adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
13 Mart 2020 19:38
20580
SİYASƏT
A- A+

Bakıdakı proseslər qardaş ölkədə maraq doğurur - Deputat

Türkmən və Azərbaycan xalqlarının eyni etnik kök, mədəniyyət və dinə mənsubluğu hər iki ölkənin əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşamalarına, qarşılıqlı əlaqələrinin inkişafına zəmin yaradıb.

Bunu millət vəkili Naqif Həmzəyev qeyd edib.

O bildirib ki, xüsusilə son illərdə Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq, ikitərəfli münasibətlərin inkişaf dinamikası artan xətlə davam edib:

"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan-Türkmənistan əməkdaşlığında iqtisadi, humanitar, nəqliyyat və digər sahələrdə çox yaxşı nəticələr əldə edilib. Bu günlərdə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Bakıya rəsmi səfəri, səfər çərçivəsində dövlət başçılarının keçirdiyi görüşlərdə ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin bütün sahələrdə daha da inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi, əməkdaşlığın vacib istiqamətləri üzrə sazişlərin imzalanması ölkələr arasında əlaqələrin yüksək səviyyədə olmasının əyani təsdiqidir.

Ölkələrimiz arasında dostluq və mehriban qonşuluq münasibətləri iri enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi sahəsində də uğurlu olub. Aydın məsələdir ki, Azərbaycanla Türkmənistan arasında dostluq əlaqələri Mərkəzi Asiya, Xəzər, Qafqaz regionu üçün birbaşa əhəmiyyət daşıyır. Mərkəzi Asiyanı Qafqazla birləşdirən ən qısa və əlverişli yol Xəzər dənizi vasitəsi ilə Türkmənistandan və Azərbaycandan keçir. Beləliklə, bu ölkələr arasındakı dostluq münasibətləri sözügedən marşrutu istifadə edən region ölkələrinin yüklərinin rahatlıqla dünya bazarına ixrac edilməsinə, eləcə idxal mallarının ən qısa müddətdə və ən ucuz yolla daşınmasına imkan yaradır. Bu isə ölkələrin iqtisadiyyatına və əhalinin rifahına birbaşa təsir edən amil kimi özünü göstərir”.

Deputat qeyd edib ki, ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatlar, qeyri-enerji sektorunun inkişafı istiqamətində atılan addımlar, əldə edilən nəticələr hər zaman qardaş Türkmənistanın marağına səbəb olub:

"Eyni zamanda Türkmənistanın son illərdə keçdiyi inkişaf, quruculuq yolu ölkəmizin daim diqqət mərkəzində olub. Hər iki ölkə rəhbərlərinin qarşılıqlı etimadı, dostluq və qardaşlıq münasibətləri Azərbaycan-Türkmənistan dövlətlərinin əməkdaşlığına, əlaqələrin inkişafına geniş imkanlar açıb, hər iki dövlətin daha da yaxınlaşmasını zəruri edib”.(axar.az)