adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
12 Mart 2020 18:00
11026
GÜNDƏM
A- A+

AŞPA Prezidenti Sahibə Qafarovanı Milli Məclisin Sədri seçilməsi münasibətilə təbrik edib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Rik Daems deputat Sahibə Qafarovaya VI çağırış Azərbaycan Milli Məclisinin Sədri seçilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təbrik məktubunda deyilir:

"Hörmətli xanım Sədr!

Sizin Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçilməyiniz xəbəri məni qəlbən sevindirdi. Bu münasibətlə Sizi Avropa Şurası Parlament Assambleyası adından ürəkdən təbrik edirəm!

Fəxr edirəm ki, Parlament Assambleyamızın üzvü belə mühüm vəzifəyə seçilib. Əminəm ki, Sizin bilik, təcrübə və peşəkarlığınız yeni və məsuliyyətli fəaliyyətinizdə faydalı olacaqdır. Siz bizim Assambleyanın həmişə ən fəal üzvlərindən biri olmuşsunuz. Xüsusilə, miqrasiya və gender bərabərliyi ilə əlaqəli məsələlərdə fəal iştirakınız hamı tərəfindən yüksək qiymətləndirilmişdir. Sevinc hissi ilə yanaşı, digər tərəfdən bizləri tərk etdiyiniz üçün təəssüflənirik. İnanıram ki, Sizin Sədr seçilməyiniz Milli Məclislə Parlament Assambleyası arasında əlaqələrin daha da möhkəmlənməsinə öz layiqli tövhəsini verəcəkdir.

Bildiyiniz kimi, mən özüm də bir müddət əvvəl Avropa Şurası Parlament Assambleyasının Prezidenti seçilmişəm. Fürsətdən istifadə edərək, vurğulamaq istəyirəm ki, səlahiyyətim müddətində bütün qitədə birlik və əminamanlığı gücləndirmək, Parlament Assambleyası ilə milli parlamentlər arasında münasibətləri yeni səviyyəyə qaldırmaq, Avropa Şurası dəyərləri naminə quruma üzv ölkələrlə daha fəal əməkdaşlıq etmək üçün yorulmadan çalışacağam. Bu missiyanı həyata keçirmək üçün quruma üzv 47 dövlətin və onların milli parlamentlərinin dəstəyinə ehtiyacım olacaq. Məhz bu səbəbdən Avropa Şurasına üzv olan hər bir dövlətə səfər etməyi nəzərdə tuturam. Sizinlə səmimi əməkdaşlığımıza inanıram. Ümid edirəm ki, tezliklə Bakıda görüşmək imkanımız olacaqdır.

Milli Məclisin Sədri kimi mühüm vəzifəni uğurla yerinə yetirməkdə Sizə müvəffəqiyyətlər diləyir və bir daha təbrik edirəm!”