adalet.az header logo
  • Bakı 7°C
12 Mart 2020 00:44
28869
İQTİSADİYYAT
A- A+

Samir Şərifov: “Dövlət büdcəsinin icrası ilə bağlı kifayət qədər resurslar var”

"Dünya bazarında neftin qiymətinin aşağı düşməsi, şübhəsiz, Azərbaycanın da gəlirlərinin azalmasına gətirib çıxarır”.

"Report” xəbər verir ki, bunu Maliyyə naziriSamir ŞərifovNazirlər Kabinetində Baş NazirƏli Əsədovun sədrliyi ilə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair müşavirədə bildirib.

"Cari il üçün təsdiq olunmuş dövlət büdcəsinə nəzər salsaq görərik ki, büdcə gəlirlərinin əsas mənbəyi vergi daxilolmaları, Dövlət Neft Şirkətinin və neft hasilatının pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən şirkətlərin vergi ödənişləridir. Dövlət Neft Şirkətinin gəlirlərinin formalaşmasında böyük hissəni daxili bazarda yaranan gəlirlər təşkil edir. Buna görə də neftin qiymətinin aşağı düşməsi buna təsir etmir. Neft hasilatının pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən şirkətlərin vergi ödənişlərinə gəlincə isə, əlbəttə ki, neftin qiyməti endiyinə görə, müvafiq olaraq onların vergi ödənişləri azala bilər. Lakin burada da vəziyyət kifayət qədər normaldır. Çünki bu gəlirlərin azalması dövlət büdcəsində proqnozlaşdırılan gəlirlərin 1-1,3 faizi səviyyəsindədir”, - deyə Samir Şərifov vurğulayıb.

Nazir qeyd edib ki, cari ilin ilk iki ayında vergi orqanları tərəfindən proqnoz göstəricilər artıqlaması ilə icra olunub:

"Eyni zamanda, gömrük orqanları tərəfindən də daxilolmalar artıqlaması ilə icra edilib. Artıq icra olunan gəlirlər 4 milyon manat təşkil edir. Digər tərəfdən, büdcənin formalaşmasında Dövlət Neft Fondundan olan transfert mühüm rol oynayır. Bu transfertin də dövlət büdcəsinə daxil olması təmin edilir. Yəni, hazırkı dövlət büdcəsi qısamüddətli xarici şoklardan sığortalanıb və hər hansı ciddi təsirlər müşahidə edilməyəcək. Onu da qeyd etmək lazımdır ki, Prezidentin tapşırığına uyğun olaraq, xərclərin optimallaşdırılması ilə bağlı da işlər davam etdirilir. Həmçinin koronavirus epidemiyası ilə bağlı dünyada və ölkəmizdə müəyyən beynəlxalq tədbirlərin, bəzi ezamiyyələrin təxirə salınması gözlənilir. Bu qənaətlərdən də səmərəli istifadə olunacaq. Dövlət büdcəsinin icrası ilə bağlı kifayət qədər resurslar var”.