ƏQRƏB BÜRCÜ

İRADƏ TUNCAY
57511 | 2006-11-10 21:55

Son illər hər dəfə Əqrəb bürcü ulduzların içində öz aparıcı yerini tutanda, hər dəfə soyuq noyabr küləkləri pəncərəni döyəndə anlaşılmaz duyğuların, hisslərin təsirinə düşürəm. Hər dəfə müəyyən bir yaş səhifəsini qatlayıb yeni bir səhifə açanda həyat adlı bu kitabın müəllifi ilə - yəni Zamanla bizim ömrümüzü müzakirə eləmək istəyirəm. Bizim - yəni bu gün orta yaşlarını yaşayan insanların. Bu kitabı fəsil-fəsil vərəqləsək, birinci səhifəsindən bu günə gəlib çatsaq hansı nəticəni çıxaracağıq? Müəllif nə demək istəyirdi, baş qəhrəmanlar kim idi, ana xətt nə idi? Ümumi bir fikrə gələ biləcəyikmi? Və bizim yaşıdlarımız - xoşbəxt sovetlər ölkəsində doğulub bu gün azad və müstəqil məmləkətin vətəndaşları olan yaşıdlarımız - həyatdan nə gözləyirdilər, nə aldılar? Mən düşünə bilən, hər şeyi təhlil edə biləcək insanlara xitabən soruşuram - 20-25 il əvvəl ətrafınızda bolşevik təfəkkürlü hədyanlara inanan, inanmasa da əl çala bilən yırtıcılarla üzbəüz gələndə həyatın dəyişəcəyinə, dünyanın düzələcəyinə inanırdınızmı? Və bu düzəlişlərdə öz payınızın olacağına ümid edirdinizmi?
   
   Bu gün bizi yetişən nəsil haqlayıb, yeni nəsil. Onlar yeni dövrün insanlarıdır - ola bilər ki, bizim kimi kitaba hörmətlə yanaşmırlar, ola bilər ki, yazılarını başdan-ayağa orfoqrafik səhvlərlə yazırlar, ola bilər ki, baletlə operanın fərqini anlamırlar... Əsas məsələ odur ki, onlar həyata uyğunlaşmağı öyrəndilər. Bizi bəyənmədikləri üçün bizə məxsus bu kiçicik künc-bucaq ki, var, ordan da sıxışdırıb çıxarmaq istəyirlər. İnanın ki, dediyim atalar-oğullar, nəsillər arasındakı anlaşılmazlıq problemi deyil. İndi iş elanlarına baxsanız orda yalnız və yalnız 20-25 yaşlı gənclərə tələbat var. 40 yaşında bir insanın işləmək hüququ yoxdur? Dünən bizə heç yerdə imkan vermirdilər ki, uşaqsınız, bu gün ancaq uşaq axtarırlar. Cəmiyyət niyə belə pedofil olub? Bildiklərimizi, savadımızı tətbiq etməyə nə vaxt imkan olacaq? Biz nə vaxtsa savad və istedadımızın müqabilində çörək qazana biləcəyik? Şantaj eləyə bilməyən, rüşvət ala bilməyən, əyilə bilməyən işini ancaq düz yolla quran adamlar nə vaxt cəmiyyətə lazım olacaqlar? Bu günlərdə bir dostum gileyləndi ki, vaxt keçdikcə hiss edirəm ki, boğuluram, hiss edirəm ki, öz yerimdə deyiləm, öz istədiyim işi görmürəm. Bizim yaşıdlarımızın əksəriyyəti belə düşünür. Düşünür, çabalayır və heç nə edə bilmir. 40 yaşında insanın başında inqilab havası olmur. Cəmiyyətə öz biliyi ilə xidmət etmək ehtirası olur. Bu enerjini işə çevirmək vaxtı gəlib çatmayıbmı? Göz- qaş oynatmağı, əzalarını titrətməyi bacarmayanların da ağılına-sənətinə , istedadına görə müəyyən bir mövqe tutmağının vaxtı gəlib çatmayıbmı? Kişiliyi, gücü ciblərində olanların öz pullarını kiməsə klip çəkdirməyə yox, xalqın taleyüklü problemlərinə yönəltməyin vaxtı gəlib çatmayıbmı?
   
   Bu da bizim həyat kitabımızın yeni bir fəslidi . Məmləkət dönüb olub böyük bir səhnə - 7-dən 77-yə hamı artist olmaq istəyir. Mentalitet 10-12 ilə görün necə dəyişib. Bir vaxt nəvələrini səhnəyə qoymayan nənələr indi görün nə oyundan çıxırlar, bərəkallah. XX əsrin əvvəllərində Əbdürrəhim bəy Haqverdiyev "Qacar" dramını yazanda aktyorlar ondan xahiş eləmişdilər ki, qadın obrazı yazmasın, aktrisa yoxdur. İndi kişi başını qaldırıb baxsaydı fəxr eləyərdi. Bir qəribə tendensiya da var. Pulsuz adamlar artist olmaq istəyirlər, pullu adamlar şair, bəstəkar. Bu fəslin səhifələri çox olacaq, ya yox, onu deyə bilmərəm. Hələ ki, davam edir. Gör nələri görə-görə gəlirik ey.
   
   Hər zaman noyabr ayında rəhmətlik Brejnevi xatırlayıram. Onun sonuncu dəfə 7 noyabr paradında əlini zorla tərpətməyi, Moskvaya bənzər sifəti yadıma düşür. Ölümü, tappıltıyla məzara tullanmağı yadıma düşür. Mənim tələbəlik illərim Brejnevin həyatının son dövrünə təsadüf edir. Həmin o son dövr Sovet dövlətində də müəyyən dövrün sonu demək idi. Daha doğrusu, sonun başlanğıcı idi . Ancaq çox dəbdəbəli və möhtəşəm sonu. Təntənəli qurultaylar, uzun-uzadı iclaslar, sürəkli alqışlar, keçici bayraqlar və bütün bunların fonunda bomboş dükanlar, talonlar, uzun-uzadı növbələr - hər şeyə corabdan-kolbasaya tutmuş, evə-maşınacan növbələr. Kosmosa raket uçurdan, nüvə silahı olan, dünyada nə qədər yetim ölkələri yedirdən Brejnev, yəni sovet hökuməti - öz vətəndaşlarına əyin-baş, yemək-içmək verə bilmirdi. Amma insafla danışsaq, bütün bunlar qocalıb-xəstələnəndən, ağlı başından çıxandan sonra baş verdi. Ölkə başladı çökməyə. İndi desəm ki, o vaxt hər şey pis idi, insafdan kənar olar. Birincisi, Sovet adamları aza qane olmağa öyrəşmişdilər və hər şeyə əl çalmağa, "Yaşasın", "Ura" qışqırmağa həvəskar idilər. İkincisi, Sovetlərin gözəl təhsil sistemi var idi. Bu gün possovet məkanındakı ölkələrin hər sahədəki yükünü Sovet təhsili almış adamlar çəkirlər. Mühəndisindən, həkimindən tutmuş nazirinə, birinci şəxsinə qədər. Amma bu təhsil sistemində o qədər artıq şeylər vardı ki... Məsələn, hər sessiyada gözümüzü kor eləyib Sov.İKP tarixini, qurultayları, həmin qurultaylarda qəbul olunmuş qərar və qətnamələri əzbərləyirdik. Sonra məlum oldu ki, bunlar heç lazım deyilmiş. Bütün institutlarda, universitetlərdə ən əsas kafedra "Elmi kommunizm" kafedrası sayılırdı. Bu fənnə görə, hətta sonuncu kurslardan o qədər uşaqları xaric eləmişdilər ki. İxtisas fənləri qalırdı bir tərəfə, Leninin aprel tezislərini müəllimlər də, həkimlər də əzbər bilməliydilər. Deməli, boş şeylərə ömrümüzün xoş saatlarını, günlərini sərf eləmişik. Çox təəssüf. Bunları bizə kim qaytaracaq?
   
   Əvvəllər noyabr ayında böyük bir dövlətin ən böyük bayramını qeyd edərdik. Qəribə təzaddır. İndi özümüzün Konstitusiya bayramını qeyd edirik. Konstitusiya insanların hüququnu müəyyən edir. Amma kağız üzərində yazılanlarla cəmiyyətə tətbiq olunan çox fərqlidir. Bir neçə il ərzində üç dəfə dəyişilsə də həyatımızın məzmunu dəyişməz qalır. Bizim həyat kitabımızın proloqu ölkədə baş verən çörək qıtlığı ilə başlamışdır. Fabula - bir dövlətin gələcəyinə inam, qırmızı xətt - yalan, apogeyi - həmin dövlətin dünyanın siyasi xəritəsindən silinməyi, epiloq isə - hələ yazılmayıb.
   
   1989-cu ilin 9 noyabrında Berlin divarı yıxılanda mən çox gənc idim. Sadəlövhcəsinə inanırdım ki, divarların yıxılmağı asan olur. İndi bizim də qarşımızda nə qədər divar var. Amma heç yaxınlığına da gedə bilmirik. Amma bu gün tələbə olanlara, gənc olanlara bir arzum var. Həyatınız elə keçsin ki, bizim yaşımıza çatanda təəssüf eləməyisiniz.

TƏQVİM / ARXİV