adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
04 Mart 2020 19:16
9338
MƏMLƏKƏT
A- A+

İH: Gəncədə güclü küləyin törətdiyi fəsadlar aradan qaldırılıb

Gəncədə güclü küləyin yol açdığı fəsadlar aradan qaldırılıb.

Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, təbiət hadisəsi nəticəsində 10-a yaxın çoxmənzilli binanın, habelə bir neçə fərdi yaşayış evinin dam örtükləri qismən və ya tamamən yararsız hala düşüb:

"Fevralın 25-i səhər saatlarında Gəncədə güclü küləklə müşayiət olunan qeyri-sabit hava şəraiti nəticəsində şəhərin Heydər Əliyev prospekti, Üzeyir Hacıbəyli, Azərbaycan Bayrağı, Dədə Qorqud küçələri və Gülüstan yaşayış massivində 10-a yaxın çoxmənzilli binanın, habelə Sədi küçəsi və Məhsəti qəsəbəsindəki bir neçə fərdi yaşayış evinin dam örtükləri qismən və ya tamamən yararsız hala düşüb. Güclü külək Yeni Gəncə yaşayış massivində 23 nömrəli uşaq bağçası – körpələr evinin də dam örtüyünü sıradan çıxarıb. Bunlarla yanaşı güclü külək nəticəsində sovrulan dam örtükləri ağac budaqlarının qırılmasına, elektrik naqillərinin qopmasına səbəb olub. Bu da elektrik enerjisinin verilişində fasilələr yaradıb. Bundan əlavə, şəhərin müxtəlif ərazilərində ağaclar aşıb".

İcra Hakimiyyətindən qeyd olunub ki, uçan dam örtükləri, habelə dam örtüyündən sürüşərək qəza vəziyyəti yaradan beton piltələr xüsusi texnikalar vasitəsilə götürülüb. Aşan ağaclar isə Gəncə Yaşıllaşdırma İdarəsinin əməkdaşları tərəfindən ərazilərdən yığışdırılıb:

"Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən küləyin fəsad törətdiyi yaşayış yerlərinə baxış keçirilib, akt tərtib olunub. Dəymiş ziyanın aradan qaldırılmasına köməklik göstərilməsi üçün müvafiq olaraq Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova və Fövqəladə Hallar Nazirliyinə məktub göndərilib".