adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Mart 2020 21:17
24605
ELM VƏ TƏHSİL
A- A+

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri UNEC-də distant dərsləri izləyiblər

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvlərindən ibarət nümayəndə heyəti UNEC-də distant dərsləri izləyiblər.

Millət vəkili Etibar Əliyev, İctimai Şuranın sədr müavini Nadir İsrafilov, şuranın katibi, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov, professor Hikmət Əlizadə və Mayis Əliyevin təmsil olunduğu nümayəndə heyəti öncə UNEC Eksterndə tibbi-profilaktik müayinədən keçiblər.

Sonra UNEC-in rektoru, professor Ədalət Muradov İctimai Şuranın üzvlərini distant dərslərin keçirildiyi auditoriyalarla tanış edib. Qonaqlara UNEC Ekstern barədə ətraflı məlumat verilib. Bildirilib ki, mərkəz 14 nəfərlik heyətlə 20 min tələbəyə distant təhsil vermək imkanına malikdir. Martın 12-dən start verilən distant dərslərdə gün ərzində 9200 tələbəyə azərbaycan, rus, ingilis və türk dillərində dərslər tədris olunur. Şura üzvləri dərsləri canlı olaraq izləyiblər. Distant tədrisin beynəlxalq standartların tələblərinə cavab verdiyindən məmnunluqlarını ifadə edən şura üzvləri, tələbə-müəllim arasında interaktiv dərs mühitinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıblar.

Şura üzvləri inzibati otaqlara baxış keçiriblər. Müəllimlərin asudə vaxtlarının səmərəli təşkili, texniki dəstək, eləcə də digər otaqlarla tanış olublar.

Sonda Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri universitetdə tətbiq olunan distant tədrisi alqışlayaraq, bunu Azərbaycan ali təhsilində mütərəqqi bir yenilik kimi qiymətləndiriblər.