QOVŞAQ

İRADƏ TUNCAY
52572 | 2006-12-08 22:13

Müşahidələrimə əsaslanaraq danışıram. Bizim cəmiyyətdə müxtəlif ölkələrə meylli insanlar çoxalmaqdadır. Qərb-Amerika meylli, Şərq- İslam meylli və s. Amma Rusiyaya meyllilər də az deyil. Çünki ortaq tariximiz var, ortaq nöqtələrimiz var. Nə qədər müstəqil olduğumuzu iddia etsək də, kimsə bizi özbaşına qoyası deyil. Bu da tale işidir, bizim məmləkətdə neçə-neçə super gücün maraqları toqquşur.Gəl bu vurhavurda salamat baş çıxar görüm necə çıxaracaqsan. Biz mədəniyyətlərin və siyasətlərin qovşağında yaşayırıq.
   
   Keçən həftənin sonlarında bir il əvvəl başlamış Rusiya mədəniyyəti ilinə yekun vuruldu. Yəni belə demək mümkünsə - rəsmi protokol səviyyəsində keçirilən tədbirlər bitdi. Əslində Rusiya günləri nə bir il əvvəl başlayıb, nə də yaxın zamanlarda bitəcək. Mümkün deyil. Bu günlərin planı I Pyotrun vəsiyyətində əsas maddələrdən biri idi - Qafqazın istilası, isti dənizlərə çıxış və ən sonunda Çarqradın - Konstantinopolun -İstanbulun fəthi. Ruslar addım-addım öz böyük sərkərdələrinin arzularını gələcəyə daşıdılar. Və düz Bosfor boğazında ilişdilər. Mustafa Kamal Paşa Osmanlı sultanlarının neçə yüzillik tarixi səhvlərinin nəticələrini min müsibətlə təmizlədi. Türkiyədə Böyük Pyotra "Dəli Petro" deyirlər. Dəli niyə olur, lap ağıllı idi. Sizin sultanlarınız hərəmxanada xarici dövlətlərin ora yerləşdirdiyi agentlərlə kef eləyəndə Pyotr və onun xələfləri sizin torpaqlarınızı istila elədi. Əzəli məkanlarınızda at oynatdı. Osmanlı tarixinin bu dönəminə "Qadınlar səltənəti" deyirlər. Sultan Süleymanın rus xanımı Roksalanadan sonra hakimiyyəti hərəmxanadan idarə edirdilər. Çevrilişlər, üsyanlar, vəzifələrin paylanması hərəmlərin iradəsi ilə həyata keçirilirdi. Qafqaz o vaxt əldən getdi, suda-quruda məğlubiyyətlər gəldi, xəzinə boşaldı və sonra I Dünya Müharibəsi, Osmanlının çöküşü.
   
   XIX əsrin başlanğıcında İslam aləminin zəifləməsi Rus-İran müharibəsində də özünü göstərdi. Bir az əvvəl Şuşada Ağa Məhəmməd şah Qacarın qətli də bu planın tərkib hissəsi idi. Onun güclü siyasi iradəsi və nadir hərb istedadı bölgədə tarazlığı xristianların əleyhinə dəyişdirə bilərdi. Hər hansı bir siyasi olayın kökü çox dərinlərə gedir. Bu gün Qarabağ həm də Qarabağda öldürülmüş böyük sərkərdəyə görə cavab verir, tarixi məsuliyyət daşıyır. Ağa Məhəmməd şah güclü mərkəzləşmiş dövlət yaratmaq arzusundaydı. Hərəsi bir qalanın küncünə sığınan hakimciklər "mənəm-mənəm" deyib ona tabe olmaqdan imtina edəndə təbii ki, yürüş edib hər kəsi öz yerində oturtmalı idi. O vaxt müharibələr adi gündəlik iş, pul qazanmaq vasitəsi idi. (Yəni indi də elədir, sadəcə forması dəyişib). Kim bilir hadisələrin axarı başqa istiqamətə yönəlsəydi şimaldan gələn axının qabağını almaq bəlkə də mümkün olardı. Bəlkə orda da böyük türk dövləti yaranardı.
   
   O gün-bu gün tariximizin "şanlı-şöhrətli Rusiya" günləri başladı. İndi danışmaq asan gəlir- amma o vaxt heç bir kütləvi informasiya vasitəsinin mövcud olmadığı bir dövrdə hardansa uzaq yerdən gəlmiş, tanımaz-bilməz, yad-yabançı əsgərlərin top-tüfəngi ilə, od-alovu ilə üzbəüz qalmaq necə ola bilərdi? Təbii ki, rus əsgəri də eyni cahilliklə tanımadığı vəhşi basurmanlardan özünü qorumalı idi. Uzun illər Qafqaz adlanan bu gül bağçasında su əvəzinə qan axdı. Zəifləmiş türk dünyası haraya gəlmədi. Və enində-sonunda güc zəfər çaldı. Hər yerli hakimin çiyninə bir qızıl paqon taxdılar. Övladlarını götürüb Rusiyaya apardılar və gələcəkdə bura qayıdıb öz xalqına yuxarıdan baxacaq rus beyinlilərin hazırlanma prosesi başladı.
   
   Heç kimdən incimək lazım deyil. Müstəmləkə siyasəti elə belə də olmalıdır. Biz də qüdrətli olsaydıq, top-tüfəngimiz olsaydı, vuruşan əsgərimiz olsaydı, kiminsə torpağını işğal edə bilsəydik eyni proqram həyata keçirilərdi. Tarix boyu belə olub, güclü zəifi əzib. İnsafla danışsaq, bu ilhaqın mütərəqqi yönləri də var idi. Cənubda yaşayan soydaşlarımızla müqayisədə bu fərq açıq-aydın görünür. Və Sovet dönəmində milli respublikalarda milli dillərdə məktəblərin açılması kiçik xalqların inkişafına güclü təkan verdi. Elm, sənət xadimləri yetişdi. Milli özünüdərk prosesləri vüsət aldı. Hər halda Sovetin ən müsbət cəhəti ümumxalq təhsilinə önəm verməsi və xalqlar arasında görüntü naminə də olsa bərabərlik illüziyası yaratmağı idi. Düzdür, Stalindən sonra qərara alınmışdı ki, qeyri-rus SSRİ-yə başçılıq eləyə bilməz. Ancaq nahaq yerə - rusların padşahları hər zaman başqa millətlər olub, amma onlara canla-başla xidmət ediblər.Ruslar özləri hakimiyyətə gələndə ölkə dağılır. Yeltsini xatırlayın. İndiki qadasını aldığım da eynən bizə oxşayır. Sifət cizgilərinə baxın - qədim türk-monqol sifətidi. Bizə nifrət etməyindən də görünür ki, bizdən biridir. Stalin bu qüdrətli dövləti kimin üçün qurmuşdu? Ruslar onlara cani-dildən qulluq edənləri qiymətləndirmirlər (bu məsələyə qayıdacam).
   
   Rusiya mədəniyyəti hələ uzun illər bizim də mədəniyyətimizin tərkib hissəsi olaraq qalacaq. Hər halda bizim dünyaya açılan pəncərəmiz Rusiyadır. Uzun illər biz dünyanı da Rusiya vasitəsilə qavramışıq. Və müstəqillik adlandırdığımız bu dövr ərzində də birdən-birə nəhəng rus mədəniyyətini tariximizdən silib atası deyildik. Son bir əsrdə ədəbiyyatımız da, sənətin başqa növləri də bu mədəniyyətin təsiri ilə formalaşıb. Təbii ki, biz bu mədəniyyət günlərinə, bu mədəniyyət günlərinin içindəki siyasət günlərinə də böyük önəm veririk. Biz bu günlərdən nə isə yaxşı nəticələr gözləyirdik. Daha ordakı soydaşlarımızın qovulmasını yox. Hər halda mənim üçün rus xalqı Tolstoydur, Dostoyevskidir, Astafyevdir, Şoloxovdur, ordakı faşistlər deyil.
   
   Yadımdadır ki, ilin əvvəlində mədəniyyət günləri təzə başlayanda bizim hələ işli-güclü vaxtlarımız idi. Həmid Herisçi gəldi otağımıza, dedi ki":: "Getmişdim Moskvadan gələn qonaqları proqrama dəvət eləməyə, səhər tezdən hamısının kefi yuxarı idi". Biz də dedik ki, ola bilməz, rus hara, içmək hara. Bəlkə sənin gözlərinə elə görünüb? Həmid dedi ki, "yox ey, səhv eləmirəm. Havadan elə iy gəlirdi ki, kibrit vursan alışıb yanardı. Onları qonaq eləyən bizimkilərin də kefi yuxarı idi". Hə, buna inanmaq olar. Çünki bizim bu iki yüz illik tariximiz ki var - ruslarla birgə yol keçmişik, onlardan öyrənə bildiyimiz ən gözəl keyfiyyət elə içmək məsələsi olub. Onlar kimi vətəndaş olmağı, əziyyətə qatlaşmağı , doğru danışmağı, haqqımızı tələb etməyi öyrənə bilmədik. Rusun süpürgəçisini də dindir, gör necə dil-dil ötəcək. Alimlərimiz heç onların fəhləsi kimi də fikrini izah edə bilməyəcək. Rus nə qədər kefli olsa da şüuru hər zaman açıqdır. Ən azı bəzi məsələlərdə. Bir də ki, bura qonaq gəlib özlərini belə rahat hiss eləyən rusları qınamaq olmaz. Öz metropoliyalarında (keçmiş də olsa) hamı özünü belə aparardı.
   
   Mən başa düşmürəm ki, biz daha neyləməliyik ki, keçmiş qardaşlarımız (indi bilmirəm nəyimiz) bizi də sevsin. Gürcülər atılıb-düşür bizim günahımız nədir, onların oduna bizləri niyə yandırırlar? Biz hər zaman sizi böyük məhəbbətlə sevmişik. Qonaq eləmişik, yedirtmişik, İçirtmişik, burdakı bütün naz-nemətləri Rusiyaya daşımışıq. Day neyləyək? Küçəyə çıxırsan, sizin dilinizdə danışırlar, böyük-böyük məmurların ana dili sizin dilinizdir. Milli Televiziya Şurasının iradlarına baxmayaraq, böyük bir televiziya qeyd-şərtsiz sizə xidmət edir. Əvəzolunmaz, dahi, görkəmli, qüdrətli, sevimli, parlaq, sönməz (sinonimlərin sayını artırmaq üçün Zəlimxan Yaqubu axtarmaq istədim, dedilər "Space"də çəkilişdədir. Yazdıqlarıma belə diqqətlə yanaşdıqları üçün rəhbərliyə dərin minnətdarlıq), böyük ustad rejissorumuz Vaqif Mustafayevin şəxsində belə dayaqlarınız, dəstəkləriniz var. Gətirir, sığal-tumar çəkir.Maddi darlıq üzündən işçilərini məzuniyyətə göndərməyə məcbur olan bu gözəl insan boğazından kəsib sizə ziyafət verir. Əvəzində nə olur? Ordenlər Polad Bülbüloğluna, ulduzlar Polad Bülbüloğluna, rəsmi qonaqlıqlarda Polad Bülbüloğlu, rus televiziyalarında Polad Bülbüloğlu, Putinlə öpüşür Polad Bülbüloğlu. Bir belə ədalətsizlik olmaz axı.Burda papaq altda oğullar yatır, nə vaxt qiymətləndirəcəksiniz? Düzdür, bu yaxınlarda kino tarixinə düşəcək, dünya sənətinin incisi sayıla biləcək bir film - "Vergilər xidməti" haqqında on dəqiqəlik təkrarolunmaz bir film üçün sadə rus xalqı onu alqışlayıb, səhnədən buraxmaq istəmirmiş. O da çox təvazökar insan olduğu üçün bunu kimsəyə deməyib. Deyirəm, biləsiniz. Bu yaxınlarda da "Nobel", "Oskar" laureatlarının həsəd apara biləcəyi qiymətli bir mükafat alıb - Milli mədəniyyətimizin təbliğinə görə. Düzdür, yazmayıblar harda, amma mən deyim, böyük rus qonaqlarımıza ziyafət verəndə onlara bayatı, gəraylı, holavar, nağıllarımızdan danışır, Aşıq Qurbaninin qoşmalarından əzbər deyir. Sağ olsun, mükafat verən də, alan da. Amma rus rəsmiləri qiymətləndirə bilmirlər. Bakıda Putinin bir tələbə yoldaşı var. Onunla bu barədə mütləq danışmaq lazımdır. Yoxsa hansı tərəfə baxırsan Polad, Polad... Rusların burdakı kanalında göstərilməsə də orda hər gün efirdədir. Kanal demişkən, o gün baxıram görürəm Canik Zeynallı Mariya İvanovanın balxonundan (Canik balxon deyir) dünya haqqında fəlsəfi düşüncələrə dalmışdı. Fikirləşdim ki, gör nələri itirmişəm ey. Təkcə mən yox, bütün Sovet İttifaqı Poladın mahnıları ilə zövqünü korlayarkən Mariya İvanovanın balxonundan aləm görünürmüş. Bax, bütün bunları sizin diqqətinizə böyük ustad çatdırır. Böyük layihələr həyata keçirir. Məlum məsələlərdən sonra hamının qorxduğu Tele-Radio Şurasına da qulaq asmır. Hamısı sizə, Rusiyaya olan sevgidəndir. Nə vaxt qiymətləndirəcəksiniz? Bunlar belədir ey, böyük ustad, keçin günahlarından. Şərqi Almaniya kommunistlərinin lideri Erik Honekker də bütün ömrünü bunlara xidmət elədi, axırda küçələrdə qaldı. Onun aqibətini kim unudub? Nə isə...
   
   Ona görə də bilmirik ki, hansı tərəfə əyilək. Nəsə çoxsaylı böyük qardaşlar da bir qərara gələ bilmirlər. Nə şimaldakılar, nə qərbdəkilər - bilmirlər ki, bizi sevsinlər, ya yox. Şərqli olsaq da burda da bizə yiyə duran yoxdur. Şimaldakıların siyasəti məlum, qərbdəkilərinki zay, şərqlilərin heç yoxdur. Qalır cəhətlərdən cənub. Bəlkə afrikalılarla qohum olaq? Onsuz da gəlib-gedənlər bizimlə qara adam kimi rəftar edirlər. Bəlkə qaralarla birləşsək bir ağ günə çıxarıq? Kondaliza Rays kimiləri olsa lap yaxşı. Yol ayrıcında qalıb it hürən tərəfəmi, yoxsa işıq gələn tərəfəmi sualı adamı çaşdırır. Böyük mədəniyyətlərin və böyük siyasətlərin qovşağında yaşamağın öz çətinlikləri var. Bütün bunları dəf etmək üçün qardaşlarımızdan əxz etdiyimiz bir xasiyyət köməyimizə çata bilər. Bildiniz nə? Dünyanı ayıq başla çəkmək olmur. Bu Honekker niyə yadıma düşmüşdü? Hə, Böyük Ustada görə. Yazıq Honekker də qovşaqda qalmışdı, zamanın və formasiyaların...

TƏQVİM / ARXİV