adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
13 Mart 2020 09:45
109935
MÜSAHİBƏ
A- A+

İradə TUNCAY: “Yaşadığımız aləm Allahın insanlara sevqi payıdır” - MÜSAHİBƏ

"İdeal insan yoxdur, ideallaşdırdığımız insanlar var. Çox olur ki, sevdiyimiz insanları ideallaşdırırıq. Lakin sonradan başa düşürük ki, o da, adi insandır, səhvləri də var, düzləri də. Mən çalışıram, insanlarla məsafə saxlayım. O "tormoz məsafəsi” deyirlər, bax ondan”. "Üç nöqtə” qəzetinin qonağı yazıçı, publisist, Əməkdar jurnalist İradə xanım Tuncaydır.
 
-Fikrimcə, yazıçılar sirr dolu bir qutunu xatırladır. O qutudan oxucular üçün hansı sirlər çıxacaq bunu yalnız müəllifin özü bilir. İradə xanım sirli qadındır?
 
-Desəm ki, mənim bir sirrim yoxdur, yalan olar. Sadəcə mən sevmirəm, içimdəki dərdləri, kədəri və ya sevincimi açıb kiməsə göstərməyi. Bilirsiniz ki, qapılar müxtəlifdir və o qapıların da öz açarı var. Kim qapını düz seçib, o açarla aça bilirsə, mənim daxili dünyama qismən də olsa, daxil ola bilir. Suala cavab olaraq deyim ki, mənim böyük bir sirlərim yoxdur.
 
-Dərdinizə ən çox kim şərik olur?
 
-Dərdimi danışmağı sevmirəm. Ona görə də dərdimə şərik olan insan yoxdur. Dərdlərimi heç ailə üzvlərimə də danışmıram. Həyatım belə olub əvvəldən. Uşaqlıqdan heç kimə danışmamışam və bu indi də belədir.
 
-Uğurlu bir insan haqqında çox şey danışmaq olar. Bəs uğursuz bir şəxsin hekayəsi, sizcə, insanlara nə dərəcədə maraqlıdır?
 
-İlk növbədə müəyyən edək. Biz uğurlu kimə deyirik? Məsələn, siz kimə deyirsiniz? Sizə görə, həyatda düzgün mövqeyi olan insan uğurludur. Amma kiməsə görə, pulu olan insan, başqasına görə isə vəzifəsi olan insan. Mən çox da fəlsəfəni araşdırmıram, amma həyatda fəlsəfi baxışlarla üzləşirik, insanıq axı. Nə bilim?
 
-Özünüzü necə uğurlu yoxsa uğursuz bir insan kimi təsəvvür edirsiniz?
 
-Bu bir an içində olacaq şey deyil. Mənə elə gəlir ki, addım-addım öz hədəflərimə nail olmuşam. Bəzən atdığım atəş hədəfdən yayınıb, bəzən hədəfin tam mərkəzinə dəyib, fərqli zamanlarda fərqli olub. O uğurlara pillə-pillə çatmışam, mənim qarşıma bu uğurları qızıl teştdə qoyan olmayıb.
 
-Yazıçının ən böyük xoşbəxtliyi nədir?
 
-Mənə elə gəlir, oxucusunun bol olmağı. Mənə elə gəlir, budur. Həm də yazıçının özünü ifadə etməyidir. Ədəbiyyat tarixinə nəzər salsaq, görərik, elə yazıçılar olub ki, onlar öz sağlığında heç kim tərəfindən anlaşılmayıb, amma vəfat etdikdən sonra çox populyar olublar. Mənə elə gəlir, vaxtında anlaşılmaq və oxucunu öz dəsti-xəttinə inandırmaqdır yazıçının xoşbəxtliyi.
 
-Təsadüf, ya qismət?
 
-Mən təsadüflərə inanmıram. Başımıza nə gəlirsə, Allahın izni ilə olur. Deyirlər ki, insanın ana bətnindən başlayaraq qisməti yazılır, doğulacağı gün, öləcəyi gün və həyatı. Biz bunu dəyişə bilmərik. Çox çalışırıq ki, dəyişək, amma nəyisə dəyişə bilmirik.
 
-Həyatda aldığınız ən böyük zərbə?
 
-Gəlin bu sualın üstündən keçək. Bu barədə danışmaq istəmirəm. Çox ağırdır.
 
-Bəs hansısa bumeranq zərbəsi almısınız?
 
-Yəqin ki, olub. Yəqin ki, yox, mütləq ki, olub, sadəcə mən o bumeranqın hansı tərəfdən, nəyin qarşılığında gəldiyini bilmirəm. Xarakter etibarilə mənfi adam deyiləm, kiməsə pislik etmək mənə xas deyil. Amma həyatdır, səhvlərim olub. Bəlkə də, o səhvlərin nəticəsi bumeranq olaraq mənə qayıdıb.
 
-Şair Məmməd Arazın qızı olmaq sizə nə verir?
 
-Yalnız məsuliyyət hissi. Deyim, Məmməd Arazın qızı olmaqla hansısa bir imtiyazlara malik olmuşam, düz çıxmaz. O zamanlar insanlara kimliyinə görə deyil, nəçiliyə görə qiymət verirdilər. Məmməd Arazın o nəçiliyi olmayıb axı, kimliyi olub.
 
-Gənclik, yoxsa indi də pis deyil?
 
-O yalan sözdür ki, insanın xoşbəxt qocalığı. İnsan zəifləyirsə, kimdənsə asılı vəziyyətə düşürsə, bunun nəyi xoşbəxtlikdir? Tutalım, ətrafında adamlar da var, sənə qulluq edirlər. Zəhlələrini tökürsən, başqa heç bir şey yox. İstər-istəməz bezdirirsən. Ona görə də gənclik. Amma bu elə bir şeydir ki, insan gənc qalmır, qocalır.
 
-İdeal insan olur, yoxsa ideallaşdırdığımız insanlar var?
 
İdeal insan yoxdur, ideallaşdırdığımız insanlar var. Çox olur ki, sevdiyimiz insanları ideallaşdırırıq. Lakin sonradan başa düşürük ki, o da, adi insandır, səhvləri də var, düzləri də. Mən çalışıram, insanlarla məsafə saxlayım. O "tormoz məsafəsi” deyirlər, bax ondan.
 
-İnsanın vicdanı susanda nə baş verir?
 
-Bütün dəhşətli hadisələr vicdan dediyimiz nəsnənin susmağı ilə başlayır. Mənə elə gəlir ki, günahlar da vicdanın susmağının nəticəsində baş verir. Gözümüzlə görmürük ki, vicdan nədir, nə rəngdədir, amma bu söz mövcuddur, ona laqeyd yanaşmaq lazım deyil.
 
-Niyə vacib insanlar yanımızda olmayanda onlar haqqında düşünməyə başlayırıq?
 
-Görürsən ki, sənin həyatında nəsə çatışmır, ona görə. Əlini atırsan hansısa işi görməyə, baxırsan ki, o vacib şəxs yoxdur. Mən hələ ən sadə bəsit nümunə deyirəm. Amma gəlin bir də bu prizmadan nəzərdən keçirək. Mənim atam illərlə xəstə oldu və heç nə ilə mənə kömək edə bilmirdi. Amma mən həmişə atamı fikirləşirəm. Bəli, kömək edə bilməyib, qolumdan tuta bilməyib, amma həmişə atamı fikirləşirəm.
 
-Sevginin dili var sizcə?
 
-Baxır insana. Kimin üçünsə gözlər, kimin üçünsə ürək, kimin üçünsə isə sözlər danışır. Mənə elə gəlir, birinci hisslər danışmalıdır, sonra sözlər. Sözlər lazımdır.
 
-Nəyə inanmırsınız və ya inanmaq istəmirsiniz?
 
- Mənim bir dostum həmişə deyir ki, sən dünyanın heç nəyə inanmayan adamısan. Görünür, çox zərbələr almışam, ondan irəli gəlir ki, inam ölüb artıq mənim içimdə. Mənim yanımda yalan danışmaq olmur, həmin dəqiqə hiss edirəm. İstər böyük, istər kiçik yalan olsun. İnanmadığım şeylər kifayət qədərdir.
 
-Dostlarınız çoxdur?
 
-Xeyr, mənim çox məhdud çevrəm var. Hər adama yaxın getmirəm, nə də yaxın buraxmıram. Dostlarım yalnız ədəbiyyat nümayəndələri deyil. Bu sahədən olmayan insanlarla da dostluq edirəm. Onlarda ruh yaxınlığını hiss edirəm, ona görə də dostluq edirəm.
 
-Bir yazıçının əsər yazması üçün nə lazımdır?
 
-Sevgi. Sevgidən sonra hər şey yaranır. Bilirsiniz nə mənada sevgi deyirəm? Bizim yaşadığımız aləm Allahın insanlara sevgi payıdır. Eləcə də əsər yazıçının sevgi payı olmalıdır.
 
-İnsanlarda daha çox nəyə fikir verirsiniz?
 
-Xüsusi olaraq əhəmiyyət vermirəm insanlara. Amma daha qabarıq şeylər var ki, onlardan yan keçmək olmur. İnsanlarda mədəniyyət, etikaya daha çox diqqət yetirirəm. Son zamanlar, sanki, o kübarlıq azalır müəyyən insanlarda. Bunlar mənə çox təsir edir, çox incidir. Bu özünü tapmamaqla bağlıdır. Bizim çoxumuz özümüzün kim olduğunu bilmirik, nəyə qadir olduğumuzu bilmirik. Özümüzü tapmayanda isə bu hallar olur.
 
-Ailədə sirr olmalıdır?
 
-Təbii. Ailə kiçik bir dövlətdir, onun sirri mütləq olmalıdır. Əvvəllər insanlar evdə səsini qaldırıb nəyisə həll etmirdilər ki, qonşu eşidər, ayıbdır. İndi insanların bəziləri o sərhədləri bilmir. Bilmir ki, nəyi demək olar, nəyi demək olmaz.
 
-Kiməsə ikinci şans vermək olar?
 
-Biz istər-istəməz həyatımız boyunca kiməsə o şansı veririk. Çünki qarşındakı insandır. İkinci dəfə təkrar səhv edən insanı isə həyatın axarına buraxmaq lazımdır. İnsan səhvlərdən nəticə çıxarmalıdır.
 
-Sizi sizdən yaxşı kim tanıyır?
 
-Heç kim, heç kim. Heç çalışmayıblar da məni tanımağa. Yəqin uşaqlıqdan bəri çox qapalı insanam, ondandır. Heç valideynlərim də məni tanımadı, həyat yoldaşım da tanımır, övladlarım da. Mən yaralanmaqdan qorxduğum üçün heç bir zaman özümü açmamışam kiməsə. Çünki zəifliyimi bilib, məni o yerdən vurarlar. Buna görə də qapalı qalmışam.
 
-Düzünü deyim ki, heç mən də sizi tanımadım. Söhbətimizin əvvəlində demişdim ki, yazıçılar sirr dolu bir qutunu xatırladır. O qutudan oxucular üçün hansı sirrlər çıxır, bunu yalnız müəllifin özü bilir. Bu gün İradə xanım, həqiqətən də, sirr dolu bir qutu oldu. Dəvətimizi qəbul etdiyiniz üçün təşəkkür edirəm.
 
-Mən də sizə təşəkkür edirəm.
 
Rövşən Tahir