adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
06 Mart 2020 09:43
13010
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: 36 NÖMRƏLİ MARŞRUTDA ÖZBAŞINALIQ

Bu gün Bakı şəhərində əhaliyə yüksək səviyyədə mədəni xidmət göstərən kifayət qədər marşrutlar var. Və bu marşrutlarda hərəkət edən avtobuslar müasir tələblərə cavab verməklə yanaşı, bir çox texniki üstünlüklərə də malikdir. Məsələn, "BakBus”un avtobusları dünya standartlarına cavab verən nəqliyyat vasitələrindəndir. Və eyni zamanda onun texniki göstəriciləri də yüksəkdir. Kondisioner sistemi ilə təmin olunan bu sistem yayda sərinlik, qışda isə salona istilik verir.

Hələ üstəlik həmin avtobusları idarə edən sürücülər öz peşəkarlıqları ilə seçilir, yol hərəkəti qaydalarına əməl edir, avtobusları yalnız dayanacaqda saxlayırlar. Axı bizim sərnişinlər bir pis vərdişə öyrəşiblər: harda gəldi avtobusa minmək istəyirlər! Amma bu avtobusun sürücüləri artıq sərnişinləri bu pis vərdişlərdən uzaqlaşdırıb və onları intizama dəvət ediblər. Təbii ki, belə də olanda həm sürücü, həm də sərnişin avtobusda özünü çox rahat hiss edir və mənzil başına salamat çatır.

Əlbəttə, bu cür marşrutları alqışlamaq lazımdır və onlara ölkəmizdə "yaşıl işıq” yandırılmalıdır. Bu müsbət faktlarla yanaşı, Bakıda sərnişindaşınmada istənilən qədər nöqsanlara və neqativ hallara da rast gəlmək mümkündür. Biz yazımızda bu barədə söhbət açmağa çalışacağıq. Heç uzağa getməyək, Yeni Günəşlidən metronun "Koroğlu” stansiyası istiqamətində hərəkət edən 36 nömrəli marşrutu yada salmaq kifayətdir.

Uzun illərdir ki, bu marşrutda qayda-qanun yaradılmayıb. Bir qayda olaraq həmin marşrutlar digərləri ilə müqayisədə dayanacaqlara daha gec çatır. Başqa sözlə demiş olsaq, avtobusların arasındakı interval çoxdur. Bəzən həmin avtobusları dayanacaqda 10-15 dəqiqə gözləyirsən, gəlib çıxmaq bilmir ki, bilmir. Xüsusən də soyuq qış aylarında bu avtobusları dayanacaqlarda durub gözləməkdən sərnişinlər lap təngə gəliblər.

Yeni Günəşli sakini Xanım Məmmədova bildirir ki, mən hər gün həmin marşrutdan istifadə edirəm və hər gün də gərgin anlar yaşayıram. Digər marşrutlar – 104 və 50 nömrəli avtobuslar 2-3 dəqiqədən bir gəlsə də, amma 36 nömrəli marşrutda işləyən avtobusları 10-15 dəqiqə gözləməli oluruq. Bir də görürsən ki, budur, avtobus gəldi. Çöldəki soyuqdan xilas olub, birtəhər özünü avtobus salonuna çatdırırsan. Elə ki, avtobus salonuna daxil olursan, görürsən avtobusun içi də çöl kimi soyuqdur. İndi gəl, soyuq avtobusda mənzilbaşına rahat get görüm, necə gedirsən?! Bilmirsən özünü çöldə soyuqdan qoruyasan, yoxsa 36 nömrəli avtobusda?!

Avtobusdakı problemlə bağlı nöqsanları sürücüyə çatdıranda daş atıb başını tutur ki, elə bilməyin soyuqdan üşüyən təkcə sizsiniz. Mən də sükan arxasında donuram!

Çox qəribədir, bu necə olur? Axı hər bir ictimai nəqliyyat qış mövsümünə uyğun olaraq xəttə buraxılmalıdır. Üstəlik də hər gün avtobuslar səhər saatlarında xəttə çıxarkən texniki müayinədən keçirilir. Yəni avtobusda olan qüsurlar, texniki nasazlıqlar aradan qaldırılmalıdır. Görünür, 36 nömrəli marşrutun sahibi bu məsələləri çoxdan yaddan çıxarıb.

Yaddan çıxarmasaydı, soyuq aylarda bu avtobuslarda da digər marşrutlarda olduğu kimi istilik sistemi işləyərdi. Həmin xətdə olan avtobusların əksəriyyəti fiziki və mənəvi çəhətdən köhnəlib. Görünür, köhnə olduğu üçün də həmin avtobuslarda qış aylarında istilik sistemi nasaz vəziyyətdədir.

Koronavirus təhlükəsinə qarşı bütün ictimai nəqliyyat dezinfeksiya olunur. 36 nömrəli avtobusda əyləşəndə oturacağın nə qədər çirkli olduğunu görmək o qədər də müşkül iş deyil. Çirk o qədər çoxdur ki, par-par parıldayır. İndi gəlin görək, bu oturacaqlar vaxtlı-vaxtında təmizlənirmi? Əgər oturacaqlar vaxtlı-vaxtında təmizlənsə, orda o qədər çirk toplanmaz. Hələ üstəlik avtobusun salonu da bir çox halda natəmiz olur. Axı, biz koronavirusdan danışırdıq. Görəsən, koronavirusa qarşı bu marşrutda hərəkət edən avtobuslarda dezinfeksiya işləri aparılırmı?

Bakı Nəqliyyat Agentliyinin sözçüsü bildirir ki, bütün ictimai nəqliyyatlarda avtobuslar dezinfeksiya olunur. Bəs onda 36 nömrəli marşrutda işləyən avtobuslarda da dezinfeksiya işləri həyata keçirilibmi? Bax, o sualın cavabını həmin marşrutun rəhbərləri və bir də sürücülər verə bilərlər. Amma görünən odur ki, bu marşrutda çirklənmə o qədər çoxdur ki, sərnişinlər oturacaqlarda belə əyləşəndə çox narahat olurlar. Hətta bir sərnişin deyir ki, o marşrutdan düşən kimi əlimi sabunla 2-3 dəqiqə yuyuram ki, çirki getsin. Bilmək olmaz, birdən oturacaqda və tutacaqda virus olar və mənə keçər!

Hər halda, 36 nömrəli marşrutda baş vermiş nöqsanları, neqativ halları və çatışmazlıqları həmin marşrut sahibinin və Bakı Nəqliyyat Agentliyinin nəzərinə çatdırmağı özümüzə borc bilirik. Ən azından ona görə ki, həmin marşrutdan hər gün istifadə edən sərnişin kimi o nöqsanlarla bir daha rastlaşmaq istəmirik.