adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 Mart 2020 09:33
119264
MÜSAHİBƏ
A- A+

BİR ANIN İÇƏRİSİNDƏ... - MÜSAHİBƏ

Hər dəfə onunla görüşəndə və yaxud barəsində kiminləsə fikir mübadiləsi aparanda xəyal məni çəkib keçmişə istiqamətləndirir. Yol nişanı Qarabağı göstərir. Və mən də onu bir şəxsiyyət kimi tanıdığım, əlim çatmayıb, ünüm yetməyən qarabağlı günlərimin şahidi, doğması kimi hiss edirəm. Görünür, yol-yoldaşı olmaq, bir zaman kəsiyini yaşamaq həqiqətən də yaddaşda unudulmaz izlər buraxır. Elə bu mənada təsadüfən qarşılaşdığım Hüseynbala Mirələmovla etdiyim söhbət yaddaşımın lal sükutuna bir daş atdı. Elə bir daş ki, onu o yaddaş dünyasından götürmək üçün qısa da olsa bir söhbətin ipucundan yapışdım. Və...

- Hüseynbala müəllim, bizim bütün görüşlərimiz adətən Qarabağı xatırlamaqla başlayır. Qarabağlı günləri xatırlaya-xatırlaya sözü-sözə calayırıq. Və mənim üçün çox ağırdır ki, Qarabağlı xatirələrimiz qocaldığı kimi, biz özümüz də yaşlaşırıq. İnsan yaşlaşanda daha da kövrək olur.Və xatirələr də adamı ikiqat üzür onda. Bax, bu mənada xatirələri qocalan Hüseynbala müəllim Qarabağdan nə qədər uzaqlaşıb? Ümumiyyətlə, özünü indi Qarabağdan nə qədər uzaq məsafədə görür?

- Söylədiyiniz bu fikir məni həqiqətən kövrəltdi və bir anlıq Qarabağdan nə qədər zaman baxımından uzaqlaşdığımızı içimdən keçirdim... Və dərhal da inam hissi mənə güc gəldi. Biz tarix baxımından, vaxt baxımından Qarabağdan uzaqlaşsaq da, inam baxımından ona hər gün bir az da yaxınlaşırıq. Mən özümə inandığım kimi, Qarabağa dönüşümüzə də o cür inanıram. Birmənalı şəkildə əminəm ki, Qarabağa, Qarabağlı günlərə bu xalq dönəcək! Öz torpağının sahibi olacaq! Gələcəkdə, övladlarımız o torpaqlarda yaşayacaq, öz haqqının sahibi olacaq! Buna inanmayan, bu gerçəyə güvənməyən bir az yumuşaq desəm, özünə də güvənməyən adamdı. Sizin dediyiniz kimi, xatirələrimiz qocalsa da, əvəzində ümidlərimiz hər gün daha da gəncləşir, daha da mətin olur. Xatırlayırsınızsa, mən "Xəcalət” pyesimdə də bunu xüsusi vurğulamışam. Əsərin baş qəhrəmanı Vətən bəyan edir ki, Qarabağ azad ediləməyincə heç kimin ölməyə haqqı yoxdur. O cümlədən mənim də, sizin də və bütün vətənsevərlərin də! Rahat ölmək üçün Qarabağı geri qaytarmaq lazımdır.

- Hüseybala müəllim, mən bir qarabağlı kimi sizin Qarabağdakı günlərinizin, ordakı xidmətinizin şahidiyəm. Və o günlərlə bağlı yazdığınız bütün əsərlərinizi demək olar ki, oxumuşam. Həm də sizin qarabağlı günləri əsərə necə köçürdüyünüzün oxucu kimi şahidinə çevrilmişəm. Mübağiləsiz deyə bilərəm ki, həmin əsərlərdə qəhrəmanların və yaxud kəndin adını dəyişib Tuğ, ya da mənim doğmalarımın adını qeyd etsək, əsərə xələl gətirməz. Çünki detallar və mənzərə bütün Qarabağı əhatə edir. Siz bu gerçəklikləri yazmaqdan yorulmursunuz ki?

- Bilirsiniz, mən bütün yaradıcılığımda reallığa, gerçəkliyə söykənirəm. Və o yazıçıları, onların əsərlərini sevirəm ki, onlarda reallığı, həqiqəti yazırlar. Təbii ki, yazıçı təxəyyülüylə...

- Üzr istəyirəm, sözünüzə müdaxilə edim, axı insanlar bir az kosmopolit olublar...

- Mən bunları qəbul etmirəm. Belə tərbiyə olunmuşam, belə yazmağa başlamışam və belə də davam edirəm. Yəni klassiklərimizin əsərlərinin ruhunda böyüyüən bir yazıçı kimi gerçəkliyə söykənmişəm. Təsəvvür edin ki, orta məktəbdə Viktor Hüqonun bütün əsərlərini oxumuşdum... Tolstoyu oxumuşdum... o cümlədən də öz klassiklərimizi. Bu əsərlərdən bəhrələnən mən mücərrətlikdən, hansısa "izmlər”dən uzaq olmuşam. Kimsə hansısa cərəyan yaradır, ona meyl edir, onu qabardır, bu onun öz işidir. Mən bu "izm”lərdən uzağam və mənim üçün sadə dildə desək, "qatıq ağdır”. Onu qara və ya başqa rəngdə təqdim etmək, təsvir etmək mənim yazıçı yolumdan uzaq bir məsələdir.

- Onda ortaya belə bir sual da çıxır. Sizin tarixi mövzuda yazdığınız əsərləriniz var. Təbii ki, burda arxiv materialları, tarixi mənbələr yazıçının istinad nöqtəsidir. Amma...

- Bildim nəyə toxunursunuz. Həqiqətən, mən tarixi romanlarımda bir yazıçı "priomumdan” istifadə etməklə həmin əsərin tarixi qəhrəmanını daha yaxından tanıtmaq üçün müəyyən personajlar ortaya çıxarmışam. Və tarixi gerçəkliyi qorumaq şərtiylə özümün bədii düşüncələrimi də əsərin içərisində reallaşdırmışam. Bu nə yeni bir "izm”di, nə də tarixə vurulan yamaq. Sadəcə bu, tarixi gerçəkliyi oxucuya geniş ampulada təqdim etmək bacarığı və istəyidi, mən də bundan yararlanmışam. Və sizə bir daha xatırladım ki, ədəbiyyat foto çəkmək deyil, yəni yazıçılıq fotoqrafiya sayıla bilməz. Bir az da xırdalasam, fotoqraf əlindəki aparatla öz istədiyi şəkli olduğu kimi çəkir, yazıçı isə öz qələmi və öz təxəyyülüylə gerçək faktı, yəni şəkli oxucuya bu və ya digər baxış bucağı altında təqdim edir. Birmənalı olaraq, tarixi fakt qalır, amma onun ətrafı yazıçı qələmiylə şərh olunur, işıqlandırılır və bir az da bədiiləşdirilir. Nəticədə hamımızın maraqla oxuduğumuz bədii, tarixi əsər ortaya qoyulur.

- Sizin yaradıcılığınızda ədəbiyyatda xüsusi bir bölmə kimi önə çıxmış tarixi şəxsiyyətlərlə bağlı əsərlər də yer alır. Etiraf edək ki, dünyada bu cür əsərlər böyük bir reytinq qazanıb və şəxsən mənim üçün sevindiricidir ki, xarici ölkə müəlliflərinin tarixi şəxsiyyətlərlə bağlı maraqla oxuduğum əsərlərin arasında Azərbaycan yazıçısının da əsərləri var. Və sizin də həmin tarixiləşmiş insanlar barəsində böyük sevgiylə yazdığınız bu əsərlər artıq ölkə hüdudlarını çoxdan aşıbdı.

-Tamamilə doğru buyurursunuz. Mən bu böyük işin altına girməmişdən öncə çox götür-qoy etdim. Çünki indiki terminlə desək, "brend kitab” anlayışı var. Həmin "brend kitablar” dünyada geniş yayılan və çox da oxunan kitablardı. Əgər xatırlayırsınızsa, Sovet dönəmində biz çoxlu yararsız kağız (maklatura – Ə.M.) toplayıb təhvil verib, əvəzində talon alırdıq. Həmin o az tapılan, hamının oxumaq istədiyi kitabları əldə etmək üçün. Gecə saat 3-dən gedib Neftçilər prospektindəki kitab mağazasının önündə növbə tutardıq ki, talonu verib istədiyimiz kitabı alaq. 2003-cü ildə Ulu Öndər dünyasını dəyişəndən sonra fikirləşdim ki, onun barəsində bir əsər yazım. Çünki dünyanın qəbul etdiyi bu tarixi şəxsiyyət məhz "görkəmli insanlar” seriyasında da öz yerini tutmağı haqq etmişdi. Ona görə də işə başlayanda onun Moskva həyatının da vacibliyi ortaya çıxdı. Bu dilemanı həll etməyin yolunu da düşünüb tapa bildim. Bunun üçün Moskvaya uçdum və bütün ölkədə tanınan qəzet redaktoru Viktor Andrianovla görüşdüm, fikirlərimi ona bildirdim və o da məmnuniyyətlə Heydər Əliyevin Moskva həyatını yazmağı öz üzərinə götürdü. Nəticədə bizim birgə kitabımız 2005-ci ildə işıq üzü gördü. Amma kitab çap olunandan sonra baxdıq ki, müəyyən məqamlar unudulub. Yəni Ulu Öndərin DTK-dakı həyat fəaliyyəti nəzərdən qaçırılıb. Qısa zamanda kitab yenidən işlənildi, 2006-cı ildə yenidən Moskvada "Molodaya qvardiya” nəşriyyatında çap olundu. Bu gün o kitab dünyanın 40 dilində çap olunub və yayılıbdı. Bu mənə qürur verir. Həmin o sevincli günlərimdə məlum oldu ki, Rusiya prezidenti Putinlə bağlı bir kitab çap olunub. Əslində bu, fəaliyyətdə olan prezidentlərlə bağlı kitabdı. Kitabla tanış olandan sonra qərar verdim ki, "Görkəmli adamların həyatı” "Bioqrafiya davam edir” silsiləsindən mən də cənab prezidentimiz İlham Əliyev haqqında bir kitab yazmağa qərar verdim. Yenə həmin Andrianovla birlikdə kitabı yazıb məhz həmin nəşriyyatda da çap etdirdik. Bu kitab da artıq 15 dildə çap edilərək yayılıbdı. Sonra Zərifə xanım haqqında kitab yazdım və deyim ki, o da artıq yeddi dildə tərcümə edilib yayılıbdı.

- Hüseynbala müəllim, sizin həyat fəaliyyətiniz hamı kimi mənə də məlumdur. Demək olar ki, gənc yaşlarınızdan siyasi müstəvidə öz sözünüzü deyib, öz yerinizi təqdim etmisiniz. Həm yazıçı, həm millət vəkili, həm də iqtidarda olan partiyanın təmsilçilərindən biri kimi həmişə göz önündəsiniz. Bax, bu mənada başa çatan seçkilər zamanı sizin "feysbuk” səhifənizdə çox qəribə bir status oxudum...

- Çox sağ olun ki, bu məsələyə toxunursunuz. Çünki bu məsələ - məni ağrıdan, məni göynədən məqamın, necə deyərlər, həyatıma zərbəsidi. Bir Allah şahiddir ki, bu statusu mən yazmamışam. Sadəcə, mənim səhifəmi idarə edən bir jurnalist xanım 9 fevral gecəsi, yəni ilkin nəticələr bilinəndən sonra sevincək olaraq belə bir status yazmışdı. İnanın ki, mənə xəbər çatan kimi elə dərhal ona iradımı bildirdim, o da çox peşmançılıq hissi yaşadı. Hətta məndən xahiş etdi ki, "qoy etiraf edim ki, bu statusu mən yazmışam”. Razı olmadım. Sadəcə olaraq, qüruruma sığışdırmadım. Məni tanıyan hər kəs bilir ki, orta təhsilimi Lənkəranın ən böyük onbirillik məktəbində almışam, bu məktəbin komsomol təşkilatına rəhbərlik etmişəm, sonra kommunist kimi fəaliyyət göstərmişəm, müxtəlif müəssisələrdə rəhbər olmuşam, üç çağırış millət vəkili seçilmişəm, tarixi mövzuda əsərlər yazmışam, bu gün də YAP-ın rayon təşkilatına rəhbərlik edirəm... Bax, bütün bunlar siyasi həyatdır. Bu qədər siyasi təcrübəsi olan bir şəxs sizcə, o cür qüsura, nöqsana yol verərmi?

Sizinlə bu məsələyə aydınlıq gətirməyi elə bil ki, özümə rahatlıq kimi qəbul edirəm və çox məmnunam ki, siz bu məsələyə toxundunuz.

- Gəlin etiraf edək ki, bu gün cəmiyyətin mənəvi erroziyası çox sürətlə gedir, dəyərlər aşılanır. Elə bil ki, kimlərsə millətin genefondunu məhv etməyi qarşısına məqsəd qoyub...

- Həqiqətən də belədir. İstər efirdə, istər mətbuatda, istərsə də real həyatımızda böyük-kiçiyə, qadına, qıza, milli dəyərlərə sayğı demək olar ki, məhv olmaq üzrədir. Hər kəs özünü ağıllı, hər kəs özünü çoxbilmiş və hər kəs də özünü hamıdan üstün sayır. Ağlına gələni, fikrindən keçəni istər geyimində, istər davranışında, istər əxlaqında ortaya qoymaqdan çəkinmir. Bəzən kənardan baxıb dəhşətə gəlirəm. Bu, avropalaşmaq deyil, bu milli kimliyi itirməkdir. Mən bununla barışa bilmirəm. İnsan öncə ailəsinə, özünə, ağsaqqalına, ətrafındakılara hörmətlə yanaşmalıdır, atdığı addımın, dediyi sözün məsuliyyətini hiss etməlidir. Maddi erroziyanın, aşınmanın qarşısını iqtisadi gücü bərpa etmıklə almaq olar. Amma mənəvi aşınmanı bu gün durdurmasaq, bir daha onu geri qaytara bilməyəcəyik. Onda bir xalq olaraq nələr itirdiyimizin faciəsini yaşayacağıq. Bu məsələlər ətrafında ciddi düşünmək lazımdır. Uşaq bağçadan başlamış məktəbə və dövlətə qədər hər kəs qəti mövqe ortaya qoymalıdır.

Mötəbər prezidentimiz İlham Əliyev cənabları da dəfələrlə bu məsələlər barədə öz narahatlığını bildirmişdir.

- Hüseynbala müəllim, təsadüf nəticəsində baş tutan söhbətimizin sonunda soruşmaq istədiyim bir şey də var: yazıçı Hüseynbala Mirələmovun masasında təzə nə var, nə yox?

- Əbülfət müəllim, yazıçının masası həmişə onun fikirləri, xəyalları, irili-xırdalı bədii və publisist yazıları üçün işıqlı bu guşədi. Bu gün mən "İki şah, iki sultan” trilogiyanı bitirib nəşriyyata təqdim etmişəm.

Bax, artıq qərara gəlmişəm ki, "Beş əsrin dörd böyük kişisi” adlı tarixi bir əsər yazım. 1425- ci ildə Uzun Həsən, 1923- cü ildə isə Heydər Əliyev anadan olub. Bu zamanın ölçüsü düz beş əsrə bərabərdir. Bu zaman kəsiyində daha iki kişi - Şah İsmail Xətai və Nadir Şah Əfşar da yaşayıblar.

Bu dörd kişinin bir-birinə mənəvi bağlılığı, eyni amalları və yaşadıqları dövrün tarixi zəruriyətlərinin oxşarlığının fəlsəfəsini açmaq niyyətindəyəm. Bu fəlsəfənin mayihəti budur: Müstəqil və Vahid Azərbaycan.

- Çox sağ olun! Sizə uğurlar arzu edirik!


Söhbətləşdi: Əbülfət MƏDƏTOĞLU