adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
11 Mart 2020 10:32
112918
MÜSAHİBƏ
A- A+

Xəyalə Sevil: "Sevqi - etdiyin günaha dəyməlidir" - MÜSAHİBƏ

"Xanım sözü” rubrikasının növbəti qonağı şairə Xəyalə Sevildir.

-Çox sakitsiniz...

-Sakitəm deməzdim, sadəcə səssizəm. Mən əslində yaxşı müşahidəçiyəm. Müşahidə etmək üçün isə danışmaq yox, baxmaq və dinləmək lazımdır. Danışıb hamı kimi olmağı sevmirəm. Səs-küylü dostluqlar, təkrarlanan münasibətlər mənə görə deyil.Həm də hər şey uzaqdan daha gözəl görünür.

-Sevgi şeirləriniz üstünlük təşkil edir. Bu şeirlərinizin çoxunda həsrət, ayrılıq var.

-Sevgi şeirlərimin üstünlük təşkil etməyi mənə elə gəlir ki, dövrlə bağlıdır. Məsələn, indi sevgi şeiri yaza bilmirəm və ya heç yazmaq da istəmirəm. Daha real düşünmək istəyirəm. O ki, qaldı həsrətə, ayrılığa, hardasa yaşanmışlıq da var, yaşanmamışlıq da.

-Dövrlə dedikdə, indi qocalmısınız?

-Xeyr, mən ruhu nəzərdə tuturam. Daha doğrusu ruh halımı. Ruh halım sevgiyə köklənibsə sevgidən yazıram. Sosial bir problemə yönəlibsə ondan. Ruhu çərçivəyə salmaq olmur. Həyatım ikinci plana düşüb.

- "Qəbrimi anamın əlində qazın” deyərək ana sevgisini qabardan şairə özü yaxşı ana ola bildimi?

- Mən düşünürəm ki, lap pis övlad, pis bacı, lap pis vətəndaş da ola bilərəm, amma pis ana ola bilmərəm. Olmamalıyam və ya buna haqqım yoxdu. Əgər dünyaya öz xoşumla övlad gətirmişəmsə, demək mənim həyatım ikinci plana düşüb. Birinci onlardı. Mən heç sevmirəm müti, hər şeyə razılaşan anaları. Ana olmaq bir az da mübarizlik istəyir. Övladlarının xətrinə, xeyrinə bir az baş qaldırmaq, tabe olmamaq istəyir. Necə ana olduğumu isə illər sonra biləcəm. Bir qızım, bir oğlum var. Əgər onları xəyalımdakı kimi böyütsəm, demək mən yaxşı ana olmuşam. Yox, əgər istədiyim kimi olmasa, demək mən məğlubam. Ana kimi məğlub olmaq isə bütün məğlubiyyətlərin əvvəlində gəlir.

-Şeirlərinizdə ürəyinizi cəzalandırırsınız. Nə günah iş görüb ürəyiniz?

-Cəzalıdı ürəyim. Bədənimdə küncə qoydum... Bütün ürəklər cəzalıdılar. Yəqin elə ona görə Tanrı ürəyi bədənin küncündə yaradıb.

-Bu cəza bitmədi? Bəlkə ürəyinizə tam azadlıq verəsiniz? Qoy, bildiyi kimi etsin.

-"Hisslərinə azadlıq ver, ürək çərçivə deyil” yazmışdım şeirlərimin birində. Ürəyim həmişə azaddı. Sevgisində də, nifrətində də. Amma nifrət məndən uzaq duyğudu. Bir filmdə eşitmişdim: " Kimi sevəcəyim mənim əlimdə deyil, amma bu sevgiylə necə davranacağım mənim əlimdədir.”

Mən də tam bu fikirdəyəm. Qadın sevgisi məncə daha qürurlu olmalıdır. Ürəyimdə sevgidən ölsəm də, güvən yoxdusa, dilimə gətirmərəm. Sevgi bir günahdısa, etdiyin günaha dəyməlidir.

Bütün uğursuzluqların günahkarı kimi Allahı suçlayardım

-İntihar edib günahı Allahın boynuna atmaq istəyirsiniz. Daha nələri Allahın boynuna yükləmək fikriniz var?

-Mən deistəm. Əgər Allaha dini mövqedən yanaşmış olsaydım, yaşanmış bütün uğursuzluqların günahkarı kimi onu suçlayardım. Amma mən Tanrını dost kimi sevirəm.

-Küskünsünüz sanki. Tək həyata yox, ədəbi mühitə də.

-Mən balıq bürcündənəm. Dəyişkənlik ruh halımda var. Hərdən düşünürəm ki, mən səhvən bu dünyaya gəlmişəm. Tanrı səhv edib. Hərdən də mübarizə aparmaq istəyirəm. Amma çox vaxt oturub kəşf edilməyi gözləyirəm. Məncə küskün deyiləm, reaksiyasızam. Nəsə məni həyəcanlandırmır, sevindirmir. Çox qəribədir ki, kənardan həqiqətən elə görünürəm. Küskün, qaradinməz, soyuq, az danışan. Amma yaxın dostlarımla, sözümün tutduğu adamlarla danışmaqdan çənəm ağrıdığı vaxtlar olur. Həmçinin də gülmə krizinə girdiyim vaxtlar. Demək problem məndə deyil. Mən ya ehtiyatdan məsafəli davranıram, ya da elə ehtiyatdan. Hər zaman məsafəli davranmaqda fayda var.

Kişilərin 90%-i qadınları anlamır

-Hərdən düşünürəm ki, poeziya qadın ruhudur. Amma qadın ruhunu ən yaxşı kişi duya bilər.

-Zəmanəmizdə 90 faiz kişilər qadınları anlamır. Anlayanlar da deyəsən səhv anlayırlar. O baxımdan qadın ruhunu elə qadınlar daha gözəl duya bilər. Bu, bəlkə də şərq düşüncəsi ilə bağlıdır. Həmişə kişi yazarların öndə olması, çox zaman tarixi baxımdan onların tədris olunub keçirildiyinə görə belə düşüncə var. Həmçinin, qadın azadlığı kişilər qədər deyil. Belə olduqda qadınların istedadı bir növ içində boğulur.

-Kişilər şair olan kimi deyirlər: "Hansısa qadın ayrılığı bunu şair etdi.” Biz də şairə haqqında bu cür düşünə bilərikmi? Sizi hansı kişi şair etdi?

-İlk şeirlərimi 2-ci sinifdə oxuyanda yazmışam. Atama. Əgər mütləq bir kişi olmalıdırsa, o, atamdır. Amma təbii, konktet sevgiyə, sevgiliyə ünvanlanmış şeirlərim də olub.

-Sevgiliyə ünvanladığınız şeirlər ünvanına çata bilibmi?

Etiraf məktubu yazıb tulladım,

Bu gün bədənimin sol tərəfinə.

Əslində bütün şeirlərim özümün özümə etirafıdır. Yəni, konkret ünvan yoxdu. Mən sevgiyə şeirlərimdəki kimi qəmgin tərəfdən yanaşmıram. Şeirlərimdə tez-tez göz yaşından danışıram. Mən demək olar ki, ağlaya bilmirəm. Duyğularımı ürəyimdə bərkidirəm. Maye halına gətirmirəm.

- Qaynanalara münasibət fərqlidir. Amma siz qaynananızın adını təxəllüs kimi götürmüsünüz.

-Biz ailə quranda qaynanam dünyasını dəyişmişdi. Yəni, mən onu heç görməmişəm.Amma deyilənə görə, bənzərliyimiz var. Yoldaşıma olan hörmətimdən onun adını təxəllüs götürdüm. Övladımız gec olmasına baxmayaraq inanırdım ki, qızım olacaq, adını Sevil qoyacam. Həm də bu təxəllüsü isim kimi yox, feil kimi düşünürdüm. Xəyalə, Sevil kimi. Nə dərəcədə sevilmişəm onu da bilmirəm.

-Bəlkə şairliyinizə mane olmasın deyə həyat yoldaşınıza jest kimi etmisiniz?Bir növ onu tərksilah etmək üçün.

-Mən heç qadağaları sevmirəm. Çərçivədə yaşamaq mənə görə ölümə bərabərdi. Əxlaq qadağası xaric. Onu insanın öz xarakteri qoymalıdı. Yəni, rahatam, kiməsə icazə vermərəm ki, mənə o boyda qadağa qoysun. Heç o qədər planlı biri də deyiləm. Elə olsaydım, ən azından daha çox tanınar və daha yaxşı yerdə işləyərdim.

-Xəyalə Sevil olmasa Azərbaycan ədəbiyyatı nə itirəcəkdi?

- Xəyalə Sevil şeir olaraq var. Bunu istedadlı və istedada dəyər verən insanlar təsdiqləyər. Yetərincə tanınmış imza olaraq yoxdu.Təbii, bunun da səbəbləri var. İndiki zamanda məşhur olmağın çox asan yolları var. Amma həmin yollar mənim üçün çətindi.Təəssüf ki, indi nə qədər istedadlı olursan ol, müəyyən qədər fərasətin yoxdursa, həmin istedadı üzə çıxara bilməyəcəksən. Yəni, məşhur olmasan, istedadın təsdiqlənməyəcək. Amma məşhur olsan, ortabab mətnin belə bəh-bəhlə qarşılanacaq. Bu baxımdan mən olmasam Azərbaycan ədəbiyyatı indiki zamanda heç nə itirməz. Amma nə vaxtsa... Altıncı hissim mənə gözəl şeylər deyir.

- Başqa vaxt şikayətlənirsiniz ki, ədəbi mühit "kruq”laşıb. Hamı öz dostlarından müsahibə alır, tərifləyir və.s. Halbuki sizdən müsahibə alanda canım çıxdı.

-Ədəbi mühit həqiqətən "kruq”laşıb. Pis tərəfi də odur ki, bəzi tənqidçilər və ya hansısa söz adamları kənardan necə aydın, şəffaf göründüklərini bilə-bilə pafoslu çıxışlar edirlər.

-Kimlərlə şeir mübadiləsi edir, fikirlərini bölüşürsünüz? Dostunuz azdı ədəbi mühitdə.

-Son zamanlar bir neçə dəfə yeni şeirlərimi Qulu Ağsəsə göndərib fikrini soruşmuşam. Qulu müəllim böyük şairdi. Ədəbi mühitdə dostum azdır, bəli. Çoxu salam-sağol tanışlarıdır. Amma deyim ki, heç yeni dostluqlar qurmağa da çalışmıram. Mənim yaxşı rəfiqələrim var. Yəni, o ehtiyacım ödənir deyə yeni münasibətlərə məsafəliyəm.

-Klassik variantdan, ayrılıq qəm-kədərindən çıxmaq olmaz?

-Məncə ayrılıq, qəm-kədər klassik variant deyil. Günü-gündən təzələnir və çoxalır. Yəni, zəmanəmizdə daha çoxdu. Həyatımda iki dəfə olduqca məhsuldar dövrüm olub. 2-3 ayın içində bəlkə 40-50 şeir yazmışam. Onlar da sevgidən. Yəqin həmin şeirlər sizdə qəm-kədərdən çox yazmağımın təəssüratını yaradıb. Dediyim kimi, indi sevgi şeiri yaza bilmirəm. Məsələn, mən bəzən ayrılıqdan həzz alırmış kimi davranıram. Ayrılığa ironiya edirəm.

-Yaradıcı qadınlarçün anlaşılmaq, evli olmaq çətindir. Xüsusən, şərq aləmində.

-Nəinki qadınlarla, hətta yaradıcı kişilərə də ailəli olmaq çətindir. Ancaq mən deyəsən ortaq yol tapmışam. Yaradıcı tərəfimi sırf özümə saxlamışam. Xəyallarıma. Bölüşmürəm. Ailədə isə daha realam. Yoldaşımın məndən narazı olduğu tək şey dindar olmamağımdı.

Söhbətləşdi: Emin Piri