ZƏİF BƏND

İRADƏ TUNCAY
57561 | 2006-11-25 09:29

Mən bu yazını bir neçə ay əvvəl yazmışdım. O ümidlə yazmışdım ki, bəlkə özlərinin çox böyük kürsülərdə oturduqlarını güman edən şəxslər hər halda bir nəticə çıxararlar. Olmadı. Görünür çox sadəlövhəm. Bu vurhavurda, bu qaphaqapda SÖzÜn kiməsə təsir edəcəyinə inanmaq istəmişəm. Şəxsiyyət, sevgi və səmimiyyətin tütyəyə döndüyü bir cəmiyyətdə nə deyirsən elə bil divara dəyir. Hamının bir-birinə patoloji nifrət hissi ilə yaşadığı bir mühitdə o biri dəyərləri yerbəyer eləmək çətin məsələdi. İçimizdə kükrəyən kin-küdurətdəndir ki, balaca bir qığılcım böyük bir konfliktə gətirib çıxarır. İqtidar müxalifətə, müxalifət iqtidara, işçilər öz rəislərinə, bir yazıçı dəstəsi o birinə, bir bölgənin əhalisi başqa bölgənin camaatına nifrət edir. Belə izlənim yaranır ki, bizim məmləkətdə hamı özündən, özünün daxil olduğu zümrədən, mənsub olduğu partiyadan, ailədən, bölgədən razıdır -digərləri cəlladır, idiotdur, pozğundur, əyyaşdır və s. İstisnalar yoxdur, niyə belə olsun? Əgər kimsə yaxşı bir iş görübsə, yaxşı bir söz deyibsə nədən inkar edək? Siyasi mənsubiyyət niyə bəşəri dəyərləri üstələsin? Niyə sifarişli təhqirlər və sifarişli təriflər cəmiyyətin normasına çevrilsin? Niyə oxucu qəzeti açanda, televizorun düyməsini basanda yalançı mədhnamələr oxusun, saxta təbəssümlər görsün? Mətbuat və televiziya cəmiyyətdəki ab-havanı göstərir. Və bu total nifrətin sonu heç də yaxşı olmayacaq. Fikrini ifadə edə bilən və yaxud da ifadə etmək istəyənlərin vay halına. Bu boşluğun içində rəng olaraq gözə çarpan nələrinsə, kimlərinsə sayı gündən-günə azalır. Xalq yazıçısı Elçin bir yazısında deyirdi ki, " Strateji qələbəyə aparan yol istedadın taktiki qələbəsindən keçir". Hər addımda istedadlı adamın üstündən xətt çəkib arxaya itələyirlərsə, burda hansı strategiya və taktika işləyir? Görünən budur ki, bütün məmləkət "Zəif bənd" oyununun iştirakçısına çevrilib. Odur ki, "Zəif bənd" oyununa xoş gəldiniz.
   
   Bu oyun çox məşhur oyundur. Dünyanın bir sıra telekanallarında nümayiş olunur. Bizimkilər də lisenziyasını alıb oynayırlar. "Zəif bənd"ə ruslar "Slaboe zveno" deyirlər. İnsan xislətinə xas bəzi cəhətlər bu oyunda qabardılıb - yəni başqaları ilə sazişə girib özündən güclünü kənarlaşdırmaq. Hind-Çin ölkələrində bu oyun mentalitetə ziyanlı ünsür kimi qadağan olunub. Amma bir çox ölkələrdə uğurla nümayiş olunur, bizdə də eləcə. Düşünürəm ki, bu oyun bizim təfəkkürümüzə, həyat tərzimizə çox yaxındır. Yadınıza salın, görün həyatımız boyu bu və ya digər şəkildə nə qədər zəif bənd, zəif həlqə yerinə qoyulmuşuq. Həyatımızın böyük bir hissəsini elə yaşamalı olmuşuq ki, bilməmişik ağlımız, savadımız, biliyimiz olduğunu göstərək, ya özümüzü gicliyə vuraq. Şəxsən mənim özlüyümdə gəldiyim bir qənaət var ki, tarixin bütün dönəmlərində kütlədən seçilə bilən, fərd ola bilən, şəxsiyyət ola bilənlər öz dövrünün "persona non qrata"sı olublar. Sonra tarixin ələyi öz işinə başlayanda dövrün istənməyənləri zamanın istəklisinə çevriliblər. Öz fiziki ömürlərini çoxdan başa vurmuş şəxslər (qeyd edim ki, bu başa vurmaqlar əksər hallarda dar ağacında, tonqalda, cəllad kötüyündə bitirdi) hər zaman bəşəriyyətin hərəkətverici - aparıcı qüvvələri olublar. Ətrafdakı həşəratlar onları nə qədər didişdirsə də dünyanı fırladan qüvvə hər halda Qaliley kimilərdir, məcbur olub bundan imtina etsələr də.
   
   Biz dünyaya gəlmişiksə, demək yuxarıdakı mütləq qüvvənin nə isə bir məqsədi varmış. Və həyat bizə yer verməyə borcludur . O yerdə necə oturmaq isə artıq bizə aid olan borcdur. Oturduğumuz yermi bizə yaraşıq olacaq, yoxsa biz həmin yeri qiymətli edəcəyik? Bu isə artıq hər bir insanın ömrüdür, taleyidir, tərcümeyi-halıdır. Hər kəs bir anadan doğulur, öz evində böyüyür, öz sevgisi, sevgilisi, övladı olur. Bu təbii "fərdiyyətçiliyin" təsirindəndirmi ki, insanın öz cığırı, öz yolu, yaradıcılıq eşqi özünə daha doğma, daha yaxındır. Hər kəs sevincini də, ağrı-kədərini də tək yaşayır. Yəni bölüşə bilirsənsə də yük öz çiynində qalır. Və yaşaya-yaşaya görəndə ki, səni fərd olmaq istəyindən uzaqlaşdırmaq arzusunda olanlar çoxdur, fərd olmağın kimsəyə sərf eləmir, düşünməyə məcbur olursan. Zəif bənd kimi qırılıb atılmamaq üçün buyuruqçuluq psixologiyası ilə barışıb başqasının iradəsi ilə "Bəli, baş üstə, irəli-geri, sağa-sola" hərəkətləri... Hər kəs kimi. Bəlkə bunu öz düşüncəsi, öz dünyagörüşü, öz "məni" olmayanlara tətbiq etmək çox normaldır.Cəmiyyətdə böyük əksəriyyət göstəriş olmadan bircə addım da ata bilmir. Amma sayı çox az olan bir kəsim var ki, onların "məni"ni görmək və qiymətləndirmək lazımdır. Çünki biz sabaha onların çiynində gedəcəyik. Həmin o sabahkı gündə də fərqi olmayacaq, bu adamlar öz dövrlərində hansı vəzifəni tutublar,hansı kresloda oturublar. Əbədi dəyərlər var - Söz və əməl.
   
   Mən insanın həyatdakı yeri, birincilik, ikincilik davaları haqqında çoxdan yazmaq istəyirdim. Sadəcə yaxın vaxtlarda ətrafımda baş verən hadisələr bu prosesi sürətləndirdi. Düşünürəm ki, yeni-yeni formalaşan, yazılmış qanunların hələ işlək mexanizmə çevrilmədiyi, amma yazılmamış qanunların çox nəsnələri həll etdiyi ölkələrdə ideoloji cəbhədə çalışmaq çətin işdir. Bəlkə də "çətin" sözü çox yumşaq deyilib. Hələ bu söz kütləvi informasiya vasitələrinə aiddirsə, hələ kütləvi informasiya vasitələri içində televiziyalara aiddirsə, bu qavramın nə qədər ağır çəkisi olduğunu anlamaq üçün gərək bu cəbhənin əsgəri olasan. Hələ üstəlik də bir qayda-qanun da yoxdursa, gəl işlə görüm necə işləyəcəksən. Hərənin öz həqiqətinin olduğunu bilə-bilə... Bir tərəfin hər şeyi qapqara, bir tərəfin də hər şeyi çəmçəhrayı gördüyünü bilə-bilə, bu rəng çalarlarının içində aydın, təmiz, ləkəsiz, ağ kağız üzərində söz yazıb insanları inandırmaq da müşkül məsələdir. Mən televiziyada tələbə vaxtlarımdan çalışıram. Bu sahə çox strateji, həm də çox populyar bir sahə olduğundan cəmiyyətin bütün təbəqələrini əhatə edir. Burda deyilmiş hər bir sözün məsuliyyəti, ağırlığı olmalıdır. Olmalıdır. Amma olurmu?
   
   Televiziya hər kəsi maraqlandıran ərazidir. Siyasətçilər öz hökmləri ilə, sənətçilər öz havası ilə, tamaşaçılar da öz mühakimələri ilə burda ərazi iddiasındadırlar. Hər hansı bir şəxsin hazırlanıb bu qutudan söz deməsi üçün ən azı beş il lazımdır. Görünən budur ki, bizim məmləkətdə kanal bolluğu olsa da, kadr qıtlığı mövcuddur. Və ağzını açıb bir kəlmə söz demək istəyəndə Məşədi İbadsayağı fikirləşməlisən ki, belə desəm, Gəncə qumarbazlarının xoşuna gəlməyəcək, belə desəm, Şamaxı lotularının, belə desəm də Qarabağın pambıq bəylərinin. Axırda bir nəticəyə gələcəksən ki, yaxışısı budur indinin bütün obrazovonnıları kimi ağzına su al otur. Amma hər zaman susmaq da olmur axı. Bir neçə ay bundan əvvəl İctimai Televiziyanın rəhbəri gözəl çıxış elədi bir şou proqramla bağlı":: "Bunu efirə vermək cinayətdir, bu barədə susmaq isə xalqa xəyanətdir!" Düzdür, səsinə səs verən olmadı, amma hər halda dedi də. Və nə qədər belə verilişlər haqqında bu sözləri demək olar. Demirlər, çünki heç kim başını ağrıtmaq istəmir. Aprel ayının əvvəllərində mən bir kəlmə söz dedim, iki həftəlik qonaqlarımız mənimlə düşmən oldu. Reaksiyalarından belə başa düşdüm ki, məni də zəif bənd elan eləməyə hazırlaşırlar. İşdən çıxmaq üçün ərizəmi yazdım, gəldim səhər işə, dedilər ki, nə "ərizə" hakimiyyət dəyişdi. Hakimiyyət dəyişməyinə dəyişdi, məzmun dəyişmədi.
   
   Bəli, mən bu gün də öz fikrimdə qalıram ki, ana dilində iki cümləni ifadə edə bilməyənləri ideoloji sahəyə yaxın qoymalı deyillər. Göndərsinlər tikintiyə, səhiyyəyə, idmana, amma ideologiyada sırf milli kadrlar işləməlidir. Bu səkkiz ayda nə qədər adamı "Zəif bənd"in halqaları kimi qoparıb atdılar. Özün zəifsənsə təbii ki, ətrafındakı güclülərdən qorxacaqsan. Qəribədir, bu prosesləri hər kəs görür, bircə "görmək" vəzifə borcu olanlardan başqa. Vəzifə çox müvəqqətidir, adama da müvəqqəti səlahiyyətlər verir. Və sən kimisə öz cazibənə salmaq istəyirsənsə ağlını işlət, əlinin altındakı telefonları və düymələri yox. Çünki hər kəsi zora, gücə tabe eləmək olmur. Bu münasibətlərdə həm də sevgi olmalıdır. Vəzifə o zaman dəyərli olur ki, səndən ancaq qorxmurlar, həm də sevirlər. Öz işçilərinə dəyər verə bilənlər özləri dəyərli olurlar. Yazı-pozu adamlarını isə heç vəchlə zəif bənd eləmək olmaz. Çünki onlar sonradan daha güclü zəncirbənd təşkil eləyə, qura bilərlər.
   
   "Zəif bənd"i ancaq intellektual oyun kimi saxlamaq lazımdır. Çünki bu məmləkətdə çatışmayan çox nəsnələrdən biri də intellektdir, savaddır. Həyatımızda isə hər kəs öz yerində oturmalıdır. Güclü, istedadlı - öz layiqli yerində, zəif də öz yerində... Görünür çox sadəlövhəm. Elə bilirəm ki, bizim səsimizi də kimsə eşidəcək. Hələlik isə "Zəif bənd" oyunu davam edir.

TƏQVİM / ARXİV