adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

"Ortada qaldı" - Eminquey yazır

23959 | 2020-03-17 09:27

İşə gedirəm. Qəfil qarşımdan gələn adamla üzbəüz qaldıq. O sağa tərpənir, mən də sağa tərpənirəm. O sola tərpənir, mən də sola tərpənirəm. Bir, iki, üçüncüdə gördüm ki, bu çaşbaşlıq çox davam edəcək, dayandım. Əlimlə işarə etdim ki, keç!

Uşaq vaxtı oynadığımız "ortada qaldı” oyunu yadıma düşdü.

İndi hər şəhərə çıxışımda Bakının mənzərəsinə baxıb düşünürəm:

- Bu "Üç alov qülləsi”nin ətəyindəki el arasında "Şəhidlər məscidi” deyilən məscid necə sönük qalır.

Qədimyanəliklə müasirliyin ortasında qalmamısanmı, Bakı?

İllərlə "İpək yolu” rolu oynamaq yormadımı səni?

Şimaldan küləyinimi çox sevirsən, yoxsa cənub?

Gecəqondularınmı doğmadı, villalarınmı?

Sənin sağlığına da az içmədi adamların.

Əllərində araq rumkası, "Allah bu şəhəri bizə çox görməsin, bunu da içək Bakımızın sağlığına!” deyib içdilər şərəfinə.

20 yanvar günü "Şəhidlər xiyabanı”nının aşağı küçəsində, insanların qayıtdığı yerdə sırayla düzülüb dilənən adamlarını gördünmü?

Kimlərinsə matəm günü, kimlərinsə çörək bayramı...

Bir yanda əynində üç ölçü böyük olan kostyum, ayağında şişburun ayaqqabı olan, bir yanda da cins, sport ayaqqabı geyinmiş kişilər...

Biraz da gedəndən sonra qarşımdan iki qız gəlib keçir. Biri hicablı, əyni tamamən qapalı, o birisi isə çəhrayı saçlı, mini, açıq-saçıq geyinmiş qız. Həmişə bu həmrəylik məni düşündürüb və bəzən də sevindirib.

Gah yəhudi soyqırımına ağlamışıq, gah da fələstinlilərin ölümünə.

Gah özümüzə müsəlman demişik, gah da türkçü.

Gah mühafizəkar olmuşuq, gah da tolerant.

Ailə quranda da ortada qalan biz olmadıqmı? Ailəmizlə sevdiyimizin arasında...

Getdik, ən murdar işlərin yaxasından yapışdıq, qucaqladıq, qardaş dedik.

Getdik, gördük ki, birini haqsız yerə təkləyib döyürlər, susduq, nəyimizə lazımdı.

Getdik, şəhərin ən bahalı pozğunlarına pul xərclədik.

Getdik, bütün çirkablara batdıq və sonra gəlib əlimizi, üzümüzü sabunla yuyub təmiz qızlar axtardıq evlənməyə.

Xirtdəyəcən mikroba batıb əl-üzümüzü sabunla yuduq ki, virusa yoluxmayaq.

Tutaq ki, virusa yoluxmadıq, bəs, özümüz həqiqətən təmizikmi?

Bütün bu murdarlıqlarla yanaşı namus dağarcığını çevrilmək arasında qalmaq yormadımı bizi?

Qadına başımızın tacı dedik, cənnət anaların ayaqları altında dedik, amma yəhudilərin adət-ənənəsinə sadiqliyimizi sübut etdik.

Elə davrandıq ki, elə bil qadın Adəmə köməkçi kimi dünyaya gəlib. Pis vərdişlərdən uzaq olması üçün kişinin qabırğasından yaradılıb. Qadının vəzifəsi yalnız ev işləri görmək, kişinin istirahətini təmin etmək üçündür.

Bircə Safarad yəhudiləri kimi "Selo asani işa” duası etmədik. Yəni Allaha qadın kimi gəlmədiyimiz üçün şükür etmədik. Bircə bu qaldı...

Biz həm də xristianlar kimi davrandıq. Qəbul etdik ki, qadının başında kişi, kişinin başında Məsih, Məsihin başında Tanrı dayanır. Kişiyə Tanrı azadlığı verdik, bir növ kişini Tanrılaşdırdıq.

Müsəlmanlar kimi qadına alma gözüylə baxdıq, günahkar onlardır dedik.

Sonra da qadınlar bizim ən ali dəyərimizdir dedik...

Niyə ortada qaldıq?

Və niyə bu qədər ortada qalmışlığın içində heç vaxt "qızıl orta”nı tapa bilmədik, ortaq məxrəcə gələ bilmədik?

Həmrəyliyimiz nə üçündür?

Bircə bu dəqiqdir...

Ortada qaldıqca lap uşaqlıqdakı kimi – o topla bizi vurub yıxacaqlar.

Və bir gün qalxa bilməyəcəyik...

TƏQVİM / ARXİV