adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Mart 2020 15:58
17212
SİYASƏT
A- A+

Fəxrəddin Altun: “Türkiyə beynəlxalq birlikdən daha çox şey bacardı”

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun "Twitter" hesabında etdiyi paylaşımında, Yunanıstanın qaçqınlar üçün müvəqqəti qoruma statusunu dayandırdığını söyləyib.

Adalet.az bildirir ki, F.Altunun sözlərinə görə, bu proses çıxılmaz vəziyyətdə qalan qaçqınlara köməklik göstərilməsi məsələsində fiasko olmaqla yanaşı, beynəlxalq normalardan və Avropa İttifaqının (Aİ) əsas prinsiplərindən imtina etmək mənasına gəlir.

"Yunanıstanın sərhədlərində və Egey dənizindəki qaçqınlara münasibəti və suriyalılara müvəqqəti qoruma statusu verməməsi Avropanın öz dəyərlərinə və prinsiplərinə qarşı müharibə elan etməsindən başqa bir şey deyil. Bizə bu dəyərlərlə bağlı bir daha məruzə oxunduğu zaman bu dəyərləri xatırladacağıq",-deyə o qeyd edib.

Türkiyənin Suriyada bir çox kimyəvi silah obyektlərini hədəf aldığına diqqət çəkən F.Altun qeyd edib ki, bu obyektlerin mövcudluğu beynəlxalq birliyin bu günə qədər necə aldadıldığının bir sübutudur:

"Dünya laqeyd münasibətini bir kənara qoyaraq bu qatil rejimə qarşı sözün əsl mənasında hərəkətə keçməlidir. Əsəd rejiminə qarşı bu günədək heç bir ciddi sanksiya tətbiq edilməməsi, bu kimyəvi obyektlərin fəaliyyət göstərməsinə imkan yaratdı. Rejim böyük şəhərləri insanlardan təmizləmək üçün mülki şəxslərə qarşı kimyəvi silah istifadə etməkdən çəkinmədi.

Avropa İttifaqı İdlibdə milyonlarla insan bombalandığı zaman deyil, bir neçə yüz qaçqın sığınacaq üçün qapılarına yığışdığı zaman təcili toplaşmağa qərar verdi. Aİ, daha böyük regional böhranı müzakirə etmək üçün ciddi bir gündəm mövzusuyla toplaşmalıdır. Misli görünməmiş qaçqın böhranıyla əlaqədar olaraq Aİ-nin Türkiyə ilə birlikdə hərəkət etməməsi bu günkü vəziyyətə gətirib çıxardı. Aİ, 2015-ci il tarixli müqaviləni tamamilə yerinə yetirməyərək, Türkiyəni tək başına buraxdı və qaçqınların Avropaya yönəlməsinin qarşısını alacağımızı ümid etdi. Biz artıq bunu etməyəcəyik".