Əbülfət MƏDƏTOĞLU: TANRI DƏRGAHINDAKI SƏS

ƏBÜLFƏT MƏDƏTOĞLU
43654 | 2020-03-07 09:36

Qarşımdakı esseni oxuyuram. Elə ilk cümlə məndə qəribə assosiasiya yaradır. Özüm-özümdən şəklənirəm, ətrafa boylanıram. Təkrar qayıdıb masamın üstündəki kitaba baxıram. Və birdən mən də eşidirəm o səsi - akademik Kamal Abdullanın dediyi səsi... Kamal müəllim deyir ki, "Füzuli başdan-başa Səsdi”. Mənim də eşitdiyim səs Füzulinin səsidi. O qədər doğmadı ki, canımdan artıq sevdiyim insanın səsinə bənzəyir, ruhumu oxşayır - anamın laylası kimi... sevdiyimin pıçıltısı kimi... nəvəmin qığıltısı kimi... və bir az da Tanrı sədası kimi... Bu bənzətmələrim söz xatirinə deyil. Əksinə, bu bənzətmələr Göy üzündən gələn, şimşəkləri, buludları çəkib yerə gətirən, ulduzları axmağa məcbur edən, Ayı bədirləndirən səsdi... Və bu səs həm də Məcnunun səsidi... Leylinin hıçqırtısıdı... Və nəhayət, elə bu səs Kamal müəllim dediyi kimi, Füzulinin özüdü...

Oxuyuram esseni. Öncə Kamal Abdullanın fikirlərinin rəngini tutmağa çalışıram, onun çalarlarının dərinliklərinə enmək, düyün vurduğu nöqtələri duyğularımla açmaq və elə o yazının içindən Füzuliyə baxmaq istəyirəm. Görək alınacaqmı? Çox ağır bir yükün altına girdiyimi hiss edirəm. Sözün rəngini tapmaq, fikrin yaratdığı mənzərəni öz sözünə çevirmək və bir də bu rənglə bu mənzərəni tamamlamaq... Beləcə, yapışdığım fikrin ətəyini buraxmadan dinləyirəm Füzulini - onun gah Leyli hıçqırtısını... gah Məcnun naləsini... gah da şair hikmətini... Bu üç məqam həm ayrı-ayrılıqda səsdi, həm də bir axarda, bir dildə, bir dodaqda puçurlayan səs... Nə qədər doğmalıq var bu üç səsin mayasında, canında, qanında. Ona görə də o səsi dinləyəndə yorulmursan, rahatsızlıq hiss etmirsən. Əksinə, sənə elə gəlir ki, ruhun qoşulur o səsə. Onun aurasında yavaş-yavaş səsləşməyə başlayır Füzuli səsiylə. Çünki Füzuli səsi Leyli səsi olanda sevgisinə qovuşmaq üçün ölümlə barışan bir nakam xanımla səsləşərək, ona hardasa "bu haqq yolun açıq olsun!" - söyləmək istəyindən özünü saxlaya bilmirsən. Bunu sənə Leyli səsi vadar edir. Digər tərəfdən əzabları, Məcnunluğu qəbul etmiş Qeysin səsini dinləyəndə isə "Leylin səni qovuşacağınız ünvanda gözləyir!" səsi Füzuli dilindən elə qopub gəlir ki, az qala Qeysə həsəd aparırsan. Axı bu səs vüsala, qovuşma anına tuşlanmış bir işarədir. Təbii ki, bu, məhz akademik Kamal Abdullanın sözünün rəngindən oxuyub özüm üçün çıxardığım nəticədi. Üstəlik, burda bir qənaətim də var. O da həmin Füzuli səsinin Kamal Abdulla sözünün rənginə qatılmasıdır. Yəni burda da bir qovuşma var - sözlə rəngin vüsal qovuşması. Zənnimcə, bu qovuşma idrakdadı, düşüncədədi və nəhayət, ürəkdədi. Yenə deyirəm, Füzuli səsi Kamal Abdullanın sözünün rənginin tamlığıdı. Məhz ona görə ki, o səsi mənə çatdıran, oxucuya eşitdirən akademik Kamal Abdullanın özü və sözüdür.

Essenin hər sətrində açıq duyulan Füzuli səsi yavaş-yavaş ürəyimin səsinə qarışır. Ona görə ki, bütün sevgiyə çevrilən nə varsa, hamısının evi məhz ürəkdi. Bunu Kamal Abdulla da qabardır, xatırladır, təqdim edir. Və həmin "evin" Leylinin də, Məcnunun da iqamətgahı olduğu bilinir. Bu məqam üzə çıxmaqla bahəm, həm də Füzuli səsinin o evin işığı olduğunu da göstərir. Deməli, sevginin, vüsalın evi olan ürəyimiz bu nöqtədə səsin işıqlandırdığı saray qədər möhtəşəmdir. Bu möhtəşəm saraydan gələn səs Məcnundan artıq aşiqliyi olan bir şairin, yəni Füzulinin əl çatmayan ucalığıdır. Sadəcə olaraq, biz o ucalığı görür, dinləyirik. Məndən və bir çoxlarımızdan fərqli olaraq, hörmətli Kamal Abdulla o ucalığa neçə köynək yaxın, neçə qat doğmadır. Mən "Səbr eyləmə, eylə tərki-aləm..." essesini oxuyanda yaşadığım və təkrar-təkrar dinlədiyim Füzuli səsinin qoynunda özümü Tanrıya çox yaxın hiss etdim. İnandım ki, şeyx Füzuli seçilmişlərdən biri kimi səsinin olduğu yerdən də öndədir...

Bəli, Füzuli səsini tanımaq, ona qulaq kəsilmək xoşbəxtliyini mənə yaşatdığı üçün essenin müəllifinə - sözünüzün rəngindən yapışıb dinlədim o səsi - demək istəyirəm.



TƏQVİM / ARXİV