydın şəkildə bəyan etdi. Amma, Azərbaycan hələ zamanı dəyərləndirə bilməyib.

Kitabda deyilən kimi səbrlə uyğun zaman gözləməliydiksə, 27 illik səbir yetmədimi? Düşməni iflic etmək üçün sürətli hərəkət etməyin vaxtı indi daha əlverişlidir. Dövlət başçısı da Novruz təbrikində dedi ki, " Azərbaycan iqtidarı indiki kimi güclü olmayıb”. Əla! İqtidar indi güclüdür, koronavirus dünyanın diqqətini yayındırıb, Ermənistan-Rusiya münasibətlərində çatlar əmələ gəlib, İran xüsusi müdaxilə etmək iqtidarında deyil, Dağlıq Qarabağın özündə hakimiyyət uğrunda mübarizədə əhali bir neçə yerə parçalanıb, Ermənistanda Paşinyan əleyhdarlarının çoxalması və torpaqları azad etməyə başlayanda İrəvanda hakimiyyət uğrunda mübarizə başlamaq ehtimalının güclü olması, Minsk Qrupunun, üzü-üzlər görmüş Kaspışikin virus qorxusundan bura gəlməyəcəklərini bildirməsi, gəlsələr də heç nəyə müdaxilə edə bilməyəcəkləri - beynəlxalq şəraitin yetişməsi deyilmi? Beynəlxalq şərait bundan artıq bizim üçün bir də nə vaxt əlverişli olacaq? Daxildə də, deyilənə görə, hələ indiki kimi güclü olmamışıq. Vətən döyüşləri başlayanda daha güclü olacağıq. Tez və qətiyyətli hərəkət etmək lazımdır. Üzü də yaza doğru gedirik.

Başqa təklif nədir? Məmmədyarovla Mnatsakanyanın görüşü olmayacaq. Minsk qrupu gəlməyəcək. Virus diplomatik gedişlərin üstündən xətt çəkib. Virus çox şeyi məhv edib, bircə Qarabağ döyüşündən başqa. Bizim üçün endşpil vaxtı - Qarabağ vaxtı deməkdir.

TƏQVİM / ARXİV