adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
15 Mart 2020 14:00
10425
SAĞLAMLIQ
A- A+

Koronavirusdan qorunmaq üçün ƏLLƏR NECƏ YUYULMALIDIR?

Əllərin yuyulması özünüzü və ailənizi koronavirusdan qorunmaq üçün ən yaxşı vasitədir.

Qida ilə yoluxan xəstəliklər çox vaxt çirklənmiş əllərlə yaranır. Əllərin təmiz yuyulması qida yolu ilə yoluxan xəstəlik və digər infeksiya riskini azaldır.

Əllər nə zaman və necə yuyulmalıdır?

İnsanların yoluxma və ya xəstəliyin yayılma təhlükəsinin olduğu vaxtlarda əllərin yuyulması zəruridir. Özünüzün və ətrafınızdakıların sağlamlığı üçün aşağıdakı hallarda əllər yuyulmalıdır:

 Qida ilə təmasdan və yeməklərin hazırlanmasından öncə, sonra və yemək
hazırlama müddətində;
 Qidalanmadan öncə;
 Qusma və ishal kimi əlamətlər olan xəstə ilə təmasdan öncə və sonra;
 Yaraların və ya kəsiklərin müalicəsindən öncə və sonra;
 Sanitar qovşağa girib çıxdıqdan sonra;
 Uşaqların bezini dəyişdikdən və uşaqları sanitar qovşağa apardıqdan sonra;
 Burnunuzu təmizlədikdən, öskürdükdən, asqırdıqdan sonra;
 Heyvan, heyvan yemləri və heyvan tullantıları ilə təmasdan sonra;
 Tullantılarla təmasdan sonra.

Qida sektorunda çalışan şəxslər əllərini yumalıdır:
 işə başlamazdan əvvəl;
 istehlaka hazır və ya bişirilmiş qidanın istehlakından əvvəl;
 çiy qida məhsulunun emalı və hazırlanmasından sonra;
 qida tullantılarının emalından sonra;
 təmizlik işlərindən sonra;
 sanitar qovşaqdan istifadədən sonra;
 asqırma və öskürmədən sonra;
 qida və içki istehlakından və siqaret çəkdikdən sonra;
 pulla təmasdan sonra.

Əllərin düzgün qaydada yuyulması üçün 5 qızıl qayda:

1- Əllərinizi dözülə bilən qədər isti axar su ilə isladın

2- Əllərinizi sabunla birlikdə ovuşdurun. Barmaq aralıqlarını və dırnaqların arasını
yaxşı sabunlayın;
3- Sabunlu əllərinizi ən azı 20 saniyə ovuşdurun;
4- Əllərinizi axar suyun altında yaxşı durulayın;
5- Əllərinizi təmiz salfetlərlə (ictimai yerlərdə birdəfəlik istifadə üçün nəzərdə
tutulmuş dəsmalla) və ya hava ilə qurudun.
Sabun və ya su istifadəsi mümkün olmadıqda, 60%-li spirt tərkibli dezinfeksiyaedici məhlullardan istifadə edilə bilər.

Bu məhlulların sürətli şəkildə əllərdəki bakteriyaları azaltmasına baxmayaraq,
 bütün bakteriyaları məhv edə bilmir;
 əllərin çirkli olmağı məhlulun effektivliyini azaldır;
 pestisid və ya ağır metalları təmizləmir.

Əllərin gigiyenasına, həmçinin dırnaqların təmizlənməsi və kəsilməsi də aiddir.
Dırnaqlarda çirk və mikroblar infeksiyaların yayılmasına səbəb olur. Dırnaqlar qısa olmalı,
arası su və sabunla təmiz yuyulmalıdır. Dırnaqlara qulluq etməzdən əvvəl bütün
avadanlıqlar (dırnaq kəsən və cilalayan vasitələr) müvafiq qaydada təmizlənməli,
dezinfeksiya və ya sterilizasiya olunmalıdır.
Dırnaqlarda mikrob və infeksiyaların yayılmasının qarşısının alınması məqsədilə
aşağıdakı qaydalara əməl edilməlidir:
 Dırnaqlar qısa saxlanmalı və tez-tez kəsilməlidir.
 Hər dəfə əllər yuyulmazdan öncə dırnaqların altı sabun və su ilə (və ya dırnaq üçün
fırça ilə) təmiz yuyulmalıdır.
 İstifadədən öncə dırnağa qulluq vasitələri təmizlənməlidir.
 Dırnaqların dişlənməsi yolverilməzdir.
 Kutikula qatının zədələnməsi arzuolunmazdır, çünki kutikula infeksiyanın qarşısını almaq üçün baryer rolunu oynayır.