adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Mart 2020 12:13
11984
MƏMLƏKƏT
A- A+

FAİQ QİSMƏTOĞLU: METRODA KORONAVİRUS OLSA…

Bu böyük təhlükə ilə bağlı ölkəmizdə qabaqlayıcı tədbirlər həyata keçirilir. Hətta Nazirlər Kabinetinin qərarı ilə qərargah da yaradılıb və bu qərargah koronavirusla qarşı mübarizədə önəmli əhəmiyyət kəsb edir. Bütün bunlar alqışlanmalıdır. Ən azından ona görə ki, Avropa ölkələrində daha gec bu virusa qarşı profilaktik tədbirlər görülməyə başlanılıb. İtaliyadakı vəziyyəti gözümüzün qabağına gətirəndə aydın olur ki, bu ölkədə təhlükəli virusun yayılmasına barmaqarası yanaşıblar və indi də onun qarşısını ala bilmirlər. Çünki Çindən sonra İtaliyada koronavirus daha güclü alovlanıb.

Şükürlər olsun ki, ölkəmizdə bu problem ilk gündən dövlətin nəzarətindədi və bayaq dediyimiz kimi, bütün qabaqlayıcı tədbirlər görülür. Məktəblərin, universitetlərin və digər təhsil ocaqlarının mart ayının 28-dək bağlanması buna dəlalət edir ki, bu virusun təhlükəsi böyükdür və ondan xilas olmağın yeganə yolu kütləvi yerlərdə olmamaqdır. Artıq martın 16-dan Azərbaycanda toy və yas mərasimlərinin keçirilməsi də qadağan edilib. Təbii ki, bütün bu qabaqlayıcı tədbirlərlə əhali razılaşıb və özünü təhlükəli virusdan qoruyur.

Virusun yayılma təhlükələrindən biri də ictimai nəqliyyatdır, yəni avtobuslar və metrolardır. Heç kimə sirr deyil ki, bir çoxları hətta qrip infeksiyasına yoluxanda belə evdə qalmır, avtobusda və metroda harasa gedir. Və üstəlik də onlar heç maskadan da istifadə etmirlər. Bax, bu çox böyük təhlükədir. Və koronavirusun ən çox yayılma ehtimalı elə metrodadır. Çünki metrodan gün ərzində iki milyondan çox sərnişin istifadə edir. Bu isə o deməkdir ki, koronavirus təhlükəsi bu yerlərdə daha çoxdur.

Bizim belə bir təklifimiz var: bəzən görürsən ki, metro stansiyalarında möhkəm öskürən və asqıran sərnişinlər olur. Bax, həmin sərnişinlər ya maska taxmalıdırlar, ya da nəzarətçilər tərəfindən ordan uzaqlaşdırılmalıdırlar. Üstəlik yaxşı olardı ki, bütün metrostansiyaların girəcəyində sərnişinlər yoxlamadan keçirilsin və onlarda hər hansı təhlükəli virus aşkar edilərsə metroya buraxılmasınlar. Düzdür, bunu həyata keçirmək o qədər də asan deyil. Ancaq bizim fikrimizcə, toylardan da, yaslardan da öncə, insanlar metroda daha çox olurlar. Yəni əhalinin ən çox hərəkət etdiyi yer elə metro stansiyalarıdır. Şükürlər olsun ki, koronavirus ölkəmizdə hələ yayılmayıb. Bizim fikrimizcə, bu qabaqlayıcı tədbirlərin gerçəkləşdirilməsi həmin təhlükəni vaxtında aradan qaldırar və digər insanların bu virusa yoluxmasına imkan verməz.

Bununla yanaşı, başqa bir addım da atmaq olar. Yəni metrodan istifadə edən xəstə insanlar birmənalı olaraq maska taxmalıdırlar. Əgər kimsə asqırıb-öskürürsə və maska taxmırsa, elə onu həmin an stansiyadan uzaqlaşdırmaq lazımdı. Bu cür addımlar digərlərinə də dərs olar və əhali metroda bu virusdan özünü qoruya bilər. Təki bu qabaqlayıcı addımlar metro stansiyalarında tezliklə atılsın!