adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

BU DÜNYA ÇOX ETİBARSIZDI...

İRADƏ TUNCAY
56058 | 2006-12-16 04:52

Adətən insan hər hansı bir vəzifədə çalışanda onu tərifləyən də çox olur, mədhiyyə deyən də. Sonra işdən gedən kimi elə bil qurbağa gölünə daş atırsan. Görünür biz hələ bu mədəniyyəti özümüzdə formalaşdıra bilməmişik - Vətənə, millətə, dövlətə xidmət edən insanın vəzifəli-vəzifəsiz mahiyyəti eynidir, qiymətləndirməliyik. Sadəcə, vəzifədə olanda bu insanların hadisələrə nüfuz etmək imkanı çox olur. Vəzifəsini itirən insanlığını da itirmir ki? (Əgər əvvəldən bu insanlıq vardısa). Mən bu yazını iyun ayında yazmışdım. İndi Etibar Babayevin ad günü ərəfəsində mövzuya yenidən qayıtmağı lazım bildim. Hadisələrin inkişafı göstərdi ki, mən haqlıydım. Bu həftə ümummilli liderimiz Heydər Əliyevin xatirəsini andığımız günlərdə onun məktəbinə aid olan şəxslərin də bizə nə qədər lazım olduğunu anlayırıq. Ad gününüz mübarək, Etibar müəllim!
   
   Mən çox yaşamamışam. Amma nəyisə götür-qoy edib müəyyən bir nəticəyə gəlmək üçün az da deyil. Mən bilirəm ki, adam dediyimiz bu varlıqların, məxluqatların içində çirkab, pislik, xılt, kin-küdurət başqa keyfiyyətləri üstələyir. Mən bilirəm və bilə-bilə də heyrətlənməyimdə davam edirəm. Heç cürə öyrəşə bilmirəm ki, dünənə qədər qapısında oturub boynunu bükdüyün, qarşısında topuqlarına qədər əyildiyin şəxslərin taleyi bir möhür və imzanın hökmü ilə dəyişən kimi həmin adamcığazların bükülmüş boynunun qırışıqları bir neçə anlığa necə açılır, əyilmiş qəddi bir neçə anlığa necə düzəlir. Müəyyən vaxtdan sonra yenidən büküləcək və əyiləcək. Möhür və imza həmin o boyun bükdüyü qapıda yeni adamın adı asılmış lövhəni təsdiq edənə qədər.
   
   Heykəltəraşlıqda məşhur abidələr var. Deyək ki, azadlığa qoyulmuş, ədalətə qoyulmuş. Azadlıq ilahəsinin əlində məşəl var - azadlıq işıqdı. Ədalət ilahəsinin gözləri bağlıdı - və əlində tərəzi var. Bu da gözləri kor ədalətin nə dərəcədə ədalətli olacağının göstəricisidir. Əbədi dəyərlərin abidə-simvol olması çox təbiidir. Amma bəşəriyyətin can atdığı bir dırnaqarası "dəyər" də var ki, sənətkarlar bunu niyə unudublar, anlaya bilmirəm - mənsəbpərəstlik, vəzifə eşqi. Bu bəlkə insanların şövqlə, həvəslə yol getdiyi ən narahat cığırlardan biridir. Bu həvəsə niyə bir simvol fikirləşməyiblər? Mənim heykəltəraşlıq, rəssamlıq qabiliyyətim olsaydı mütləq bu eşqin konturlarını müəyyən hala salıb nə isə bir görüntü yaratmağa çalışardım. Və bütün vəzifə-kabinetlərin qarşısında qoyardım. Bu heykəlinmi, abidəninmi dəyişməz elementi isə həmin o boynu, qəddi bükülmüş adamcığazların obrazları olardı. Vəzifə adamı da həmin heykələmi, fiquramı baxıb bir anlıq düşünərdi ki, qəddi bükülmüşlər onun özünü yox, kabinetin qapısından asılmış lövhədəki adı sevirlər. Lövhədəki adlar dəyişən kimi onların məhəbbət, sevgi ünvanı da dəyişəcək. Yaltaqlar xoru hər yeni mənsəb sahibinə köhnə himni təzə interpretasiyada təqdim edəcək.
   
   Mənim içimdə vəzifəyə, kresloya, kabinetə bir qıcıq var. Bəlkə görə-görə gəldiyimdəndir ki, dünənə qədər çox yaxşı tanıdığımı düşündüyüm bir dost, yoldaş balaca bir kürsüdə özünə yer edən kimi, elə gözümün qabağındaca dəyişib. Dünənə qədər hörmət-izzətlə görüşən hansısa bir kabinetin kandarından keçən kimi kiprikləri ilə salamlaşıb. Mən bunları görmüşəm. Və həm də görmüşəm ki, vəzifədən gedən kimi necə ipəyə dönüblər, yenə dünəni xatırlayıblar. Meşin qapı dalında, işıqlı otaqda, gözəl masa arxasında əyləşən, hətta görkəmli şəxsiyyətlərdən misallar gətirib qarşısındakı adamı hipnoz edən bu müqəvvalara mənim insanlar siyahımda yer yoxdur. Hər şeyin nə qədər müvəqqəti olduğunu çox gözəl anlayıram və insanlara da nəçi olduqlarına görə yox, kim olduqlarına görə qiymət verirəm. Ancaq ən dəyərsiz varlığın insan olduğu bu cəmiyyətdə mənim nə fikirləşdiyimin önəmi yoxdur. Bunu bilə-bilə də fikirləşməkdə davam edirəm.
   
   Mən çox gözəl anlayıram ki, hansısa yüksək kürsüdə oturub hamıya qarşı eyni dərəcədə ədalətli olmaq mümkün deyil. İnsanlar arasında subyektiv münasibətlər mövcuddur. Və mənim Etibar Babayevə münasibətim də ola bilər belə yozulsun. Ancaq kim nə istəyir düşünsün, öz mülahizələrimdə səmimiyəm. Tanıdığım vəzifə adamlarının içində o, mənim üçün hər zaman istisna olacaq. O, mənim düşüncəmdəki qəlibləri sındırdı, içimdəki "mən"i yox. Təbii - mürəkkəb, ziddiyyətli bu adamın insanlara münasibəti də ziddiyyətliydi. Və mən onu ideallaşdırmaq fikrindən çox uzağam. Ancaq onun bəzi keyfiyyətləri var ki, indiyə qədər rastlaşdığım vəzifə adamlarında görmədim - Sözə hörmət, mənsub olduğu xalqın dəyərlərinə hörmət, zövq, qadınlara münasibətdə gözütoxluq. Güman edirəm ki, bu saydığım keyfiyyətlər saymadığım qüsurların üstünü qapayacaq. Hər hansı bir insanı çözələsən, o qədər qeyri-düzgünlük tapmaq olar ki. Burda müvazinətin hansı tərəfə meyllənəcəyi çox önəmlidir. Etibar müsbət adamdı və indi heç bir vəzifə sahibi olmayanda ürəklə deyirəm ki, həm də yaxşı təşkilatçı idi.
   
   Yaşadığımız bu məmləkətin öz gerçəklikləri, öz yazılmamış qanunları var. Süni şəkildə qütbləşdirilmiş bu ərazidə dövlətçiliyə sədaqətlə xidmət edən, həm də müstəqil düşüncəyə hörmətlə yanaşa bilən insanların sayı azdı. Dövlət təbliğatının necə qurulması, ideologiyanın necə istiqamətlənməsini şərtləndirən amillərdən biri də təbliğatı aparacaq vasitələrin üst məqamlarında oturacaq şəxslərdən asılıdır. Bu təbliğat necə gedəcək - yapma təriflərdənmi ibarət olacaq, yoxsa olub-keçmiş hadisələrin gözəl, professional təhliliyləmi şərh olunacaq? Bu mənada düşünürəm ki, Etibar kimi kadrlara bizim məmləkətdə ehtiyac çoxdur. İnsanlarla işləmək bacarığı, kimin-kim olduğunu dəyərləndirmək bacarığı təşkilatçı, inzibatçı üçün vacib şərtdi. Amma hər kəsdə bunu görə bilirikmi? Bunun üçün də böyük məktəb keçmək lazımdı. Və Etibar Babayev Ümummilli Liderimiz Heydər Əliyev məktəbinin istedadlı nümayəndələrinin biridir. Mən istedad deyəndə idarəetmə istedadını nəzərdə tuturam və bu da elə bir vergidir ki, hər kəsə nəsib olmur. İclaslarda çığırıb-bağırmaq hələ rəhbərlik deyil, hər kəsi zora tabe eləmək olmur. Hər kəslə özünün anladığı dildə danışmaq lazımdır - Etibarın ən gözəl keyfiyyətlərindən biri budur. Soyuq baş, isti ürək və ən önəmlisi - anlamaq. Əgər sənə rəhbərlik edən adamdan anlayış görürsənsə, istər-istəməz ona tabe olursan, onun göstərişlərinə də hörmətlə yanaşırsan. Dünənəcən arxasınca xısınlaşanlar bu gün saçlarını yolurlar. Təbii, işçilərdən çox direktorlar və müavinlər olan yerdə yaradıcı insanlar üçün çox "münbit" zəmin olur. Bu çoxsaylı rəhbərliyin səndən nə istədiyini anlayana qədər səninki sənə dəyir. Ümumiyyətlə, içində "dahilik iddiası" olan adamları yaradıcı məkanlara yaxın qoymaq olmaz. Və televiziya elə orqanizmdir ki, yad cisimləri qəbul etmir.
   
   Beş il əvvəl mən inciyib, küsüb getdiyim teleməkana qayıdanda onunla rastlaşmasaydım, çətin bu aləmdə duruş gətirərdim. Nə isə yaza bilmək qabiliyyəti işin bir tərəfidi. Bu qabiliyyəti dəyərləndirmək və bunu efirə vermək cəsarəti isə əsas məsələdi. Bu beş ildə mən bir dəfə gözün üstə qaşın var sözünü eşitmədim. İnsan öz azadlığının dəyərini bu azadlığı itirəndə anlayır. Və mən şadam ki (boğazdan yuxarı söz deyil ha), mənim yaradıcılıq bioqrafiyamda Etibar Babayevin imzası olub. Nə isə kəskin bir söz deyəndə arxayın idim - o ordadı, məni qoruyacaq. Bəzən də olurdu ki, bəyəndiyi nəyə görəsə inzibati qaydada yox, adi insan kimi ikinci mərtəbədəki kabinetindən düşüb oturduğum otağa gəlib mənə təşəkkür edirdi. Bu da hər rəhbər yoldaşa xas xüsusiyyət deyil. Olurdu ki, ürəyimdə ondan inciyirdim də, amma sonra özlüyümdə nəyisə götür-qoy edib yenə özlüyümdə barışırdım da. Mən özümü də, ətrafımdakı adamları da dəyərləndirməyi bacarıram. Mən mətbuatın sıra nəfəriyəm, amma sıradan biri deyiləm. Çox incə mətləbləri anlayıram, amma anlaya bilmirəm ki, adamları əvəz eləyəndə nə üçün bacaranı bacarmayanla, peşəkarı qeyri-peşəkarla, yaxşını yamanla əvəzləyirlər? Əti atın qabağına qoyurlar, otu itin qabağına qoyurlar, mən bu məntiqi anlamıram. Təbii ki, vəzifə heç kimin boynuna biçilməyib, yonulmayıb. Amma elə məqamlar var ki, o yerlərdə çox ehtiyatlı olmaq lazımdır. Deyək ki, ideologiyada. Çox "kulturnı rusbaşlını" qoyarsan, xalqdan xəbəri yoxdu, xalqdan uzaqdı. Əyalətdən gətirərsən, mədəniyyətdən uzaqdır, hər tərəfli ola bilənlərin sayı isə azdır. Və bu azları da boş-boşuna xərcləmək, səpələmək olmaz. Bilmirəm, bəlkə səhv edirəm. Amma dəqiq bildiyim bir şey var ki, yenə müdirim olsaydı, böyük vəzifədə olsaydı bu yazı yazılmayacaqdı. Çox ola bilər ki, sabah böyük bir masa arxasında otursun və münasibətlər dəyişsin. Ancaq yazımın əvvəlində dediyim kimi, vəzifəyə, kabinetə, bu kabinetin qarşısındakı lövhədəki adları sevən etibarsızlara həsr olunmuş fiqur-simvolları unutmasın. Bu dünya çox etibarsızdı, Etibar! Boş ver!..

TƏQVİM / ARXİV