ŞƏKİLÇİ

İRADƏ TUNCAY
45254 | 2006-10-27 22:03

Elə mövzular var ki, onlara təkrar-təkrar qayıtmaq lazım gəlir. Ha deyirsən, ha yazırsan heç nə dəyişmir. Mən də qərara gəldim ki, yenidən bəzi şeyləri yaddaşımda çözələyim. Güman edirəm ki, sizin üçün də maraqlı olacaq.
   
 Bu günlərdə ütüm xarab olmuşdu, apardım ustaya. Usta baxdı dedi ki, "Xırda şeydi-tez düzələr". Soruşdum ki, nə vaxt hazır olar? Nə vaxt gəlim aparım? Usta cavab verdi ki, postoyannı pervı smenəm. Hansı gün istəsən - gəl apar! Bu "postoyannı, pervı smenəm" sözü məni tutdu. Bütün cümlə rusca, axırda bir şəkilçi bizim dilə aid. Fikirləşdim ki, biçarə Azərbaycan dili deyəsən ancaq şəkilçilərdə qalacaq. Amma ustanı da qınamalı deyil. Gecə-gündüz böyük- böyük nazirlərin nitqlərinə qulaq asır, qolu-qanadı sındırılmış Azərbaycan dili eşidir. Eybəcər Azərbaycan dili. Düşünmək olar ki, artıq müstəqilliyin neçənci ilini yaşayırıq. Bu illər ərzində hətta müəllim tutub - dili öyrənmək olardı. Eləmirlər, niyə? Çünki şüurları mane olur, düşüncələri ruscadır. Yəni, nələrinə lazımdır, elə-belə də ötüşmək mümkündür.
   
   Bu yazını oxuyanların içində Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığından xəbərdar olanlar var yəqin. Həmin o xəbərdar olanlar "Xortdanın cəhənnəm məktubları"nı oxumuş olarlar. Orda bir epizod var. Bir bəy camaatın canını yığır boğaza, satqınçılıq eləyir, xəbərçilik eləyir. Camaat da, sözü qoyur bir yerə onu "bayquş" eləyirlər, yəni boykot. Buna heç kim salam vermir, heç kim bazarda mal satmır. Əvvəl bəy də fikirləşir ki, müsəlmandılar da, bir işin dalınca axıradək nə vaxt gediblər ki, yenə gedələr? Yox, sonra görür ki, bu dəfə möhkəm dayanıblar. Axırda bir gün gedir bazara, bir damın üstünə çıxıb, üzünü tutur camaata"::
   
   - Camaat! Siz məni boykot edibsiz. Bu sizin işinizdir, sizin məsləhətinizdir. Mənim də sizə bir sözüm yoxdur. Ancaq izin verin, sizə ikicə kəlmə söz deyim, ondan sonra gedim, həmişəlik oturum evimdə.
   
   Camaat qışqır-bağır salır, bəyə söz vermək istəmir. Bir ağsaqqal üzünü xalqa tutub deyir"::
   
   - Qoyun sözünü desin! Bəlkə əməlindən peşman olub, bizdən üzr istəyəcək?
   
   Hər yerdən səs gəlir"::
   
   - İstəmirik! Onun tövbəsi bizə lazım deyil. Nə balını istəyirik, nə də bəlasını. Güclə yaxamız əlindən qurtarıb.
   
   Ağsaqqal dübarə camaatdan xahiş edəndən sonra deyirlər"::
   
   - Danışsın, ancaq uzun eləməsin.
   
   Bəy deyir"::
   
   - Sözüm budur":: siz bu boykotu mənim üstümdən götürün. Götürməsəniz, mən də dönüb rus olacağam, vəssalam! Bu da mənim sözüm!
   
   Bəy bu sözü deyib, gedir evinə. Camaat da səs-səsə verib deyir"::
   
   - Cəhənnəmə get rus ol, gora rus ol! Müsəlmanlığında camaata nə mənfəətin dəyibdi ki, rus olanda camaat ağlasın. Biz də dedik, bəy nə buyuracaq?
   
    Yenə həmin ağsaqqal ortalığa çıxır"::
   
   - Camaat, siz bəyin sözlərini səhv salmayın. Bu havadan söz danışmaz. Bu sözləri bizi qorxutmaq üçün dedi. Və biz də, gərəkdir ki, qorxaq. Bu ki, müsəlmanlıqda bu camaatın haqqında bir neçə zülüm eləyib, əgər dönüb rus olsa, gərək cəmi mahalın əhli ev-eşiyindən əl çəkib, arvad-uşağın əlindən tutub mahaldan çıxa.
   
   Bu epizodun üzərində düşünməyə dəyər. Yəqin rus elə rusdur. Amma özününkünün dönüb rus olmağı çox qorxuludur. Bu mutasiyamı deyim, metamorfozmu - deyim nəticəsində iştahası, xisləti şərqlilərə məxsus, amma təfəkkürü bizə yad ünsürlər yetişir. Rusdan daha artıq rus, rusdan daha betər rus.
   
   Mən rus mədəniyyətinə, ədəbiyyatına, sənətinə həmişə böyük hörmətlə yanaşmışam və etiraf edim ki, şəxsiyyət kimi formalaşmağımda Tolstoyun, Dostoyevskinin birbaşa təsiri var. Və təbii mən şadam ki, adını çəkdiyim və çəkmədiyim bir çox ədibləri onların öz dilində oxumaq şansım olub. Eləcə də, dünya ədəbiyyatının, fəlsəfəsinin gözəl nümunələrini professional tərcümədə rus dilində mütaliə etmişəm. Müəyyən tarixi səbəblər hər halda bizim rus dili vasitəsi ilə dünyaya açılmağımıza bir təkan idi. Tarixin üstündən elə-belə adlamaq olmur - ən azından bizim cənubdakı soydaşlarımızla müqayisə aparsaq - fərq aydın görünəcək. Hər bir istila xalqa fəlakət gətirir, amma fəlakətin içindən səadət damcılarını da sıxıb süzmək olar. Deyək ki, Qori seminariyasının açılması Çar Rusiyası üçün siyasi məsələ idi, təəbələrini sevən Çar-baba obrazını yaratmaq məqsədi daşıyırdı. Amma Qori seminariyasının bir toplum olaraq bizim düşüncə tariximizdəki yerini inkar etmək olarmı? Çernyayevskini inkar etmək olarmı? Rusiyanın müxtəlif şəhərlərində təhsil alıb, geri qayıdan vətən oğullarının bura gətirdiyi işığı unutmaq olarmı? Rus siyasilərinin böyük şovinizmi varsa da, rus ziyalılarının içində böyük demokratik düşüncə var. Bunu da inkar etmək mümkün deyil. Özü də bu fateh xalq işğal etdiyi ərazilərdə hər zaman ən çirkli, ən ağır işlərdə çalışmağı özünə ar bilmir. İngilisin hardsa ayaqyolu təmizlədiyini görən olmayıb, amma ruslar haqqında bunu demək olmaz. Yadınıza salın və bu xasiyyətləri onlara hər yerə rahat inteqrasiya eləmələrinə şərait yaradırdı.
   
   Birinci Pyotrun Avropaya pəncərə açması sarayda yeni təfəkkürün yaranmasına səbəb oldu. Sarayın məişəti dəyişdi, güzaranı dəyişdi və ən əsası dili dəyişdi. Pyotrdan təxminən 100 il sonra Napoleonun Rusiyaya hücumu ərəfəsində ölkədəki bütün əsilzadələr, zadəganlar fransızca danışırdı. Amma bu fransız imperatoruna gəlib Moskvaya od vurmağa mane olmadı.
   
   Rusların o vaxt tutduğu xəstəliyə illər sonra biz də yoluxduq, görünən budu ki, hələ uzun müddət sağalmaq ehtimalı yoxdur.
   
   Sayı çox olan millətlər üçün bəlkə bu tendensiya qorxulu deyil. Amma vay bizim kimi balaca xalqların halına. Çünki bizim bu böyük dünyada özümüzü saxlaya bilməmiz yalnız və yalnız dilimizi qorumaqla mümkün olacaq. Dil qalsa - bədii təfəkkür olacaq, məfkurə olacaq, amal olacaq, ədəbi-estetik fikir olacaq.
   
   Deyək ki, siyasət naminə sovetlər milli respublikalarda milli dillərdə məktəblərin olmasına şərait yaradırdı. Bu məktəblərdə rus dilinin tədrisi də çox yüksək səviyyədə həyata keçirilirdi, yəni öz dilində oxuyan hər hansı bir qabiliyyətli uşağın rus dilini yaxşı öyrənmək imkanı olurdu. Rus bölməsində vəziyyət fərqli idi - Azərbaycan dili dərsləri üçüncü dərəcə fənnlərdən hesab olunurdu və heç kim də bu dərsi öyrənməyə cəhd etmirdi. Deyirdilər, nəyimizə lazımdı? Bu "nəyimizə lazımdı" prinsipi 60-cı illərdən sonra şəhərlərdə böyük bir axını rus məktəblərinə apardı. Valideynlər güman edirdilər ki, rus təhsili alan övladları böyük adam olacaqlar. Görünür haqlı idilər. Bu da bir siyasət idi ki, rus bölmələrinə seçib savadlı kadrları göndərirdilər, Azərbaycan bölməsində orta, aşağı səviyyəli müəllimlər dərs deyirdilər. Bizim bir sinif rəhbərimiz vardı, deyirdi ki, "mən uşağımı rus məktəbinə ona görə vermişəm ki, orada yaxşı təhsil verirlər". Yəqin öz səviyyəsini anladığı üçün belə deyirdi. Amma müşahidə elədiyim bir məqamı da qeyd etmək istəyirəm":: həmin o rus təhsili alanların böyük əksəriyyəti hər iki dildən avara, yarımçıq qalırdı.
   
   Bu da var... O vaxt ki, bütün elit təbəqə-məmurlar, pullu ticarətçilər, pulsuz ziyalılar övladlarını rus məktəbində oxudurdu, bir qrup vardı ki, onlar prinsipial olaraq hər zaman dilin keşiyində dururdular, onu qoruyurdular. Şəhərlərdə Azərbaycan məktəbləri onların hesabına azalmadı. Bunlar yazıçılar idi. Ən azından ona görə ki, heç olmasa yazdıqlarını öz övladları oxuyub anlasınlar. O adam ki, ilk başlanğıcı öz dilində başlayır - onun üçün hər şey açıqdır - öz mədəniyyəti də, dünya mədəniyyəti də. Əvvəl öz dilini öyrənirsə, sonradan lap portuqal dilni də öyrənər. Hər yerə gedən yol insanın özündən, öz kökündən başlanır. Özünü tanımırsansa - yarımçıqsan. Nə qədər əlləşib-vuruşub rus dilində yazıb-pozsan da, rus dilində qırıldatsan da, rusa lazım deyilsən. Rusun özünün bütün dünyaya yetəsi qədər danışanı var.
   
   İndi bir çox önəmli nöqtələrdə elə adamlar oturub ki, onlar üçün hər hansı bir yoldan ötənlə Bəxtiyar Vahabzadə arasında bir fərq yoxdur. Çünki öz dilini bilmir, bu dilə, bu xalqa xidmət edənləri tanımır. Özü də qəribədir ki, istila dövründə dil, dilin təmizliyi uğrunda mübarizə indikindən daha güclü idi. Görüntülər başqa mətləblərdən xəbər verir. Dönüb rus olanlarla döyüşmək daha çətindir, nəinki ruslarla. Adı, soyadı bizə aiddir, başı rus başıdır. Bu daha qorxuludur. Və görünən budur ki, onlar "postoyannı pervı smendədilər", biz şəkilçi kimi sonda gəlirik.
   
   Öz dilini öyrənməyə ərinən adamlar ki, var "nəyimizə lazımdır" prinsipi ilə yaşayırlar, onlara gözəl bir nümunə göstərim. Bu şəxs yeni tariximizin ən önəmli fiqurlarından biri idi, əyalətdə doğulmuşdu, təhsilini də öz dilində almışdı, pillə-pillə yüksəlib Kremlə gedib çıxmışdı. Elə bir zəkası var idi ki, rus dilində danışanda da öz məntiqi ilə qarşısındakı adamı lal edirdi. Hər kəslə onun anladığı kimi söhbətləşə bilirdi - kəndli ilə torpaq dilində, tarixçi ilə - tarix dilində, yazıçılarla - bədii dildə. O, xalqın şüurunu, təfəkkürünü gözəl anlayırdı. Onun nə ilə nəfəs aldığını bilirdi, çünki xalqın içindən çıxmışdı və ən başlıcası, ilkin mənbə - öz ana dili idi. Bəzi vəzifəlilərə məsləhət":: hər gün heç olmasa bir-iki saat kasseti qoyun maqnitofona, onun nitqlərinə qulaq asın - çox faydalanarsız. "Postoyannı, pervı smendə" olmağa yardım edər hər halda. Amma biz də şəkilçi deyilik. Çünki kök-dildən başlanır!

TƏQVİM / ARXİV