Əbülfət MƏDƏTOĞLU: BİR OVUC QARABAĞ

ƏBÜLFƏT MƏDƏTOĞLU
808744 | 2020-03-30 08:33

İstənilən şairin, yazıçının, ümumiyyətlə, söz adamının içində bir sadə, amma düşündürən məqamlar olur. Əslində onlar məqam deyil. Onlar həm də o qələm adamının özünün söykəndiyi nöqtədir.

Məhz o dayaq nöqtəsi sadə bir həqiqəti pıçıltı kimi, bir meh kimi adamın, yənin oxucunun ürəyindən, dünyasından keçirir. Hiss edirsən ki, ilıq bir istiliyin, hərarətin dalğası səni öz qoynuna alır.

Bax, onda dayanırsan, boylanırsan, bu dalğanın hardan gəldiyini, nədən qaynaqlandığını öyrənməyə çalışırsan. Açığını deyim ki, duyumlu adamlar belə məqamda çox da zaman itirmirlər. Ona görə ki, ilk əsimdən, ilk pıçıltıdan bu mehin, bu səsin, bu ruhun hardan gəldiyini anlayırlar və o səs deyir ki:


Ümidi qurşaq əvəzi,

Bacanızdan atdım, ellər.

Bir ovuc Qarabağ verin,

Bu bayramda dadım, ellər.


Mən bu yazını kitabla tanış olandan sonra içimdən çox keçirdim. Sonra qərar verdim ki, məhz Novruz ərəfəsində yazım. Çünki şeirin ovqatı, ifadə elədiyi fikirlər və ən vacibi məni köklədiyi durum bunu tələb edirdi. Axı, milli dəyərlərimizdən biri də folklorumuzdan gələnləri qoruyub saxlamaqdı, onu gələcəyə daşımaqdı. Bax, bu mənada qurşaq tutmaq adətini yəqin ki, xatırlayırsınız. Özü də Novruz bayramında... çərşənbə tonqalı ətrafında. Üstəlik, bacadan atılan torbalar, papaqlar, boyanmış yumurtalar və s. Bir sözlə, yəni qurşaq əvəzi ümid atmaq, bunun davamı kimi də torbaya bayram payı hədiyyə kimi bir ovuc Qarabağ qoymaq... müəllif nə qədər nüanslara toxunubdu... Onu necə səmimiyyətlə ifadə edibdi.


Qeyrətimə bu tən yollar,

Haçan mənə vətən yollar?!

Qələbəyə gedən yollar,

Baxır maddım-maddım, ellər.


Söylədiyim fikrin davamıdı bu misralar. Təkcə yol sözünün yozumu, onun müxtəlif mənalarda işlədilməsi deyil. Eyni zamanda, həm də qələbənin yol gözlədiyinə də bir işarədir bu. Ülkər Nicatlı öz səmimi duyğularına söykənərək şeirini belə davam etdirir:


Atan, anan, bacın idi,

Sənin qeyrət tacın idi.

Bir vaxt Şuşa, Laçın idi,

Yaddan çıxıb adım, ellər.


Yəqin ki, bu bənddəki həm birbaşa, həm də sətiraltı mənanı anladınız.

Bizim unutqanlığımıza məharətlə toxunan şairə sanki yaddaşımıza bir daş atır, çilikləyir onu. Şuşanın, Laçının unudulmasına üsyan edir. Bu üsyan isə oxucuya xatırladır:


Hər daşda bir ünvan yatıb,

Arzu yatıb, güman yatıb.

Xiyaban-xiyaban yatıb -

Neçə min övladın, ellər.


Bu, artıq şəhid ruhlarına ehtiramdı, onları səsləmək, onlara işarə etməkdi. Deməli, bu həm də qisasa, intiqama çağırışdı. Özü də müəllif bunu boşluqdan, heçlikdən götürmür. Əksinə, konkret ünvan göstərir və vurğulayır ki:


Damarda çağlar dənizlər,

Səngər-səngərdi bənizlər.

Dalğalanır Mübarizlər,

Gəlir addım-addım, ellər!


Bəli, həqiqətən Mübarizləri olan millətin Şuşanı, Laçını unutmağa, yollara, dağlara uzaqdan boylanmağa ixtiyarı yoxdur. Mən gənc şairənin bir şeiri barəsində öz oxucu düşüncələrimi kağıza köçürərkən qarşıma qoyduğum bircə məqsəd idi. O da Ülkər Nicatlının məhz Qarabağla, işğal olunmuş torpaqlarla bağlı misralarının qatlarında ümid işığı və döyüş çağırışı olan şeirinə görə, ona təşəkkür etmək idi.

İstədim ki, onun bir ovuc Qarabağ arzusu bütöv Azərbaycan arzusuna çevrilsin.



TƏQVİM / ARXİV