adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
07 Mart 2020 09:56
22918
MƏMLƏKƏT
A- A+

8 Mart günü ən yaxşı hədiyyə nədir? - SORĞU

8 mart yaxınlaşır. Min illərdir kişilərin qayğısını çəkən, onları sevən, eyni zamanda bir çox hallarda cinsi ayrı seçkiliyə məruz qalan xanımların günü. Azərbaycan xanımları istər mədəni, istərsə ictimai həyatda kişilərlə bərabər önəmli yer tutur. Amma bu gün onların günüdür. Təbii ki, öz kişi yaxınlarından, əzizlərindən, bəylərindən hədiyyə gözləmək onların təbii haqqı, istəkləridir.

Tam səmimi deyirəm, ya 8 martı ləğv eləsinlər, ya da kişilərə iş günü olsun. 8 mart qadınlarçün daha ağır olur. Evin kişisi, oğul-uşaq evdə, əksinə, yazıq xanımlar bayram gününü çalışır, onların qayğısına qalır. Ona görə də həmin günü bütün iş yerlərində kişilər çalışsa daha yaxşı olar. Elə mediada da, məktəbdə də, dövlət orqanlarında da...

Kimisi hansısa qohumunu "öldürəcək”, kimisə xanımlara ayrı gün verilməyindən gileylənəcək. Amma bu günü ən əziz bayram kimi keçirən, xanımına gözəl anlar yaşadan, hədiyyə alan bəylər də olacaq. Görəsən, ölkəmizin bəyləri nə düşünür bu barədə? Onlar öz xanımlarına nə hədiyyə alacaq və ya ala biləcəklərmi?

Sumqayıt sakini Cavid Sabiroğlu hədiyyə ala bilməməsinin səbəbini koronavirusda görür:"Açığı evə hədiyyə almağı düşünürdüm. Koronavirusa görə işlədiyim fabrikin bəzi məhsulları sərhəddə qalıb, keçirə bilmirlər. Ona görə də bu koronavirusun bitməsinə qədər çox güman işsiz olacam. Bir sözlə, koronavirus 8 marta mane oldu. İndi yeni iş tapmağım xanım qohumlarımçün ən gözəl hədiyyə olacaq.”

Bakı sakini Qurban Əhmədovsa hesab edir ki, bu günlərdə ən gözəl hədiyyə maskadır, sarımsaqdır: "Bu günlərdə ən yaxşı hədiyyə maskadır. İnsanların sarımsağa meyllənməsi isə onun qiymətini qaldırdı. Xanımı da, uşaqları da götürüb xaşa gedəcəm. Kapitalizmin yaratdığı hədiyyə bazarında boş-boş şeylərə xərc çəkməkdənsə bunu daha gözəl hədiyyə hesab edirəm.”

Gənclərinsə bu günə münasibəti fərqlidir. Ceyhun Əliyev bazar qaydalarını nəzərə alaraq 8 mart, 14 fevral kimi günləri bir-iki ay öncədən nəzərə alır:

" Həmişə belə olur, 8 mart, 14 fevral ətrafı işbazlar qiymətləri süni şəkildə qaldırır. Xanımlarınsa bizdən hədiyyə gözləməyə və ya kiçik jestləri ən azından qəbul etməyə haqları var. Mən isə öz cibimi nəzərə alıram. Buna görə də belə günlərdən bir ay qabaq hədiyyəmi alıb hazır saxlayıram. Onsuz da həmin məhsulların qiyməti önəmli günlərdən sonra dərhal eniş dövrünü yaşayır. Ətir və həmin günlərə özəl hədiyyələr almışam.”

Digər paytaxt sakini Elçin Məmmədovsa pulsuzluğa görə nəsə ala bilməyəcəyini bildirir:

"Düzü, çox istərdim yaxınlarıma hədiyyə alım, onları sevindirim. Amma bu mənim əlimdə olan səbəb deyil. Həm qiymət baxalığı bir yandan, həm də pulsuzluq hədiyyə almağıma mane olur. Buna baxmayaraq, zəng edərək əzizlərimi təbrik edəcəm.”

"Ədələt” qəzetinin kişi əməkdaşları 8 martda xanımlarına, qohumlarına nə almağı düşünür?

Əməkdaşımız Eminquey hesab edir ki, qadın kişilər tərəfindən incidilirsə, ona alınan hədiyyələrin heç bir anlamı yoxdur:

”Döyulən, söyülən, alçaldılan qadınların günüdür 8 mart. Əgər bir qadın ərindən, oğlundan, atasından hər zaman dəyər görürsə, onun üçün sırf 8 martda gələn hədiyyələr boş şeydi. Yaxud da gəlməyən hədiyyələr onu üzmür, kədərləndirmir. Şəxsən mən anama kilosu 12 manata olan 3 kilo sarımsaq buketi hazırlayıb hədiyyə vermək istəyirəm”.

Digər əməkdaşımız Sübhan Mahmudovsa hədiyyə seçimində xanımın zövqünü, istəklərinin nəzərə alnmasının vacibliyini vurğulayır:"İlk növbədə bayram münasibətilə bütün xanımları təbrik edirəm. Ətrafımızda olan xanımları diqqətdən qaçırmaq olmaz. Çünki xanımlar zərifdirlər və onların qayğıya ehtiyacları var. Hədiyyə alanda da gərək həmin xanımın xarakterini biləsən. Zövqə uyğun hədiyyə seçilməlidir. Hədiyyə alanda öz yox, xanımının zövqünü nəzərə almaq lazımdır.”

Əməkdaşımız Nicat Novruzoğlu: "Ən gözəl hədiyyə gül-çiçəkdir. Bir mənalı olaraq hər il başqa hədiyyə ala bilməsəm də gül alıram. Bu il də eynilə. 8 mart ərəfəsində gözüm şəhərdə endirimləri axtarır. Yaxşı endirim yeri tapan kimi 50 manat civarında hədiyyə alıram. Evdə üç xanım var. Hərəsinə ayrı-ayrılıqda hədiyyə almaq büdcəmin gücündə deyil. Bu baxımdan elə hədiyyə alıram ki, məsələn, divar saatı, mətbəxt dəstləri və.s hər üçü yararlana bilir.”

Emin