adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
06 Mart 2020 17:27
10217
MƏMLƏKƏT
A- A+

Abşeronda qəsəbələri birləşdirən yol təmir edilir

Qəsəbələrarası avtomobil yolunu birləşdirərək keçdiyi ərazidə nəqliyyat axınına müsbət təsir edən yolun yenidən qurulması işləri həyata keçirilir. Söhbət Abşeron rayonu, Mehdiabad qəsəbəsinin Qara Qarayev küçəsindən gedir.

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Adalet.az-a verilən məlumata görə, 2 km uzunluğa malik Qara Qarayev küçəsi Mehdiabad-Fatmayi-Goradil və Binəqədi-Novxanı avtomobil yollarını birləşdirərək, həm yol boyu yaşayan vətəndaşların, həm də bu yoldan istifadə edənlərin əlavə məsafə qət etmədən rahat və təhlükəsiz gediş-gəlişini təmin edəcək.

Qara Qarayev küçəsi Mehdiabad qəsəbəsinin əsas mərkəzi yollarından biri hesab olunur. Uzun müddət əsaslı şəkildə təmir edilmədən istifadə olunan küçənin yol yatağı və örtüyü deformasiyaya uğramış, çalalar və çökmələr əmələ gəlmişdir. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətini çətinləşdirməklə ərazidə nəqliyyat axınına mənfi təsir göstərirdi.

"İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, torpaq yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, küçənin səki hissələri yenidən qurulub, kənarlarına 4 min paqon-metr yeni səki daşları düzülüb və hərəkət hissəsi yeni asfalt-beton örtüklə örtülüb.

Növbəti mərhələ üzrə artıq küçənin 16 min kv.m sahəsinə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət və 12 sm qalınlıqda asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Bunun üçün əraziyə kifayət qədər canlı qüvvə və texnika cəlb edilib.

Yaxın günlərdə küçədə təmir-tikinti işlərinin yekunlaşdırılması planlaşdırılır. Bundan sonra küçə zəruri yol nişanları və üfiqi nişanlanma xətləri ilə təmin ediləcək.