adalet.az header logo
  • Bakı 21°C
06 Mart 2020 12:40
29106
SİYASƏT
A- A+

Dostluğun sonu?

Dünən Türkiyə və Rusiya prezidentləri arasında Moskvada keçirilən və 6 saata yaxın çəkən görüş Ərdoğanın tam fiaskosuyla nəticələndi. Məlumdur ki, bu görüşdən öncə Ərdoğan bildirmişdi ki, Bəşər Əsəd ordusu Soçi anlaşması çərçivəsində nəzərdə tutulan mövqelərə çəkilməlidir. Moskva görüşündə isə bu barədə söhbət getmədi, görüş fakti olaraq son hərbi əməliyyatlar nəticəsində bölgədə yaranmış durumun "sənədləşdirilməsiylə” yekunlaşdı. Yəni, Türkiyə Suriya ordusunun əldə elədiyi yeni mövqelərdə qalacağıyla barışmalı oldu.

Həmin əməliyyatlar zamanı B. Əsəd vətəndaş müharibəsinin ilk günlərindən cihadçıların əlinə keçən M-4 və M-5 şosse yollarını tam olaraq rejimə müxalif olan qüvvələrdən tamamilə təmişləyərək öz nəzarəti altına keçirmişdi. Xatırladaq ki, paytaxt Dəməşqi ölkənin iki böyük şəhəri olan Hələb və Ləzkiyə ilə birləşdirən bu yollar strateji əhəmiyyətli şosselər sayılırdı. Moskva razılaşmasında B. Əsədin son günlərdə əldə etdiyi həmin mövqelərdən geri çəkilməsi barədə söhbət belə getmir. Bu isə artıq Soçi anlaşmasının qüvvədən düşməsi deməkdir.

M-5 şossesi tam şəkildə Suriya hökumətinin əlinə keçsə də, M-4 şossesi müəyyən qədər türklərin də təsir dairəsi altındadır. Bu şosseylə bağlı isə atəşkəs elan olunub, yəni, vəziyyət hələ ki durduğu yerdə qalacaq. Həmin yolun Sərakib yaxınlığındakı Trumba ilə Ayn Əl Havra arasındakı hissəsində türk və rus əskərləri birgə patrul xidməti aparacaqlar. Yəni, həmin yolun yenidən terrorçuların nəzarətinə keçməsinə imkan verməyəcəklər. Əgər cihadçılar ora hücum etsələr türk əskərləri də rus əskərləri ilə birlikdə bunun qarşısını alacaqlar. Sadə dilə çevirsək, Ərdoğan Əsədin müdafiəçisi olacaq.

Moskva görüşündə türklərin 12 müşahidə məntəqəsinin öz fəaliyyətini davam etdirəcəyi barədə də razılıq əldə olunub. Bu məntəqələr hələ Soçi anlaşmasının nəticəsi olaraq yaradılmışdı. Suriya ordusunun son hücumlarından sonra vaxtilə müxalif qüvvələrin və cihadçıların nəzarətində olan həmin müşahidə məntəqələrinin yarısı indi artıq Əsədin əlində olan bölgələrdə yerləşir. Həmin məntəqələrin funksiyasından danışan Türkiyə prezidenti bildirib ki, onlar yalnız atəşkəsə nəzarət funksiyasını həyata keçirəcəklər. Yəni, diplomatik dildə bəyan edib ki, burdan rejim qüvvələrinə qarşı hər hansı əməliyyat keçirilməyəcək.

Moskva anlaşmasının Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu tərəfindən oxunan türkcə mətnində diqqəti cəlb eləyən əsas məqam Suriyanın Suriya Ərəb Respublikası şəklində təqdim olunmasıydı. Həmin ifadə dolayısyla Əsədin legitimliyinin tanınması anlamına gəlir ki, bu da yumşaq desək, son illər Türkiyə-Suriya münasibətlərinin ruhuna uyğun gəlmir.

Müşahidəçilərin ən şox marağına səbəb olan məsələ isə Ərdoğanın Putinə müraciət formasındakı dəyişiklik idi. Münasibətlərin bal dövründə o, Putinə "Dostum Vladimir” deyə müraciət etsə də, indi, sadəcə olaraq, türk rəsmi müraciət forması olan "Sayın Putin” kəlməsindən istifadə edirdi. Bu isə iki liderin son illər əndazəsini aşan dostluğunun sonu demək idi. Ərdoğan bu dostluğa o qədər aludə olmuşdu ki, hətta türk siyasətinin uzun illər formalaşmış ölçülü-biçili dəngələrini dəyişmiş, ən yaxın müttəfiqlərinə belə arxa çevirmişdi. Amma unutmuşdu ki, ayıyla dostluq edəndə çomağı yerə qoymamaq lazımdır.

ADALET.AZ