Müharibələr məğlubu - Səddam Hüseyn
Dünya tarixinə öz qərarları ilə iz qoyan Iraq lideri Səddam Hüseynin devrilməsindən 17 il ötür.
Budur, sinəmizi canavarlara açırıq
Və canavarın önündə titrəmədən
Öhdəsindən gəldik ən çətin meydanlarda
Inşallah, bunların da hesabın verərik
Necə dayanarlar belə bir gərginliyə.
Xalqım, sizi üz üstə buraxmadıq
Bütün fəlakətlərdə lider yenə partiyamdır.
Ruhumu sizin və partiyam üçün fəda edirəm
Çətin günlərdə qan ucuzdur.
Hücum edərkən nə diz çökər, nə də baş əyərik
Yenə də qürurlu davranarıq düşmənimizə.
Səddam Hüseyn
(ölmədən öncə yazdığı şeir)
Səddam:
"meydan oxuyan”
Bir çox yaşıdı kimi onun da qəhrəmanı ərəb milliyətçiliyinin atası, Misirin əfsanəvi
lideri Cəmal Əbdül Nasir idi. Onun
ortaya çıxmasıyla 50 və 60-cı illərdə yaxın şərqin monarxiyaları çat verəcək,
xüsusilə ingilis və fransız müstəmləkəçilərinə qarşı Süveyş böhranında mübarizəsinə
görə yaxın şərq siyasətinin əsas daşı olacaqdı. Həmin il Səddam Sosialist Baas
Partiyasının İraq qoluna yazılacaqdı. Partiya 1950-ci illərdə gizli
yaradılmışdı və ölkənin yaxın gələcəyinə öz möhürünü vurmağa hazırlaşırdı. Hər
nə qədər adında sosialist kəliməsi olsa da Səddamın əsl diqqətini çəkən
partiyanın ərəb dünyasında qərb müstəmləkəçiliyini bitirməyi hədəfləyən millətçi
üzü idi. Ingilislərin tabeçiliyində olan monarxiyanı devirmək istəyənlərin
sırasına qatılmaqda gecikmədi. Nəhayət, istədikləri oldu. 1958-ci
ildə general Əbdül Kərim Qasımın liderliyi ilə generallar kral Faysalı devirdi.
Monarxiya devrilmiş və Qasım da baş nazirliyə gətirilmişdi. Lakin Baasçıların
yeni hökümətlə problemləri var idi. Çünki Qasım o vaxtlar dəbdə olan ərəb millətçiliyindən
uzaq durur, daha çox Sovet imperiyasına könül verirdi. Bu vəziyyətdən narahat
olan qərb qiyamçı generalı devirmək üçün Baas-çılara həm daxildən, həm də xaricdən
kömək etməyə gecikmədi.
Baas-çılıq nədir?
Baas-çılıq ərəb millətinin tək bir millət olduğunu, imperializm tərəfindən süni
şəkildə bölündüyünü və tək bir ərəb dövləti yaratmağı hədəfləyən ideologiyadır.
Keçmişdə Baas partiyalarının hakimiyyətdə olduğu Misir, Suriya və İraq arasında
belə bir Birləşmiş Ərəb Respublikası yaradılmağa çalışılsa da bu danışıqlar
uzunmüddətli olmadı. Millətçi və müasir olmasına baxmayaraq Səddam İslam dinini
də zaman-zaman qoluna taxmağa çalışmışdır. Baasçılar ərəb millətçiliyi ilə
İslamın eyni şey olduğunu iddia edirdilər.
Qiyamçıların
köməkçisi oldu
Səddamın partiya daxilindəki fəaliyyəti rejimin gözündən qaçmadı. Bir müddət həbsxananın
da dadına baxmalı oldu. Amma ağıllanmamışdı. Həbsdən çıxan kimi Qasımı devirən
planın baş rollarından birini oynadı. Hadisələr zamanı qıçından aldığı güllə
yarası ona etirazların hədiyyəsi olacaqdı. Canını qurtarsa da Misirə qaçmaq məcburiyyətində
qaldı. Haqqında verilən qiyabi ölüm cəzası onun ardınca gəlirdi. 1963-cü ildə
Ramazan qiyamı ilə Baasçılar Amerika məxfi xidmətinin köməyi ilə Qasımı
devirdikdən sonra Səddama da İraqın qapısı təkrar açıldı. Bu qarışıqlıqda Əbdül
Səlam Arif baş nazir oldu. Gənc Səddam oyundan ayrılmamağı bacarmışdı. Lakin ərəb
və İraq millətçiliyi arasında qalan partiya regionçuluq məsələlərinin də ortaya
çıxmasından sonra parçalanma nöqtəsinə gəldi. Partiya içi mücadilələrin birinin
nəticəsində Səddam yenə həbsə düşmüş, lakin bir müddət sonra yenə canını
qurtarmışdı.
Bir qiyam daha və Səddam vitrinə çıxır
Həmin vaxtlarda İraqa heç bir qiyamı bəyəndirmək olmurdu. 1968-ci ildə bu dəfə
qiyamla hakimiyyətə Əhməd Həsən Əl Bəkir gəldi. Işin çətinliyini görən və
ustalarının yanında yetişən Səddam da köməkçisi olmuş, hüquq təhsilini yarımçıq
qoymuş və Daxili Təhlükəsizlik Təşkilatının rəhbərliyinə gətirilmişdi. Partiya
daxilindəki çəkişmələrdə özünü qorumağı bacaran Səddamın aldığı ən böyük dərs
heç bir zaman partiya daxilində əks mövqeli səslərə yer verməmək idi. Bunu
ağlından çıxartmayacaqdı. Hər nə qədər səhnədə Əl Bəkir olsa da Səddam arxa
planda gücünü get-gedə artıracaq və rejimin vətəndə və xaricdə görünən əsas üzü
olacaqdı.
O gündən sonra iraqlılar Səddamın adını daha tez-tez eşidəcəkdi.
Kimin əli kimin cibindədir, bilinmir
Qiyam komandanlığı qurumuna rəhbər seçilməsiylə birlikdə Səddamın karyerası da
yüksəlməyə başladı. Iraq (eynilə bu günlərdə olduğu kimi) həmin günlərdə kimin əlinin
kimin cibində olduğunun bilinmədiyi bir diyar idi. Sünni ərəblər, şiə ərəblər,
türkmənlər, xristian assurlar və kürdlərdən ibarət bir ölkə olan İraq bu
qruplar arasındakı ixtilaflara görə partlamağa hazır olan bomba kimiydi. Etnik
gərginliklərdən, məzhəb ixtilaflarına kimi hər kəs hər kəsdən narazı idi. Bunda
da təbii ki, I dünya müharibəsindən sonra hakim güclər tərəfindən hər hansı bir
kriteriya gözlənilmədən İraqın gələcək planlara uyğun yaradılmasının payı böyük
idi. Baas hökümətinə və Səddama dəstək özünün də mənsub olduğu və daha çox ölkənin
mərkəzi bölgələrində yerləşən sünni ərəblərdən gəldi. Onlar millətçi idi və
İraqın müasir bir dövlətə çevrilməsini istəyirdilər. Yalnız bir qüsurları var
idi: ölkənin sadəcə 15%-ni təşkil edirdilər. Səddam kürəyini azlığa söykəmişdi.
Səddamın göz qamaşdıran həmlələri
Ölkədə siniflər arasındakı gərginliyin iqtisadi səbəblərdən olduğuna inanan Səddam
islahatlara başladı.
1973-cü ildə enerji böhranına görə raket sürətiylə artan neft pulları İraq xəzinəsi
ni doldurmuşdu, Səddam isə bunları ağıllı şəkildə investisiyalara yönləndirmişdi.
Iqtisadiyyatla birlikdə Baas partiyası da güclənirdi. Yaxın şərqdə ilk pulsuz təhsil
sistemini həyata keçirdi. Universitetə kimi olan təhsil pulsuz olmuş, İraq
xalqı qısa zamanda Yaxın şərqin ən savadlı toplumu halına gəlmişdi. 1972-ci ildə
Səddam milliləşdirmə həmləsiylə yeni iqtisadi islahatlara başladı. Həmin günlərdə
qaranlıq üzünü göstərməsinə heç də gərək qalmayan İraq lideri Yaxın Şərqin ən
inkişaf etmiş səhiyyə bazasını yaratdığına görə UNESCO tərəfindən
mükafatladırılacaqdı. 1970-ci illərdəki bu sürətli inkişaf Səddamın nüfuzunu
artırdığı kimi İraqı da diqqət mərkəzinə çevirdi. Ərəb ölkələrindən, Türkiyədən
və hətta Yuqoslaviyadan iki milyon əmək miqrantı İraqa gəlmişdi. Yaşananlar gözəl
günlər idi...
" Canını sevən səsini çıxarmasın qaydası” yaradılır
Inkişaf edən sadəcə ölkə iqtisadiyyatı deyildi. Ehtiraslı lider Baas daxilində
də ətrafındakı dəmir divarı möhkəmləndirirdi. Lakin mozaika bünövrəli ölkəni əldə
saxlamaq üçün təkcə islahatlar yetərli deyildi. Ona görə təzyiqdən istifadə etmək
də lazım idi.
Yaxın adamlarından Taha Yasin Ramazan 1974-cü ildən etibarən Respublika Mühafizəçilərinə
başçılıq etməyə başladı. Bunlar orduya nisbətən alternativ və yaxşı təhsil
görmüş birliklər idi. Adından göründüyü kimi respublikanın və Səddamın
qoruyucuları idilər. Gələcək illərdə müxaliflərin qorxulu röyası olacaq, hər
başını qaldıranın üstünə tank, vertolyot və kimyəvi qazla gedəcəkdilər. Amma bu
bəs etməzdi. Səddam bir başa üsyan edənləri deyil, yumşaq formada müxalifətçilik
edənləri də cəzalandırmalıydı. Buna cavabdeh isə İraqın yaxın keçmişinə damğa
vuracaq məxfi xidməti Muhaberat idi. Sui-qəsd və işgəncədən danışanda Yaxın şərqin
ən təcrübəli qurumu olduğunu söyləməyə belə ehtiyac yoxdur.
Səddam modernlik ideyasına sadiq ərəb liderlərindən idi. Bəlkə də ən öndə gələniydi.
Bu yöndə siyasəti İraqdakı şiə çoxluğunun etirazına səbəb olurdu. Baas
partiyası da şiələrin dikbaşlığından narahat idi. (Bu narahatlıq 1979-cu ildə
İran İslam İnqilabının ardınca bölgədə şiələrin təsirinin artmasıyla özünü daha
qabarıq göstərəcəkdi.) Şiələrdən başqa İraqın ikinci böyük etnik qrupu olan
kürdlər də Səddamın " müasir ərəbçi”liyindən narahat idi. Əslinə qalanda isə o
da onun siyasətinə olan bu narahatlıqdan narahat idi. Şikayətləri ortadan
qaldıra bilməsə də şikayətçiləri ortadan qaldıra bilirdi.
Dəmir yumruğu kürdlərin başına enir
Kürdlər 1974-cü ildə İranın dəstəyi ilə etirazlara başlayanda Səddamın dəmir
yumruğu başlarına enməkdə gecikmədi. Bir çox kürd şəhəri bombalanmış, 8 min
kürd yoxa çıxmışdı. Kürdlərin bir qismi çarəni İrana qaçmaqda gördü. Səddamın şəri
ilə qarşılaşanlar təkcə kürdlər deyildi. 80 min şiə də Baas terrorundan qaçaraq
İrana sığındı. Geridə qoyduqları mülkləri isə hökümət müsadirə etdi. Bir çox şiə
din adamı, siyasətçi Dava partiyasına mənsub olduqları iddiasıyla edam edildi.
7 min ətrafında kommunist də Baas terrorundan payını almaqdan qurtula bilmədi.
Bundan
sonra İraqda qanunun adı Səddam
Səddamın gizli liderliyi 1979-cu ildə rəsmiyyətə çevrildi. Həmin il Əl Bəkir
Baasçılıqla idarə olunan Suriya ilə görüşürdü. Bu görüşlərə əsasən iki ölkə
birləşəcək, Suriya lideri Hafiz Əsəd də birləşmiş dövlətin baş nazir köməkçisi
olacaqdı. Belə bir vəziyyətdə isə Səddam artıq olurdu. Bunu qəbul etməyə Səddamın
niyyəti yox idi. Əl Bəkir istefa verməyə məcbur edildi. Bu vəziyyətdə meydan tək
ona qaldı. Birləşmə ideyası dayandırıldı. Iqtidarı tam ələ alan Səddam dərhal
"təmiz”liyə başladı. Problem yarada biləcək yüzlərlə Baas üzvünün qarşısı
alındı.
Respublikanın rəhbəri, ali baş komandan, nə qədər önəmli vəzifələr varsa özünü
təyin etdi. Əl Bəkiri "İraqı Suriyaya təslim etməyə hazırlaşmaq” iddiasıyla
edam etdirdi. "Daxildə çoxlu düşmənlərimiz var və İraqın birlik, bərabərliyə
ehtiyacı var”-o vəziyyətdə lider ölkənin mənfəəti üçün hər şey edə bilərdi. Səddam
da bunu etdi. Iqtidarını möhkəmlətmək üçün Bəkir tərəfdarlarını da təmizlədi...
Liderimiz var, əfsanəsi hardadır?
Millətçiliyin kütlələr üzərində sərxoş edici təsirini kəşf etmək Səddam üçün
uşaq oyuncağı kimi bir şey idi. Bu işin də haqqını verdi. Ərəb dünyasında lider
olmaq istəyirdi və bununçün tarixi referanslardan bol istifadə etdi. Bağdadın hər
baxımdan paytaxtı olduğu Abbasilər dövrünə kimi səyahət etdi. Bu da bəs etmədi,
İslamdan öncə Mesopatomiya Hammurapisinə və Nebudkadnezara kimi tarixi rəylərini
uzatdı. Məqsədi pan-ərəbizm və İraq millətçiliyini bir ideyada əridərək bütün
yaxın şərq ərəblərinə qəbul etdirmək idi. Belə bir ideya üçün çalışan birinin əfsanələşdirilməsi
də lazım idi. Diktatorların "yanğında ilk istifadə olunacaq” vasitələrindən
olan "şəxsiyyət bütü yaratmaq” dərhal gerçəkləşdirilməyə başlandı. Milyonlarla
tablosu məktəbləri, minlərlə şəkli divarları, yüzlərlə heykəli meydanları bəzəməyə
başladı. Pulların üstündəki şəkli dövlət idarələri olmaqla, hava limanlarına
kimi iraqlıları süzürdü. Eyni zamanda İraq xalqının bütün təbəqələriylə
salamlaşmağı da unutmurdu. Bədəvi geyimləriylə çöldə yaşayan ərəblərin, poşu
taxaraq kürdlərin könlünü alır, qərb tipli geyimləriylə modern tərəfdarlarının
nəbzini tutur, cübbə geyinib namaz qıldığını göstərərək müsəlmanları aldatmağa
çalışırdı.
Xarici siyasətində praqmatik idi. 70-ci illərin əvvəlində bir çox silah və
maddi yardım aldığı SSRİ-dən uzaqlaşmış, 1978-ci ildən etibarən Amerikayla
dostluq əlaqələri qurmuşdu. Amma bu yaxınlaşma ona və İraqlılara çox baha başa
gələcəkdi.
Madəm
ki, bizimləsən, əlindən nə gəlsə...
Səddam qərbə könül verdikdən sonra əl üstündə saxlanmağa başlandı. Belə ki, bir
nüvə reaktorunu belə( bitər-bitməz israillilər tərəfindən bombalansa da)
fransızların köməyi ilə zənginləşdirib başa çatdırmışdı. Qərbin digər adamı
İran şahıyla aradakı ixtilafları aradan qaldırmışdı. Şah bunun qarşılığında
kürdlərə dəstək verməkdən vaz keçdi. Xomeyninin şahı devirərək İranı şiə
islamının qalasına çevirməsi qərbin və Səddamın bir qədər əl-qolunu bağladı.
Xomeyninin İraqdakı şiələri idarə edərək ətrafına yığacağından narahat olurdu.
Qərbin maraqları ilə Səddamın rahatlığı üst-üstə düşürdü. Digər tərəfdən
Xomeyni və Səddamın bir-birlərini sevmədikləri sirr deyildi. Xomeyni İraqda
sürgündə olarkən şahla Səddam anlaşdı və Xomeynini Fransaya yolladı.
Dünyanın
ən axmaq müharibəsinin memarı oldu
Güc sərxoşluğundan gözlərinə pərdə enən Səddam 17 sentyabr 1980-ci ildə dünya
tarixinə düşəcək bir işə imza atdı. Kameraların önünə keçərək şahla imzaladığı
müqaviləni cırdı. Iranı İraqın ərazi bütövlüyünə sistemli hücumlar etməkdə
günahlandırdı. Bu hadisədən beş gün sonra İraq təyyarələri İranı bombalamağa
başladı. Iraq əsgərləri də sərhədi keçərək İrana girmişdi. Döyüşlərin mərkəzində
Osmanlı tərəfindən idarəçiliyi İrana buraxılan neft bölgəsi Xuzistan dayanırdı.
Iraqlılar İranın buradakı kontrolunu heç zaman həzm edə bilməmişdilər. Səddam
İraqlılara İraqı Yaxın Şərqin ən güclü ölkəsi edəcəyini söz vermişdi. Buna görə
də heç də xoşlamadığı İrandan başlamışdı sonu olmayan macəraya.
Amerika, Avropa, SSRİ və Xomeynidən çəkinən digər ərəb dövlətlərinin liderləri
Səddamın tərəfini tutmaqda gecikmədilər. Səddam bir anda "Ərəb dünyasının
müdafiəçisi”, "Mədəni dünyanın Yaxın Şərq missioneri” olmuşdu. Açıq bir şəkildə
dövlətlərarası hüququ görməzdən gəlməsi Səddam sevənlərin vecinə də deyildi.
Pul və silah verdikləri kimi Səddamın həm( İranla əlaqədə olmaqda
günahlandırdığı) iraqlı kürdləri, həm də iranlı əsgərləri zəhərli qazlarla
öldürməsinə göz yumurdular. Kimyəvi silah texnologiyasını almanlar verirdi.
Dünya arxasında durdu, yenə da İranı məğlub edə bilmədi
Amerikanın bölgədəki jandarma mövqeyində olan şah rejiminin devrilməsi qərbin
duyduğu qəzəblə Səddamın gözlədikləri, kəskin müasirliyi və diktator sərxoşluğu
birləşəndə ortaya dünyanın ən qanlı, dağıdıcı və ağılsız müharibələrindən biri
olan İran-İraq savaşı çıxmışdı.
Səddam yeni qurulan Ayətullah rejiminə allergiya duyan Amerika başda olmaqla qərb
ölkələrinin dəstəyi ilə Xomeynini məğlub edəcəyini düşünürdü. Qərb əlindən gələn
dəstəyi verdi. Lakin Səddamın bir planı Bağdaddan geri dönəcəkdi. Iranlıların
ayağa qalxaraq şahı geri gətirəcəyini düşünürdü, amma yanıldı. Iraqın ilk mərhələdəki
üstünlüyü çox çəkmədi. Iranlılar ilk hücumun ardından yeni rejimin ətrafında
birləşdi və müharibənin son illəri İraq torpaqlarında keçdi. 1988-ci ildə
müharibə sona çatanda 1,5 milyon ölü və yerdə sürünən iki dövlət buraxmışdı. Hər
iki ölkənin neft istehsalı çökmüşdü. Iraq diktatorunun hesab səhvi ölkəsinə
baha başa gəlmişdi, amma bu hələ başlanğıc idi...
Müntəzəm
idman edərdi
Səddam sağlam qalmasına görə idmana borclu olduğunu bildirərdi. Ölkənin çox
yerində sarayları var idi. Amma suiqəsd qorxusundan iki gecə üst-üstə bir yerdə
qalmazdı. Gündə təqribən 4-5 saat yatan və saat üçdə yuxudan duran İraq
liderinin heç dəyişmədiyi vərdişlərdən biri də üzgüçülük idi. Bütün saray və mənzillərində
hovuz olan Səddam günə səhər idmanı edərək, ən azı yarım saat üzərək
başlayırdı. Hovuzların hamısı zəhərlənmə ehtimalına görə hər saat yoxlanılırdı.
Imic
üçün eynək taxmazdı
Edam ediləndə 69 yaşındaydı. Buna baxmayaraq olduqca gümrah görünürdü. Bunda
idman etməsiylə birgə bir sıra kosmetik hiylələri də var idi. Saç və bığlarını
boyayır, özünü yaşlı göstərməmək üçün oxumaq üçün lazım olan eynəkləri xalq
arasında taxmırdı. Çəkisinə diqqət yetirən İraq diktatoru həftədə ən azı iki
axşam balıq və dəniz məhsullarını yeyər, tərəvəz və meyvəni süfrəsindən əksik
etməzdi. Axşam yeməklərində yeməklə şərab içməyi sevdiyi söylənilsə də xalq
arasında spirtli içki qəbul etdiyi heç zaman görülmədi.
Sevdiyi filmlər: "Ata” ilə "Qoca və dəniz”
Iraq lideri daha çox bioqrafik və tarixi kitabları oxumağı üstün tutardı.
Amerika və İsrailə olan nifrətini əks etdirdiyi iki roman yazan Səddam hakimiyyətdən
devrilməmişdən öncə bir elmi roman yazdığını iddia edirdi. Rejimin
yıxılmasından sonra qərbə sığınan sözçüləri Səddamın hekayələrini danışaraq
diktafona köçürdüyünü, sonrasa onu romana çevirmək üçün sözçülərinə verdiyini
iddia etdilər. Televiziya ilə arası yaxşı olan İraq lideri ərəb kanallarından
başqa xarici xəbər kanallarını da izləyirdi. Suiqəsd, casusluq və siyasi
mövzulu filmləri xüsusilə izləyən Səddamın favorit filmləri isə Ata serialı və
Spencer Tracy-nin baş rol oynadığı " Qoca və dəniz” idi.
Qəribə
cinayət siyahısı var idi
Öz xalqına qarşı suiqəsd etməyə görə ittiham olunan ilk ərəb dövlətinin
prezidenti olan Səddamın olduqca ağır cinayət siyahısı var idi.
1991-ci ildə Səddam Hüseyn ABŞ-ın rəhbərliyi ilə dövlətlər arası birliklər tərəfindən
Küveytdən çıxarıldıqdan sonra İraqın cənubundakı şiə üsyanını qanlı şəkildə
yatırtdı.
1988-ci ildə İraq-İran müharibəsi ərzində (1980-88) İraq təyyarələri Halepçə üzərinə
zəhərli qaz tökdü. Bu bombardman dinc sakinlərə qarşı ən böyük qaz hücumu
olaraq tarixə keçdi. Çoxunu qadınlar və uşaqlar təşkil edən beş mindən çox kürd
öldürüldü, 10 min ətrafında kürd isə yaralandı.
1987-88-ci illərdə kürdlərin yaşadığı bölgələrdə və ölüm dəstələrinin gəzdiyi
kürd kəndlərində 100 min ətrafında insan öldürüldü.
Iraq-İran müharibəsində qərb mənbələrinin məlumatına görə bir milyon insan
öldü.
1990-cı ildə Küveyt 7 ay ərzində İraq ordusunun işğalında qaldı. Yüzlərlə insan
öldürüldü.
1983-cü ildə Bərzani aşirətinin 8 min üzvü məhv edildi.
1980 və 1999-cu illər arasında çoxlu şiə din adamı edam edildi.
Bir
macəradan digərinə qaçan çılğın
Səddam İranı talayacağı inamıyla çıxdığı yolda xaricə çox borclanmışdı. Ərəb
millətçiliyinin lideri olmaq istəyən adam borca görə ovurdları ağzına batan
tacirə çevrilmişdi. Üstəlik müharibədən sonra Xomeyninin və çox qorxduğu şiələrin
nüfuzu artarkən özü də sorğulanan birinə çevrilmişdi. 30 milyard dollar borcu
olduğu Küveytdən borclarının silinməsini istədi. Aldığı cavab yox idi. Madəm
ki, "Xomeynini məğlub etmədin, ödə görək” deyirdi Küveyt. Səddam bu dəfə neft
ölkələrindən istehsalı azaltmağı istədi. Artacaq neft qiymətləriylə borcunu ödəmək
istəyirdi, amma bir daha yox cavabı aldı. Üstəlik ən çox səsi çıxansa yenə
Küveyt oldu. Iraqın borc vermək vaxtını təxirə salmaq tələblərini də qəbul etməyən
Küveyt diktatorun özündən çıxacağını hesablamamışdı. Bu nöqtədə Səddam daha bir
hesablama səhvi etdi və güc diliylə danışmağa başladı. Iraq millətçilərinin 50
ildir dediyi " bu Küveyt bir zamanlar bizim bir parçamız deyildimi?” saqqızını
çeynəməyə başladı. Dadını sevmişdi. Əlinin altında hazır müharibə təcrübəsi
olan bir ordu da vardı. Ordunu Küveyt sərhədinə yığdı. Amma bu işə Amerika necə
münasibət göstərəcəkdi? Səddamın fikirləri qarışıq idi. SSRİ ilə ittifaqa girməsin
deyə kisənin ağzını açan və İranla müharibə etsin deyə 40 milyard dollar yardım
edən Amerika bu sadiq müttəfiqi Küveytə görə dəftərindən silərdimi? Qəribə
eşidilə bilər, amma o vaxtlar İraq Amerikanın ən çox yardım etdiyi 3-cü ölkə
idi. Və münasibətlərin o isti günlərində kimsənin indi də bilmədiyi bir görüş
keçirildi. Amerikanın İraqdakı səfiri April Catherina Glaspie ilə Səddam
görüşdü. Bu görüşdə tam olaraq nə danışıldığını kimsə anlamadı, amma Səddam "nə
edirsən et, biz qarışmırıq” mesajını almış olub ki, İraq qüvvələri 2 avqust
1990-cı ildə Küveytə girdi. Aləm qarışdı. Nəzarətdən çıxan bir diktator Küveyti
İraqın 19-cu vilayəti elan edərək bir anda dünya neft ehtiyatlarının 20%-nə
sahib olmuşdu.
Iraqlı liderin qısa zamanda mesajı oxuyarkən eynək taxmadığı bilinəcəkdi. Işğal
neft qiymətlərinin artmasına və dünya iqtisadiyyatının böhrana girməsinə səbəb
oldu. Soyuq müharibənin bitməsiylə Amerikanın qurduğu yeni dünya düzəninin Səddam
tərəfindən təhdid edilməsinə izn verilməzdi. Üstəlik, Səddam Küveytdən sonra
gözünü Səudiyyə Ərəbistana dikdiyini göstərən siqnallar göndərirdi. Heç kimsənin
sağı, solu bəlli olmayan bir adamı dünyanın ən zəngin neft yataqları üzərində
söz sahibi etməyə niyyəti yox idi.
Keçmiş dostları körfəz müharibəsində qollarını çırmaladı
Yaxın şərq neftindən aslı olan Qərb buna göz yuma bilməzdi. Amerikanın
liderliyi ilə qərb koalisiyası BMT izni ilə bir zamanlar İrana qarşı dəstəklədikləri
Səddamın İraqına qarşı qollarını çırmaladılar. Qərbə savaşını " Müharibələrin
anası” adlandıran Səddam tarixə `I körfəz müharibəsi` kimi keçən müharibənin
ardından ölkəsini və xalqını bir daha pərişan etdi. Qərb İraq ordusunu əzmiş, Səddamın
xəyal dünyası başına yıxılmışdı. 1991-ci ilin fevralında İraq ordusu Küveytdən
qovulmuş, bu müharibənin nəticəsində 100 min iraqlı həyatını itirdiyi kimi İraq
bütün anlamlarda orta əsrlərə geri dönmüşdü. Müharibənin ən önəmli nəticələrindən
biri o gündən etibarən Amerikan qüvvələrinin dünyanın enerji hövzəsi olan Körfəz
bölgəsinə çıxmamaq şərtilə orada yerləşməsiydi.
Məğlub edirlər amma hakimiyyətdən devirmirlər
Iraq lideri "Müharibələrin anasında” iraqlıların anasını ağlatdı, utanc verici
məğlubiyyətə düçar oldu, amma buna baxmayaraq qəribə bir şey oldu. Bütün
bunlardan sonra ortaya çıxa biləcək xaosun onlara baha başa otura biləcəyini nəzərə
alan qərb onun hakimiyyətdə qalmasına izn verdi. Amma bunu edərkən
qolunu-qanadını qırmağını da unutmamışdılar. Dörd bir yandan nəzarət altına
alınan İraq öz təyyarələrini belə iznsiz havalandıra bilmirdi. Bu müddətdə ən
böyük zərəri bir daha kürdlər görəcəkdi. Səddamdan qurtulacaqları ümidi ilə
müharibədə ABŞ-a dəstək göstərən kürdlər müharibənin sonunda təkrar Səddamla
baş-başa qaldı. Iraq qüvvələri qərbə qarşı istifadə etmədikləri silahları kürdlərə
qarşı comərdcə istifadə etdilər. Şimali İraqı cəhənnəmə çevirən Səddam
intiqamını Yaxın Şərqin bir xalqından aldı. Minlərcəsi bombalandı,
qazlandı,öldürüldü. Qərb Səddama ölkənin şimal və cənubunu qadağan edənə kimi
iş işdən keçmiş, İraq rejimi minlərlə insanın qanına girmişdi.
BMT nəzarətindəki ölkədə Səddam məhdud hakimiyyətini davam etdirir, "aslan
iraqlılar, siz bir nömrəsiniz, amma bu qərbli şeytanlar imkan vermir ki,
hökmdar olum” sözlərini deməyə davam edirdi. Yenə də bu ritorikanın üstünü örtməyən
bir şey var idi: Bəlkə də Yaxın Şərqin ən savadlı və təhsilli xalqı olan
iraqlılar neft sərvətlərinə rəğmən, BMT embarqosu altında əzablı həyat tərzi
sürürdülər. Bəzi rəqəmlərə görə axmaq diktatorun ucbatından ölkənin nəfəsini kəsən
BMT qərarları 500 mindən çox uşağın ölümünə səbəb olmuşdu. 2002-ci ildə İraqda
keçirilən seçkilərdə tək namizəd olan Səddam Hüseyn səslərin 99,9%-ni
toplayaraq klassik bir diktatorluq seçkisinin nümunəsi olmuşdu. Bu 99-lu səslər
özünə inanmayan və iqtidarının möhkəmliyi naminə dünya cəmiyyətini inandırmaq
istəyən bütün diktatorların en sevdikləri makyaj alətidir...
11 sentyabr ilə pərdə bağlanır,əlvida hakimiyyət
Dişləri tökülmüş Səddamın yarımçıq hakimiyyətinin sonunu gətirənsə 11 sentyabr
hadisələri oldu. Hücumlarda Əfqanistanı günahlandıran və bu ölkəni işğal edən
Corc Buşun rəhbərlik etdiyi ABŞ 11 sentyabr hadisələri ilə Səddam rejimi
arasında əlaqə qurmaqda da gecikmədi. İraqın əlində kütləvi məhv etmə silahları
olduğu yalanına sarılan Amerika 20 mart 2003-cü ildə İraqa bir daha müharibə
elan etdi. Ölkə işğal olundu. Qeyri-rəsmi diktator rəsmi diktator Səddamı
devirmişdi. Illərlə öz xalqına qan udduran Səddamın ordusu bir daha düşməni görən
kimi aradan çıxmış, amerikan ordusu isə əlini-qolunu sallayaraq bütün ölkəni
işğal etmişdi. 9 apreldə Bağdada girən amerikan əsgərləri Səddamın heykəlini
yıxanda finiş fitini də çalırdılar. Hansı liderin yaşayarkən heykəlləri
qoyulur, o diktatordur. Hansı diktatorun həyatda olarkən heykəlləri yıxılır, o
artıq sıradan bir "ölüdür”, onu heç bir şey xilas etməz.
Səddam Hüseyn 30 dekabr
2006-cı ildə asılaraq edam olundu.
Tərcümə etdi: Emin Piri