Bakıda bir gecədə 20-dən çox avtomobildən oğurluq edən dəstə saxlanıldı
Binəqədi rayonu ərazisində ayrı-ayrı şəxslərə məxsus avtomobillərin şüşəsini sındıraraq oğurluq cinayətləri törədən dəstə üzvləri saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, zərərçəkənlərdən daxil olan çoxsaylı şikayətlər əsasında Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakini İbrahim Məmmədov və Neftçala rayon sakini Abdul Musazadə tutularaq istintaqa təqdim ediliblər.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-axtarış tədbirləri davam etdirilir.
İbrahim Məmmədov və Abdul Musazadənin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.