adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
16 Mart 2020 09:19
36222
ŞOU-BİZNES
A- A+

"Bunu postdan azad edək, həm özü sağ qalsın, həm də biz" - Hüseyn Dərya haqqında bunları bilmirdiniz

Zaman bizə qarşı çox acımasızdır. Həyatımızda bizim üçün dəyərli olan insanları nə vaxtsa itirsək, üstündən bir müddət keçdikdən sonra unuduruq. Amma niyə sevdiklərimizi, bizə doğma olan insanları itirdikdən sonra sadəcə doğum və anım günlərində xatırlayırıq? Halbuki bizim üçün onlar əvəzsizdirlər.

Bu gün gənclik üçün dəyərli olan birindən yazmaq qərarına gəldim. Söhbət, Azərbaycan repinin yaradıcılarından olan Hüseyn Dəryadan gedir. Mərhum reperimiz Hüseyn Muradov 1975-ci il iyunun 28-da Bakının Bakıxanov qəsəbəsində anadan olub. Ailədə 5 uşaq olublar. Üç bacı, iki qardaş. Uşaqlıqdan musiqiyə böyük maraq göstərib. Orta məktəbi bitirdikdən sonra valideynləri sənədlərini Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə veriblər. Çünki o vaxtlar Hüseyn, Nərimanov rayonunda yerləşən 4 saylı fars təmayüllü məktəbdə oxumuşdu. Ali təhsili natamam sayılır. Ona görə ki, həmin dövr Qarabağ müharibəsi ərəfəsinə təsadüf edirdi.

Vətənin çətin gününü görən Hüseyn Dərya ali təhsilindən imtina edir və könüllü cəbhəyə, Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmağa yollanır. Melomanlığı ilə fərqlənən Hüseyn əsgərlikdə olanda, komandirləri onu postda durmaqdan azad edib. Çünki post elə bir yerdir ki, orada eşidilən hər səs düşmənə yerini bildirə bilərdi. Hüseyn isə bütün günü postda rep oxuyub, brek-dans oynayırmış. Bu onun özündən asılı olmayıb… Hələ komandiri bir dəfə gülərək deyib ki, "Ə, bu, bizi qırğına verəjək. Bunu postdan azad edək, həm özü sağ qalsın, həm də biz”. 4 il 4 ay hərbi xidmət keçdikdən sonra reper kimi səhnə fəaliyyətinə başlayıb. Baxmayaraq ki, musiqi təhsili olmayıb, mahnılarını özü bəstələyib. Görünür, bu, Allahın ona bəxş etdiyi istedad idi.

Image result for hüseyn dərya

O, musiqiyə aid bütün janrlardan xəbərdar olub. Özünə Dərya təxəllüsü götürən Hüseyn, bəstələdiyi mahnıları sayəsində qısa zamanda məşhurluq zirvəsinə ucalır. Adı və repləri dillər əzbəri olur. Bir müddət keçdikdən sonra səhnədən uzaqlaşır. Həmin müddət ərzində başına olmazın işlər gəlir, taleyi düyünə düşür, ailəsi ondan imtina edir, təklənir… Ataların bir məsəli var ki, "Yıxılana balta vuran çox olar”. Hüseyn də elə bu vəziyyətlə qarşılaşır.

Image result for hüseyn dərya

Xeyli vaxt keçdikdən sonra özünü yenidən sənətinə həsr edir. Onun həyatını pisə doğru dəyişən nə varsa, hamısından imtina edir. Yenidən mahnılar bəstələyib, replər oxuyur, əvvəlki şöhrətini yavaş-yavaş bərpa edirdi. Lakin bu dəfə də tale, Hüseynin üzünə gülmədi. Yaşamaq eşqiylə ikinci həyata başlayan məşhur reperimiz 15 mart 2014-cü il tarixində avtomobil qəzasında, ona qarşı heç də ədalətli olmayan bu vəfasız dünyaya gözlərini əbədi yumur. Səhnəyə gəlişiylə hamının sevimlisi olan Hüseyn Dərya, ölümü ilə də hamını kədərə boğur. Vəfat etməzdən əvvəl oxuduğu son mahnı canından çox sevdiyi, uğrundan ali təhsilindən imtina etdiyi Vətəni ilə bağlı olub: "Can Vətənim”.

Image result for hüseyn dərya

Ruhun şad, məkanın cənnət olsun!

Bizlər üçün dəyərli olan insanları unutmayaq. Unutmayaq ki, unudulmayaq!

Fəqan MUXTAR

KONKRET.az