adalet.az header logo
  • Bakı 13°C

Aqşin Yenisey: Olan yenə kasıb-kusuba olacaq

20640 | 2020-03-18 09:13
Gecə Hindistanda yaşayan dostumla danışıram. Zarafatımız var; yazdım ki, sən niyə koronavirusa görə narahatsan, həyətdən bir balon inək təzəyi yığ, at soyuducuya, hər səhər ac qarına bir qaşıq qoy dilinin altına, hindlilər deyir, virusun dərmanıdır. Yazdı ki, hocam, sən nə danışırsan, məndə o qədər pul nə gəzir? Burada hər inəyin təzəyi dərman deyil, xüsusi müqəddəs inəklər var ki, imkanlı nəsillərin həyətində bəslənən, yalnız onların təzəyi dərman hesab olunur. İndi o inəklərin varlı sahibləri də həyətlərindəki müqəddəslərin təzəyini od qiymətinə satırlar. Yerli əhali bu yaxınlarda bahalaşacaq həşiri ilə dollara dəyişdiyi rupilərini yenidən rupiyə çevirib bu dəfə koronavirus həşiri ilə o inəklərin imarətinə axışırlar. Hətta buralarda saxta müqəddəs təzək alverçiləri də peyda olub ki, bu ağır günlərdə avam milləti qazlayırlar.

Yazır ki, hocam, burada müqəddəs inəklər nəsildən-nəsilə ötürülür. Yəni inək sahibi öldükdə mal-mülkü, irsi titulu oğluna, qızına ötürüldüyü kimi, müqəddəslik də inəkdən buzova ötürülür və beləliklə, kasta sistemi öz dayanqılığını qoruyur. Təzək satanlar olur Şivanın dil-dodağından yaradılan seçilmişlər, təzək alanlar isə olur Şivanın atılan dırnaqlarından yaradılan şudralar, paryalar. Və inək müqəddəsliyi üzərində qurulan bu inanc minillərdir ki, bu cür davam edir.

Bunu düz deyir, çünki meyitlərin yandırıldığı Varnava şəhərində də beş-altı min ildir müqəddəs od satan nəsillər var ki, odun kəşfindən bu yana ocaqlarını sönməyə qoymayıblar və meyitlərini yandıranlara müqəddəs od satırlar. Hər odla yandırılan ölü də cənnətə düşmür. Rəhmətliyi cənnətə düşsün deyə yalnız müqəddəs odla yandırmalısan ki, buna da ancaq imkanlı ailələrin pulu çatır. Kasıb-kusub öz atalarını nöyütlü təzəklə bir az hissə verib atırlar Qanq çayına, o dünyada hara düşər-düşər, allaha təvəkkül!

Koronavirusun bir işi yaxşıdır ki, varlı-kasıb tanımır. Arzu edək ki, milli-mənəvi dəyərlərimizin ana vətəni olan qardaş ölkədə müqəddəs inək sahibləri koronavirusla sınağa çəkilməsinlər, yoxsa müqəddəs təzəyin hamısını basıb özləri yeyəcək, olan yenə kasıb-kusuba olacaq.

TƏQVİM / ARXİV