Ombudsman və UNICEF arasında növbəti fəaliyyət planı imzalanıb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardini qəbul edib.
Ombudsman Aparatından bildirilib ki, Ombudsman UNICEF-lə səmərəli əməkdaşlığın əhəmiyyətini, birgə tədbirlərin və mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdırıb, gələcək fəaliyyətin yeni müstəvidə davam etdiriləcəyinə əminliyini ifadə edib.
Səbinə Əliyeva Milli İnsan Hüquqları Təsisatı olaraq uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən tədbirlər, o cümlədən müstəqil monitorinq mexanizmi kimi əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi istiqamətində görülən işlərdən və əməkdaşlıq imkanlarından danışıb.
E.Karvardin Azərbaycan Ombudsmanının əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqlarının müdafiəsi sahəsində fəaliyyətini, dövlət uşaq müəssisələrində Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində həyata keçirilən birgə işləri yüksək qiymətləndirib.
Qeyd olunub ki, sosial xidmətlərdən istifadə imkanlarının, habelə uşaq müdafiəsi sisteminə təkliflər baxımından dövlət qurumlarının, hüquq-mühafizə və yerli icra hakimiyyəti orqanlarının ehtiyaclarının qiymətləndirilməsi və monitorinqi də əsas hədəflərdəndir.
Səmimi qəbula və səmərəli fikir mübadiləsinə görə Ombudsmana öz minnətdarlığını bildirən qonaq bir çox istiqamətlərdə gələcək əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.
Yekunda Ombudsman təsisatı ilə UNICEF arasında birgə əməkdaşlığa dair fəaliyyət planı imzalanıb.