HƏMRƏYLİK

İRADƏ TUNCAY
48206 | 2006-12-30 03:11

Heç məni sevməyin,
   
Çörək də verib yaşatmayın.
   

 Bircə sizin üçün,
   
Daş yonanlara.
 

 İnsanlar,
   

daş atmayın.
   
   
   
   Mən bilmirəm, yəqin heç kəs də bilmir ki, tarixin ən qədim, ən ilkin çağlarında hansı insan övladının ilk dəfə ağlına gəlib ki, fəslin, ayın hansısa bir gününü başqa günlərdən ayırıb-seçsin, sonra da həmin günün şərəfinə şənlənsin. Hər halda ad günü, doğum günü kimi anlayışların olmadığı dövrlərdə bir ceyranı ovlamaq münasibətilə də insanlar tonqal ətrafında atılıb-düşəndə bu artıq bayram ovqatı yaradırmış.
   
   Bunu mən deməmişəm, indi bəyənmədiyimiz bir filosof deyib - "Bəşəriyyətin ən böyük kəşfi odun kəşf edilməsidir". Od tapıb qızına bilibsə, ov ovlayıb qarnını doyura bilibsə, insan övladı sevinirmiş. İnkişaf getdikcə, mərhələ-mərhələ yeni kəşflər gəldikcə insanın sevinmək payı da çoxalırmış. Sonralar insanlar bu sevinc günlərini rəsmiləşdirib bayram donu geyindiriblər. Məhsul bayramları, zəhmət bayramları, yağış yağmaq bayramları, günün çıxmaq bayramları və s. Bir az keçəndən sonra bu məhsulun yetişməyinə, yağışın yağmağına, günün çıxmağına nəzarət edən tanrıların şərəfinə keçirilən bayramlar. Ancaq arayıb-axtarsaq hər belə günün ilkin mənbəyində yenə də insanın qarnını doyurmaq və canını qızdırmaq arzusu, istəyi durur. Şüur irəlilədikcə heyvanlardan fərqlənməyə başlayan "homo-sapiens", yəni düşünən adam ruhunu qidalandırıb, isidəcək nəsnələrin axtarışına çıxdı. Və bu gün mədəniyyət abidələri dediyimiz nümunələri yaratdı. Məbədlər tikildi, heykəllər yonuldu, rəsmlər çəkildi, yazı yarandı. Sonra bu yaratdıqlarının məstliyindən insanlar azğınlaşdılar. Peyğəmbərlər gəldi və onları düz yola çəkməyə çalışdılar. Alındı-alınmadı, bunu Allah bilsin, adamlar bilsin, öz işləridir.
   
   Dövlətin gəlhagəlidir. Bayramın üçü birdən gəlib. İndi qeyd etdiyimiz Yeni il bayramını İsanın yer üzünə gəlişiylə bağlayırlar. Bütün dünyanın tarix kitablarında Miladdan öncə və Miladdan sonra kimi qeyd olunan bu təqvim Sovet kitablarında eramızdan əvvəl və sonra kimi yazılırdı. Yəni bu günü dini təsəvvürlərdən uzaq tutmaq üçün. 30-cu illərə qədər Stalin bu bayrama qadağa qoyubmuş. Sonra ağlına nə gəlibsə, ürəyi yumşalıb, icazə verib, deyib ki, gedin kef eləyin. Rusların da kef eləməyi bilirsiniz necə olur. Ümumiyyətlə, padşahların ağlına nəyin necə yerləşməsindən çox şey asılıdır. Məsələn, keçən il qonşu Türkmənistanda gecə saat 12-dən sonra işıq yandırmaq qadağan olmuşdu. Polislər gəzib kimin pəncərəsindən işıq gəldiyini görürdülərsə tutub aparırdılar. Türkmənbaşı belə istəyirdi. Həmin tutulan adamlar da and-aman etsələr də ki, biz "Ruhnamə"ni oxuyub feyziyab olmaq istəyirdik, xeyri olmurdu. Yeni il gecəsini necə eləyirlərmiş, bilmirəm. Çünki hər şeyi qadağan eləyən adam bütün ənənəvi bayramları da qadağan eləyə bilərdi, özündən yeni bayramlar da uydura bilərdi, heç kim də bir söz deməzdi. Türkmənistanın əhalisi kim padşah olsa onunla həmrəy olacaq. İndi ola bilər ki, o heykəllər də sökülsün, "Ruhnamə"lər də yığışdırılsın, təzə bayramlar da tətbiq olunsun, hamı razı qalacaq. Yəqin Türkmənistanda olan həmrəylik dünyanın heç bir yerində yoxdur. Yəni yeni Türkmənbaşı əmr edə bilər ki, bundan sonra gündüzlər yatıb, gecələr işləyəcəksiniz, insanlar da ancaq razılıq eləyəcəklər. Belə bir hadisə orta əsrlərdə Qahirədə baş verib. Qahirənin bir əmiri varmış, onun fərmanı ilə adamlar gündüzlər yatıb, gecələr səhərə qədər işləyərlərmiş. Təsəvvür edin ki, gecənin bir aləmi bazarda şıdırğı alver gedir, adamlar çalır-oynayır, mədrəsələrdə elm öyrənirlər, məscidlərdə dua edirlər. Həmin o əmir də özü şəxsən gecələr çıxıb yoxlayırmış ki, rəiyyət onun qiymətli göstərişlərinə əməl edir, yoxsa yox. Amma bir gün o rəiyyət həmrəy olub həmin o əmiri ulağı ilə birlikdə elə itirirlər ki, ondan qalan bircə başmaqlarının tayı olur. Ərəblərdən və həmrəylikdən danışmışkən, mən ərəb dilini bilmirəm, görəsən "rəy" sözü ilə "rəiyyət" sözü arasında bir qohumluq varmı?
   
   Gör hardan başlayıb hara gəldik. Söhbət həmrəylikdən gedirsə və dünya azərbaycanlılarının həmrəyliyindən gedirsə, həmrəy olmaq üçün ümumi bir ideya ətrafında birləşmək lazımdır. Və bu ideyanın da nədən ibarət olduğunu maddə-maddə insanlara başa salmaq lazımdır. Çünki eyforik illüziyaların dalınca qaçmaqla guya istənilən o həmrəylik yaranası deyil. Yəqin ki, həmrəy olmaq üçün həm də ümumi bir dil də olmalıdır. Yəni həmrəy olmaq, həm də həmdil olmaqdır. Amma görünən budur ki, aramızda dil problemi də var. Yox, mən rus dilində qırıldadanlardan danışmıram. Deyək ki, biri yalan dilində danışır, biri ilan dilində. Biri it dilində, biri qurd dilində, insan dilindən başqa hər dildə danışırlar. Görünür kimə nə yaxındır o dildə də cəh-cəh vurur. Rəy vermək çətindir. Yuxarıda oturub rəy verəcək adamların da ümumi bir rəyə gəlmək həvəsi yoxdur. Həvəsləri olsa qəzet oxuyarlar, televiziyaya baxarlar. Görərlər kim-kimə nə şəkildə xidmət edir. Görərlər kim sevir, kim nifrət edir. Əgər siz bizim yazdığımızla maraqlanmırsınızsa, biz niyə sizin fərmanlarınızla həmrəy olmalıyıq? Bizim nə düşündüyümüz sizin üçün maraqlı deyilsə, onda bu "ictimai rəy" dediyimiz nəyisə kim formalaşdırır? Mənə izah eləyin, biz hansı ideyanın ətrafında birləşməliyik? Və əgər bu ideyaya xidmət edən adamlar fərmansız-filansız, elə bütün ömrü boyu bu məmləkətə xidmət edirlərsə, niyə başqa ideyalara xidmət edənlər böyük-böyük kürsülərdə otururlar? Bunu mənə izah eləyin, mən də sizinlə həmrəy olacağam. Gələn ilin Həmrəylik gününəcən vaxtınız var. Bir il az müddət deyil.
   
   Rəiyyət hər zaman fərmansız-filansız həmrəydi. İşıq istəyində, od istəyində, çörək istəyində, torpağa sevgisində, qoluzorlulara nifrətində. Qalır o birilərin həmrəy olmağı - müşkül olan budur. Burda iddialar cövlan edir. Kimin telefon zəngindən neçə yüz adam diksinir. Kimin möhüründən neçə min adam qorxur. Təbii ki, onları da birləşdirən, həmrəy edən ümumi nöqtələrmi deyim, düyünlərmi deyim- var. Pula sevgi, talamaq eşqi, zülm ehtirası, hakimiyyət istəyi. Bu istək bəzilərini aparıb lap həbsxana kameralarında da qonşu, həmrəy edib. Amma başqalarına ar olmur ki, olmur.
   
   Fikir verirəm, görürəm ki, o biri cəbhədə də həmrəylik yaranıb. Hamı bir-birinə hədə-qorxu gəlir. Hamısı deyir ki, bax, məni əsəbləşdirməyin, çox şeyləri bilirəm - "açaram sandığı, tökərəm pambığı". Düzdür, bəzi məsələlərdə razılığa gələ bilmirlər, kimin başqan olacağı, kimin müavin olacağı, amma bunlar xırda məsələlərdir. Görüntü xatirinə kiçik davalardır. Onların hamısı bayaq saydığım o sevgi söhbətlərində çox həmrəydirlər. Pul kimə lazım deyil ki.
   
   Qalır nə? İnsanların adi ehtiyaclarını ödəmək üçün yüksək kürsülərdə oturanların ürəyinə insaf gəlməsi. İndi bu dəfə Həmrəylik günü ilə dini bayram üst-üstə düşüb. Bəlkə bu dəfə Allah qorxusu, Allah xofu kiminsə də qəlbini yumşaldar. Düzdür, buna bir az şübhəli yanaşıram, çünki -
   
   Allahı dananlar Allaha yaxın,
   
   Allahı sevənə gor eşmək düşür.
   
   Bu məmləkətin altı-üstü başdan-ayağa sərvətdirsə, bu sərvətdən bir az da həmin məmləkətin vətəndaşlarına pay düşməlidir. Əgər əyalətlərdə yenə tarixin ilkin çağlarında olduğu kimi, meşədən odun qırıb evlərini qızdırırlarsa, otaqlarını şam ilə işıqlandırırlarsa, deməli, qayıdırıq o əvvəlki dövrlərə. Mənim bir təklifim var . Böyük bir tonqal qalayaq, yığışaq ətrafına. İbtidai insanlar kimi atılıb-düşək, yeni allahlara dua edək. Burda dualar birbaşa Enerji Allahına yönələcək. Deyək ki, "çevir bizi balalarının başına. Bayramdı, biz də deyəsən axı adamıq". Ola bilər ki, dualarımız qəbul olunsun. Demək, Prometeylər ölməyib, demək, bizimlə həmrəy olanlar da var. Əgər Həmrəylik günü işıqlar yanmasa, demək məmurlar dövlət başçısıyla həmrəy deyillər. Çünki gecə saat 12-də prezident xalqı təbrik edəndə vətəndaşların bir qismi bu təbriki eşidə bilməyəcək. Həmrəylik belə-belə yaranır. Yox, işıqlarınız yanırsa, demək kimlərinsə ürəyində sevgi işığı sönməyib. Sevgi işığı yanırsa, pərvanələr də olacaq. Mənim öz duam var. Üzümü göyə tutub demək istəyirəm ki, ay Allah, bu millətin ürəyinə sevgi, məhəbbət göndər - yuxarıdakılar aşağıdakıları əzməsin. Aşağıdakılar yuxarıdakılara paxıllıq eləməsin. Sağdakılar soldakılara xor baxmasın. Soldakılar sağdakılara şər atmasın. Birlikdə daşıyacağımız o qədər dərdimiz var ki. Hər halda bayramdı da. Bir-birimizi təbrik edək!

TƏQVİM / ARXİV