adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
14 Mart 2020 18:45
10865
GÜNDƏM
A- A+

Bakıda manatın saxtalaşdırılması halları artıb

Mart ayında Bakıda saxta əskinasların dövriyyədə olması halları çoxalıb.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Martın ilk günlərində paytaxtda ən azı dörd belə fakt qeydə alınıb.

Belə ki, martın 3-də Suraxanı rayonunun Hövsan qəsəbəsində naməlum şəxs mağaza sahibi Teymur Abdulkərimova (1974-cü il təvəllüdlü) saxta 100 manat ödəyib.

Bu faktla bağlı 30-cu Polis Bölməsinin əməkdaşları tərəfindən heç kim tutulmayıb.

Martın 4-də Qaradağ rayonundakı "Sədərək” ticarət mərkəzində Ceyhun və İlham adlı şəxslər Ə.Əskərova saxta 200 manatlıq əskinasla hesabı ödəyiblər.

Elə həmin gün Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində "Araz” marketdə alıcı saxta 20 manatlıq əskinas ilə ödəniş edib.

Martın 8-də, Nizami rayonundaBabək Abdullazadə Samir adlı bir tanış tərəfindən aldadılıb. Sonuncu ona iki saxta 100 manatlıq əskinas ödəyib.

Cinayət 24-cü Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırılır.

Adının açıqlanmasını istəməyən hüquq-mühafizə orqanının əməkdaşının dediyinə görə, ələ keçirilən bütün əskinaslar rəngli printerdən istifadə olunmaqla hazırlanıb. Belə bir saxta pulu tanımaq asandır, yalnız diqqətlə nəzərdən keçirmək kifayətdir.

Ekspert bildirib ki, əksər hallarda fırıldaqçılar kiçik mağazalara və yanacaqdoldurma məntəqələrində saxta puldan istifadə edirlər.

Xatırladaq ki, ötən ilin sonunda Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında Mərkəzi Bankın saxta pulla mübarizə sahəsində Daxili İşlər Nazirliyi ilə sıx əməkdaşlıq etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanda saxta pul çox deyil və bu göstərici digər ölkələrə nisbətən daha aşağıdır.

Manat olduqca yaxşı qorunur və bu amil saxta pulun geniş miqyasda yayılmasına mane olur.

Qeyd etmək lazımdır ki, saxta pulların yayılması problemi təkcə Azərbaycan üçün deyil, digər ölkələr üçün də aktualdır.