adalet.az header logo
  • Bakı 7°C
18 Mart 2020 19:09
31747
İQTİSADİYYAT
A- A+

Maliyyə Nazirliyi sistemində xüsusi iş rejiminin tətbiqinə başlanılıb

Koronavirus pandemiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə aparılan təxirəsalınmaz tədbirlər çərçivəsində Maliyyə Nazirliyi sistemində işçilərin iş rejiminin dəyişdirilməsi, habelə digər preventiv tədbirlərin gücləndirilməsi məqsədilə əmr imzalanıb.

"APA-Economics"ə bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

Əmrə əsasən, Nazirliyin Aparatı, struktur bölmələri və yerli maliyyə orqanlarında vəzifəfunksiyalarını evdə yerinə yetirmələri mümkün olan işçilər iş yerinə gəlmədən saat 09:00-dan 18:00-dək evdən distant işləmə rejiminə keçirilib. Evdən işləmə rejiminə keçən işçilərlə iş vaxtı ərzində telefonlarla və internetlə onlayn rejimdə daim əlaqə saxlanılacaq.

Bundan başqa, iclas və görüşlərin əsasən audio və video konfrans formatında keçirilməsinə başlanılıb.

Vətəndaşların müraciətlərinin qəbulunun elektron ([email protected]) və telefon rabitəsi (012 4044699 daxili-195) vasitəsilə, habelə Nazirliyin ünvanına kağız daşıyıcıları göndərməklə həyata keçirilməsi, eyni zamanda Nazirliyin qaynar xəttinin (012 4044725) fəaliyyətinin gücləndirilməsi və vətəndaş müraciətlərinə xüsusi həssaslıqla yanaşılması ilə bağlı müvafiq struktur bölmələrə tapşırıqlar verilib.

Tədbirlər çərçivəsində Dövlət Xəzinədarlıq Agentliyi xüsusi iş rejimi tətbiq etməklə yanaşı koronavirus infeksiyasının yarada biləcəyi xüsusi ekstremal vəziyyətlərdə iş ahənginin pozulmasının qarşısının alınması və təşkilatların maliyyələşdirilməsində fasiləsizliyinin təmin edilməsi məqsədilə bir neçə işçisini xidmət göstərdikləri təşkilatların nümayəndələrindən tam izolyasiya olunmuş iş şəraiti ilə təmin edəcək.

Eyni zamanda, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tədris prosesini Nazirlər Kabinetinin təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə müəyyən etdiyi tarixədək dayandırıb.

Əmrdə əməkdaşlara sosial məsuliyyətli davranmaları, virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbiri görmələri tapşırılıb.