MƏDƏ, YOXSA MƏDƏNİYYƏT

ƏBÜLFƏT MƏDƏTOĞLU
133357 | 2013-05-23 00:17
Hərdən öz-özümə düşünürəm ki, görəsən çevrəmizdə niyə bu qədər gərgin bir durum yaranır. Söhbət təbii ki, bütünlüklə siyasi durumdan getmir. Yəni onun da nəfəsini duymaq mümkündür. Ancaq adamı daha çox sıxan psixoloji gərginlikdir. Özü də bu gərginlik indi elə bir mərhələyə daxil olub ki, ondan heç cürə qurtarmaq mümkün deyil. Şəxsən bu mənə mümkünsüz görünür.
Təbii ki, mümkünsüz görünən indiki psixoloji durumun kökündə müəyyən reallıqlar dayanır. Bu da ən öncə iqtisadi bazadı. Yəni istənilən evdə, ailədə əgər iqtisadi məsələlər yerli-yerindədisə, insan soyuducunun dolabından tutmuş çörək dolabına qədər özünün minimum ehtiyacını yerində görə bilirsə, onda nisbətən yaşamaq da, hadisələrə reaksiya vermək də, sabahı düşünmək də onun üçün asan olur. Ancaq gəlin etiraf edək ki, günü-gündən artan iqtisadi uğurlarımız heç də bizim bazar səbətimizi doldurmayıb. Yəni aldığımız əməkhaqqı bazara nisbətdə bizi həmişə sual qarşısında qoyur. Bu da öz-özlüyündə həmin o iqtisadi baxımdan qaynaqlanan psixoloji durumun qan damarlarından birinə çevrilir. Bu, məsələnin birinci tərəfidi.
O ki, qaldı məsələnin ikinci tərəfinə. Yəni psixoloji gərginliyin daha çox gərilməsinə, artmasına, burada ən böyük günah informasiya mənbələrinin - qəzetin, televiziyanın, internetin üzərinə düşür. Belə ki, təkcə bir günün informasiyalarını diqqətdən keçirəndə, sözün obrazlı formasında ifadə etsək, adam həqiqətən havalanır, dəli olmaq dərəcəsinə çatır. Çünki bütün informasiyaların içərisində qan var, ölüm var, vəhşilik var, qeyri-insani məqamlar var. Təbii ki, bunlar da insanın psixoz durumunu bir az da gərginləşdirir.
Əgər biz ölkənin gündəlik mətbu orqanlarını bir masa üzərinə düzüb bir gün ərzində onların biz oxuculara təqdim etdiyi kriminal və şou xəbərləri, eləcə də internet saytlarından istənilən birinin eyni istiqamətli informasiyalarını sadəcə oxuyub başa çıxsaq, özümüzü hansı durumda hiss edəcəyimizi ifadə etməkdə çətinlik çəkirəm. Məsələn, qəzetlərdə verilən həmin o şou və kriminal xəbərlərin başlıqlarına diqqət yetirsək, yəqin ki, mənimlə razılaşarsınız.
Dünənki qəzetlərin şou və kriminal xəbərlərin başlıqlarını diqqətinizə çatdırıram. Məsələn, "Yeni doğulan körpə hamilə qaldı", "Ata qızını zorladı", "Qardaş bacısına təcavüz etdi", "Oğul anasını zorladı", "Ər arvadını başqa kişi ilə yataqda tutdu", "Şou ulduz xəyanətdə suçlanır", "Populyar müğənni ərinə xəyanət etdiyini boynuna aldı", "Üç ayaqlı cücə", "Dördqulaq quzu", "Kilsədə eşq məcarası"... Sadəcə, iki qəzetdən götürdüyüm bu başlıqlar özü-özlüyündə artıq insanın bütün əsəblərini tarım şəkilə salır. İnana bilmirsən ki, insanlığın, həyatın sonu gəlib belə bir mərhələyə çatıbdı. Anlaya bilmirsən ki, oğul anasıyla, ata qızıyla, qardaş bacısıyla necə münasibətə girə bilir? Bunun adı nədir? İnsanlıq yəni bu qədərmi ayağa düşübdü. Sürətli inkişafın sonu budurmu? Avropaya inteqrasiyanın bəhrəsi beləmi olur? Ümumiyyətlə, elmi tərəqqi doğrudanmı bəşəriyyəti fəlakətə doğru sürükləyir? Bəlkə həqiqətən insanlıq yenidən icma dövrünə qayıtmağa başlayır? Deyəsən suallar çox oldu. Amma təəssüf ki, bu qədər sualın cavablarını tapmaqda çətinlik çəkirəm, ümumiyyətlə tapa bilmirəm. Necə deyərlər, iqtisadi sıxıntının çox təsirlərindən qorunmağın bir yolu kimi göstərilən milli-mənəvi dəyərlər görünür öz erroziyasını da sürətləndirib. Yəni əxlaq yavaş-yavaş arxivə tərəf gedir, arxivə üz tutur. Çünki əxlaqsızlıq edənlər ehtiyacı, iqtisadi sıxıntını əllərində dəlil-sübut kimi saxlayıb gəzdirirlər. Mən isə onların bu dəlillərindəki cüzi məntiqi qəbul etmirəm. Çünki insanlıq şərəf, namus, əxlaq mədədən öndədi. Yəni mədəniyyət mədə demək deyil!
Bax, yaşadığımız psixoloji sarsıntıların hardan qaynaqlandığını düşünə-düşünə yazdığım bu yazının özü də məndə bir gərginlik yaradır. Ümumiyyətlə, görəsən bu yazını yazmağın nəyəsə bir faydası olacaq? Bəlkə elə sular belə də axıb gedəcək... Bəlkə...
Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV