adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

TRİSKAYDEKA FOBİYA - Şahnaz Şahin yazır

Şahnaz ŞAHİN
82929 | 2020-03-11 09:24

Esse

Yaşadığımız ölkənin, onun bəlli rayonlarının hər birinin öz adəd-ənənələri, deyim və yozumları, diqqətə alınan ya da alınmayan əlamətlər və inanclar sırası var. Hamımızın bildiyi və ümumi sayıla bilənləri də öz yerində. Qalır bu əlamətlərə inanıb inanmamaq, bu tam fərdi olan bir məsələdir ki, arasında sınanıb yerini bərkidənləri də var, yanından saymazyana keçib kedilənləri də. Eşitməmiş və əhəmiyyət verməmiş olmazsınız, yola çıxanda qarşına kimin çıxdığı, yəni uğuru xeyirli ya xeyirsiz olması, qarşından pişiyin keçməsi, bir fikir irəlisi tək səbirin gəlməsi, demək istədiyin sözü səndən qabaq başqasının söyləməsi, Novruz bayramı və ilaxır çərşənbədə etdiyimiz qulaq, üzük falı və digər inanclar. ...Bəli bunlardan əsrlərcə sınaqdan çıxanı, adət-ənənəyə çevrilənləri az deyil. Bir də var uğurlu, ya da nəhs rəqəmlər..Əlbəttə ulduzlar aləminin göstəricilərinə əsasən hər insanın bir uğurlu rəqəmi, düşərli günü də var. Rəqəmlər içində bəxti gətirməyən təkcə 13-dür və o , nəhs sayılır. Hələ heç kim bunların dərinliyinə baş vurub, yəni nə qədər doğru ya da yalan olduğunu sınamayıb, amma deyiləni təkzib etmək də niyyətimiz olmayıb axı!..

Həftənin birinci günü ağına bozuna baxmadan "ağır gün " sayılır, niyəsini isə bilən yoxdur. Sonralar bir mənbədən oxudum ki, sən demə istirahət günü sonrası olduğundan adamın əli işə yatmaz deyə, iş şəraitinə uyğunlaşmağın bir qədər çətin olacağı baxımından işlənən ifadədi , vəssalam. Amma nə baş verdi görün, adamlar bu günə toy, şadlıq mərasimlərini salmaqdan çəkindilər, hələ iş başında belə "tikan üstə oturan "sayağ oturdular... Sonra buna May ayı da qoşuldu, sevimli, güllü-çiçəkli, günəşli May ayına da "ağır ay” adı qoydular..Yaxşı ki, buna da bir düzgün açıqlama gəldi və yazın möhtəşəm, xoş və şah ayı olan May ayının da başı üzərində gəzən fəlakət buludları dağılmağa başladı! Yoxsa onun da adını qara siyahıya salacaqdılar...

Gələk 13 (on üç) rəqəminin yanına, görək onun nə suçu varmış ki, gözdən, nəzərdən salıblar.. Bu həm də demək olar elə bütün dünyada nəhs hesab olunur, hətta bəzi ölkələrdə evlərin, otel otaqlarının, liftlərin sıralanmasında bu rəqəmdən yan keçirlər. İnternet məkanında onlarca səbəblər toplusu göstərilir, hər biri də demək olar ki, fərziyyədir. Əlbəttə bu əslində numeroloqların işi olduğundan mən də çox dərinliyə enmək istəmirəm, amma on üçü uğurlu hesab edən ölkələr də varmış.. İtaliya və qədim misirlilər bu rəqəmin xoşbəxtlik gətirdiyinə inanırlar...Ah, elə həmişə düşünürdüm ki, yəni bu rəqəmin bir yaxşı keyfiyyəti yoxdurmu, ola bilməz axı, pis varsa mütləq yaxşı da var, lap azacıq da olsa var...

Sən demə 13 də xalis nəhs deyilmiş, ABŞ dollarında 13 rəqəmi əks olunur və bu ilk dəfə birləşən 13 ştatın rəmzi hesab edilir. 13 yəhudilərin də müqəddəs rəqəmidir, Bibliyada isə Allahın 13 vacib keyfiyyətləri sadalanır. Amma inanc öz qüvvəsini yenə saxlamaqdadır. Əsasən 13 cümə gününə düşürsə bir çox əməliyyat və işləri təxirə salan ölkələr və insanlar var..Bəlkə də haqlıdılar, kim bilir...13 rəqəmindən qorxan və onun təsirini hər addımda sınayanlara ad da verilib :Triskaydeka fobiya....

.. Amma mənim qızımın dünyaya gəldiyi 13 Mart qətiyyən uğursuz deyil, bu həm də həftənin dürdüncü-cümə axşamı günüdür. Ailəmizə ilk vusal payı gətirdiyindən adını da VUSAL qoyduq... "İlki duranın mülkü durar”- dedi babalar, ilkimizlə başladığımız yol da uğur gətirdi, 13 rəqəmi də! İndi ta o gün bu gündü ki, hər il baharın ilk ayı olan Martın 13-ü bizim könlümüzdə, evimizdə bayram havası başlayıb çəkir ta Novruzadək...Hə, bax 20 Martda da mənim bayramım başlayır, yəni anasının, atasının Novruz hədiyyəsi olan Şahnaz Şahinin...

Bu yazımla da istədim Novruz Bayramı öncəsi sizin də qəlbinizdən nəhs hissləri silim, həyata, dünyaya daha pozitiv, daha inamla baxasınız, inanasınız ki, istəsək hər günü gülzar edə bilərik... Bahar yenilikdir, Bahar başlanğıcdır, Bahar təbiətdə nə varsa onun möhtəşəm oyanışıdır, və biz insanlar da ana təbiətin bir parçasıyıq! Həm də axı təkcə pəncərə şüşələrini silməklə dünyanı görmək mümkün deyil..

İstədim baharı gətirim sənə

Tökülən yağışdı, ələnən qardı,

Fikirlər, xəyallar ta məni yordu.

Surətin gözümün önündə durdu,

Istədim baharı gətirim sənə..

Bu qış gecəsini yuxusu dərin,

Oyadıb öyrənim min illik sirrin.

Islanıb nurunda gələn səhərin,

Istədim baharı gətirim sənə.

Dağdan dağa atdı küləklər məni,

Tanıdı sevdalı ürəklər məni.

Çağırıb oyatdı mələklər məni,

Istədim baharı gətirim sənə...



TƏQVİM / ARXİV