adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
18 Mart 2020 14:37
26946
SİYASƏT
A- A+

Belarus da növbədənkənar seçkilərə gedir

Belarus-Rusiya münasibətləri günbəgün daha kəskin şəkildə pisləşməkdə davam edir. On beş qardaşın imperiyası dağılandan sonra bir-biriylə daha çox yaxınlaşmış bu iki qardaşın arasına düşən nifaq toxumu o qədər dərinləşib ki, ondan, məsələn, aşağıdakı kimi qorxulu lətifələr cücərir:

Şoyqu təşviş içində özünü Putinin kabinetinə salıb deyir:

-Vladimir Vladimiroviç, Lukaşenkonun ordusu Rusiyaya hücuma keçib.

Putin təmkinini pozmadan:

-Boş burax, nə ordu, nə hücum? Onun ki, cəmi iki diviziyası var.

Şoyqu:

-Cənab prezident, indi ikidir, Kremlə çatana kimi ən azı on iki olacaq.

Müdafiə nazirinin təlaşı səbəbsiz deyil. Rusiyada keçirilən sosioloji sorğuların nəticələrinə görə Lukaşenko orda Putinin özündən də xeyli populyar liderdir. "Levada – mərkəz”in son sorğusuna görə hazırda Rusiya əhalisinin cəmi 35 faizi Putinə etimad göstərir. "İctimai rəy” fondu adlı başqa bir tədqiqatlar mərkəzinin Lukaşenko ilə bağlı keçirdiyi sorğunun nəticələrindən isə görünür ki, ona rusların 51 faizi rəğbət bəsləyir.

2016-cı ildə Belarusda keçirilən sosioloji sorğudan cəmi 29 faiz reytinqlə çıxan "batka” bundan sonra bütün sorğu mərkəzlərinə divan tutaraq onları qapatdığı üçün indi onun öz ölkəsindəki reytinqinin necə olduğunu dəqiq söyləmək mümkün deyil. Bütün avtoritar liderlər kimi artıq onun da reytinqi yalnız seçkilərdən sonra Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi yekun rəqəmlərdə əks olunur.

Lukaşenkonun hazırkı reytinqinin səviyyəsi də bu il keçiriləcək prezident seçkilərindən sonra məlum olacaq. Belarusun prezidenti kimi MSK-sının da uzun illərdən bəri əvəzedilməz lideri olan Lidiya Yermoşina artıq seçkilərin vaxtını da açıqlayıb – 30 avqust, yəni, prezidentin ad günündə.

Ancaq hazırda ölkədə çoxdan formalaşmış siyasi ənənələrə zidd proseslər müşahidə olunduğu üçün bəzi ekspertlər bu tarixə şübhəylə yanaşır. Əvvəlcə onun iyunun 21-də keçiriləcəyi barədə fikirlər səslənsə də Lukaşenkonun Böyük Vətən Müharibəsinin başlandığı gün, təbii ki, Putindən çəkindiyi üçün yox, həmin tarixi daha çox özününkü hesab etdiyi üçün belə bir addım atacağına şübhəylə yanaşır və seçkilərin ən azı bundan bir həftə sonra keçiriləcəyini təxmin edir.

Proqnozlara görə martın sonuna kimi parlament növbədənkənar iclasa toplaşaraq növbədənkənar seçkilərin vaxtını elan edəcək. Artıq bunun əlamətləri də hiss olunur. Məsələn, bir müddət əvvəl tədris ilinin vaxtından xeyli əvvəl yekunlaşması haqqında qəra verilib. Seçki məntəqələrinin əksəriyyətinin məktəblərdə yerləşdiyini nəzərə alsaq bu tələskənliyi başqa cür izah eləmək mümkün deyil.

Söhbət seçkilərin vaxtından vur-tut 2 ay əvvələ çəkilməsindən getsə də, onun "növbədənkənarlığı” dedi-qodulara yol açıb. Rus politoloqlarının ən çox tirajladığı versiya bundan ibarətdir ki, Kremllə neft anlaşmasının dalana dirənməsi səbəbindən iqtisadiyyat yaxın günlərdə çökəcək, gün-gündən ucuzlaşan milli valyuta dəyərsiz kağız parçasına çevriləcək deyə prezident hadisələri qabaqlamaq və iqtisadi fəlakət ölkəni tam yaxalayana kimi özünün 6-cı müddətə seçilməsini təmin eləmək istəyir.

Əlbəttə, bu yanaşmada həqiqət payı az deyil. Amma nəzərə alsaq ki, diktatorların ölkədəki sosial-iqtisadi vəziyyətdən asılılıq əmsalı olduqca aşağıdır və bu cür sarsıntılar zamanı (ta ki bıçaq sümüyə dayanana kimi) onların xalqı susdurmaq üçün kifayət qədər resursları olur, onda bunu yeganə səbəb kimi qəbul eləmək inandırıcı görünmür. .

İndi Lukaşenko üçün belə bir resurs bir vaxtlar onu taxtdan salmaq üçün dəridən-qabıqdan çıxan Qərbdir. Vaxtilə, Avropanın sonuncu diktatorunu yıxmaq üçün bütün siyasi, iqtisadi, diplomatik gücünü səfərbər eləmiş Qərb Rusiya ilə pisləşən münasibətlərdən sonra onun yaxın dostuna və müttəfiqinə çevrilib. Artıq "batka” ölkəsinin qapılarını Çin və Qərb kapitalının üzünə taybatay açmağa qərar verib. Kreml bu gedişata rəsmi səviyyədə təmkinlə yanşsa da, onun nəzarətində olan KİV-lərin hazırda Rusiyadan daha çox ondan yüz dəfələrlə kiçik olan Belarusla məşğul olmasının kökündə məhz həmin amil dayanır. Çünki Belarusla birlikdə rusların bir zamanlar Berlin divarından keçən Qərb sərhədləri tamamilə NATO-nun və Avropa birliyinin qapısına çevriləcək.

Ancaq Belarus prezidentinin Rusiyaya dirəniş göstərmək üçün yeganə resursu Qərbin dəstəyi deyil. Moskvanın neft təxribatına qarşı onun əlində Yeltsinlə 25 illiyə imzalanan və yaxın günlərdə vaxtı bitməkdə olan hərbi əməkdaşlıq sazişi kimi kozırı da var. Bu sazişə görə hazırda Belarusun ərazizisində Rusiyanın iki hərbi obyekti yerləşir. Rus mediası az qala hər gün bu obyektlərin böyük hərbi baza olmadığını, sadəçə, hərbi obyekt statusu daşıdığını vurğulamaqla onların əhəmiyyətini azaltmağa şalışsa da, Rusiyanın Hind və Sakit okeandakı bütün sualtı qayıqları məhz ordan izlədiyini nəzərə alsaq, onların vacibliyini sübut eləmək üçün başqa arqumentlərə ehtiyac qalmır.

Şübhə yoxdur ki, Lukaşenkonun bütün əvvəlki seçki kampaniyaları kimi bu dəfəki kampaniyası da məhz Rusiyanın üzərinə fokuslaşacaq. Lukaşenko hazırda dünyanın yeganə dövlət başçısıdır ki, Rusiya ondan ötrü yalnız Putindən ibarət deyil. O, Rusiyanı o dərəcədə özünə doğma hesab edir ki, heç vaxt onun başçısı olmaq arzusundan əl çəkməyib. Sadəcə, siyasi situasiyalar dəyişdikcə onun bu arzusunu ifadə eləmək ritorikası da dəyişir. Yeltsinin dövründə, xüsusilə onun xəstəhal vəziyyətində "batka”nın bütün çıxışları bu iki ölkənin birləşməsi ideyası ətrafındaydı. Hətta vaxtaşırı olaraq Rusayaya "seçki turne”sinə çıxaraq bütün nüfuzlu tribunalardan həmin ideyanı təbliğ eləyirdi. Putin hakimiyyətə gəlib möhkəmlənəndən sonra o bu çıxışları birdəfəlik dayandırdı.

İndi, yəni özünün Rusiyadakı reytinqinin Putinin reytinqini xeyli üstələdiyi bir vaxtda "batka” yenidən bu mövzunu gündəmə gətirməyə başlayır. Ancaq Rusiya kimi ölkələrdə liderin nüfuzunun onların reytinqlərinin yox, hökmünün üstündə duruş gətirdiyini bildiyinə görə hazırkı situasiyada bunun gerçəkləşməsinin mümkünsüzlüyünü də anlayır. Odur ki, öz məsum arzusunu başqa üslubda, münasibətləri hər gün pisləşən rəqibini qıcıqlandırmaqla ifadə eləyir. Bu günlərdə zavod fəhlələri qarçısında etdiyi ənənəvi çıxışların birində söhbəti yenə Rusiya – Belarus ittifaqının üstünə gətirən prezident deyib: "Belarusun Rusiyanın tərkibinə girməsindən söhbət belə gedə bilməz. Təbii ki, zarafat edirəm, ancaq hər zarfatın da bir həqiqət payı var. Vahid dövlət bir şərtlə mümkündür ki, Belarus prezidenti həmin birləşmiş dövlətin başçısı olsun. Vacib deyil ki, mən olum. Ən yaxşısı Natalya İvanovna Koçanovadır. İlk qadın prezident. Bu cür daha yaxşıdır.”

Kaçanova Lukaşenkonun təzə kadrıdır. Onu iki il bundan əvvəl balaca bir şəhərin başçısı vəzifəsindən parlamentin yuxarı palatasına sədr gətirərək ölkənin ikinci adamı eləyib. Amma əsas məsələ bu deyil. Əsas məsələ odur ki, "batka” indiyə kimi Belarusda prezident postuna namizəd kimi təsadüfən, ötəri, zarafatla olsa da adı hallanan istənilən adamın dərhal axırına çıxıb. İndi tabunu o özü pozur, küfr edir, müqəddəs məqama həqarət sayıla biləcək fikir səsləndirir. Ekspertlər nə qədər baş sındırsalar da, bu sirrin üstünü aça bilmirlər. Bəziləri hətta reallıq hissini itirərək seçkilərin növbədənkənarlığını hakimiyyətin Koçanovaya ötürüləcəyi ilə bağlamağa çalışırlar. Təbii ki, sağ-salamat və sapsağlam "batka”nın gözü qarşısında belə bir senarinin gerçəkləşəcəyi fantastikadan başqa bir deyil.

Seçkilərin növbədənkənarlığının əsl səbəbisə, şübhəsiz ki, bambaşqadır, Son vaxtlar heç bir siyasi zərurət olmadan seçkiləri bir neçə ay qabağa çəkərək ona növbədənkənarlıq libası geyindirmək, deyəsən, dəbə çevrilməkdədir. Siyasi apatiyanın hökm sürdüyü cəmiyyətlərdə bu, yəqin ki, ictimai həyata bir rəngarənglik gətirmək, necə deyərlər, şirinlik qatmaq məqsədilə edilir. Nəyi pisdir ki?! Yeniləşib qurtarmış ölkələrdə bekar dayanmamaq üçün belə yeniliklərə həmişə ehtiyac yaranır.

M. Məmmədov