adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Mart 2020 11:20
8670
GÜNDƏM
A- A+

Koronavirusla bağlı sahibkarlara faizsiz kredit xəttinin yaradılması təklif edilir

Koronavirus infeksiyası nar ixracına hər hansı bir mənfi təsir göstərməyib.

Bunu Adalet.az-a Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov bildirib.

O qeyd edib ki, nar mövsümü, nar meyvəsinin ixracı sentyabr-dekabr ayları arasında olduğu üçün mövcud şəraitlə bağlı problem yoxdur:

"Hazırda fermerlər becərmə, budama, gübrələmə işlərini görürlər. Assosiasiyanın üzvü olan iri emalçıların məlumatlarına əsasən, nar və nardan hazırlanan məhsulların ixrac olunmasında hazırda heç bir çətinliklə qarşılaşmayıblar. Koronavirusun yayıldığı bu dövrlərdə vitaminlərlə zəngin olan nar və nar məhsullarından çoxlu istifadə etməyi vətəndaşlarımıza məsləhət görərdim. Bütün market şəbəkələri nar və nar məhsulları ilə tam təmin olunub, bu sahədə heç bir problem yoxdur”.

F.Qaraşov, həmçinin təhsil sahəsində fəaliyyət göstərən bir sahibkar kimi koronavirusun bu sahəyə təsirindən və dövlət dəstəyindən danışıb:

"Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə artıq dünyanın bütün ölkələrində qeydə alınmış koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsinə görə bir sahibkar, vətəndaş olaraq təşəkkürümü bildirmək istərdim. Ölkəmizdə bütün qüvvələr hadisələrin ən pis yöndə inkişafının qarşısının alınmasına səfərbər olunub.

Dövlət strukturları mobilizasiya olunub və birgə fəaliyyət göstərir. Həmvətənlərimi vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə səsləyirəm. Bildirmək istərdim ki, təhsil və kənd təsərrüfatı sahəsi üzrə sahibkarlıq fəaliyyəti ilə məşğulam. Koronavirusla bağlı görülən tədbirlər çərçivəsində özəl təhsil müəssisələrinə dəyən ziyan və onun minimuma endirilməsi ilə bağlı problem və təklifləri dövlət orqanlarına bildirmək istərdim.

Birinci problem özəl məktəbəqədər təhsil müəssisələri və uşaq bağçaları ilə bağlıdır. Belə ki, özəl uşaq bağçalarında təhsil haqqı, adətən valideynlərdən aylıq alınır. Bağçaya gələn uşaqların evdə saxlanması zamanı valideynlərin əlavə xərcləri yaranıb və nəticədə özəl bağça və məktəbəhazırlıq qruplarına gələn uşaqların valideynləri təhsil haqqını ödəməyi dayandırıb. Bənzər problem özəl ümumtəhsil məktəblərində də müşahidə edilir. Burada tədris prosesinin artıq onlayn qaydada davam etdirilməsinə baxmayaraq, aylıq ödəniş edən əksər valideynlər qrafik üzrə ödənişləri dayandırıb.

Yaranmış qeyri-müəyyənlik qarşısında bir çox valideyn gözləmə mövqeyinə keçib. Onlar da vəziyyəti öz gəlirlərinin azalması ilə əsaslandırırlar. Bunun nəticəsində də belə müəssisələrdə çalışan əməkdaşların əməkhaqqılarının ödənilməsində çətinliklər yaşanılması gözlənilir. Nəzərə almaq lazımdır ki, çalışanların hər birinin aylıq həyata keçirdikləri məcburi ödənişləri (qida, kredit, kira, kommunal, ipoteka və s.) mövcuddur. Özəl təhsil müəssisələrinin qarşılaşdığı digər bir çətinlik isə kreditorlarının qarşısındakı öhdəliklərinin vaxtında yerinə yetirilməsi ilə bağlıdır.

Belə ki, müəssisənin gəlirləri azaldığı üçün kreditorlara olan borcların ödənilməsində ciddi gecikmələr ola bilər. Bu da öz növbəsində həmin müəssisələrin (yemək və digər məhsul və xidmət tədarükçülərinə) fəaliyyətinə mənfi təsir göstərəcək. Qeyd olunan problem və çətinliklərin mənfi təsirini azaltmaq üçün aşağıda sadalanan təkliflərin müvafiq dövlət qurumları tərəfindən nəzərə alınması məqsədəuyğun olardı:

• Özəl təhsil müəssisələrində çalışan işçilər üçün müvafiq dövr üzrə minimum əməkhaqqı həcmində dövlət büdcəsi hesabına kompensasiyanın ödənilməsi.

• Əməkhaqqılar əsasında hesablanan dövlət büdcəsinə olan ödənişlərin (DSMF ödənişlərinin) bir neçə ay təxirə salınması.

• Əməkhaqqıların və digər kreditorlara olan borcların vaxtında ödənilməsi üçün faizsiz kredit xəttinin yaradılması.

• Özəl təhsil müəssisələrində çalışanların bütün növ kredit (ipoteka daxil) və kommunal ödənişlərinin bir neçə ay dayandırılması. Sözügedən dəstək mexanizmlərinin tətbiqi özəl təhsil müəssisəndə çalışan yüzlərlə çalışanın bu çətin situasiya qarşısında ciddi zərər görməsinin qarşısını ala bilər.