adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
11 Mart 2020 16:48
9355
GÜNDƏM
A- A+

Qətərin Azərbaycandakı səfiri Şərqşünaslıq İnstitutunda olub

Qətərin Azərbaycandakı səfiri Feysəl Abdulla əl Henzab martın 11-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

İnstitutdan verilən məlumata görə, səfir əvvəlcə Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüb. G.Baxşəliyeva Azərbaycanın ərəb ölkələri ilə elmi, mədəni əlaqələrindən söz açaraq, bu əlaqələrin möhkəmlənməsində şərqşünas alimlərin mühüm rolunu qeyd edib. Gövhər xanım Şərqşünaslıq İnstitutunda ərəb ölkələrinin tarixi, iqtisadiyyatı, ərəb dili və ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlardan, nəşr olunan kitablardan söz açıb, ərəb mənbələrində bir çox xalqların, o cümlədən Azərbaycanın tarixinə dair mühüm məlumatların olduğunu qeyd edib.

Feysəl Abdulla əl Henzab Şərqşünaslıq İnstitutunda ərəbşünaslıq sahəsində aparılan tədqiqatların onda maraq doğurduğunu bildirib və Qətərin elm və təhsil müəssisələri ilə əlaqələrin yaradılmasının əhəmiyyətini qeyd edib.

Daha sonra Feysəl Abdulla əl Henzab Şərqşünaslıq İnstitutunun əməkdaşları ilə görüşüb. Səfir Qətər – Azərbaycan əlaqələrindən danışdıqdan sonra institutun alimlərindən Vilayət Cəfərov, Laura Orucova, Fərda Əsədov, Elnur Mustafayev və başqaları öz elmi yaradıcılıqlarından bəhs ediblər. Sonda Feysəl Abdulla əl Henzab şərqşünasları maraqlandıran sualları cavablandırıb.