adalet.az header logo
  • Bakı 18°C
03 Mart 2020 13:25
8844
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: SARIMSAĞIN DA QİYMƏTİ QALXIB

Dünyada sürətlə yayılan koronavirus xəstələrdən çox iqtisadiyyatı çökdürüb. Başqa sözlə demiş olsaq, bu virus bir o qədər də təhlükəli deyil ha! Sadəcə olaraq, onun gətirdiyi vahimə və dalğa çox güclüdür. Ən azından ona görə ki, bu virus çıxandan dünya iqtisadiyyatı iflic vəziyyətinə düşüb. Xüsusən də dünya iqtisadiyyatının aparıcı qüvvələrindən biri sayılan Çin Xalq Respublikasının istehsal etdiyi məhsullar anbarlarda qalıb və heç bir ölkə o məhsulları qəbul etmir. Hələ biz qonşu İranı demirik. "Ağzımızın içində” olan İranın iqtisdadiyyatı da çox yaman günə düşüb.

Bunları başa düşmək olur. Dünyanı idarə eləyən və at oynadan Amerika Çini və İranı çökdürmək istəyir. Amma onu başa düşmək olmur ki, balam, bəs bizim ölkədə bu virus olmaya-olmaya niyə bir çox məhsulların qiyməti kəllə-çarxa qalxıb?! Bizim həkimlər deyirlər ki, koronavirusa qarşı ən yaxşı mübarizə metodu immuniteti yüksəltməkdir. İmmuniteti yüksəltmək üçün isə sarımsaqdan, limondan, soğandan və baldan istifadə edilməlidir. Hələ biz başqa şeyləri və qidaları demirik.

Bu xəbəri eşidər-eşitməz artıq bəzi işbazlar bir-iki ay bundan əvvəl kiloqramı 80 qəpik və 1 manat 50 qəpik arasında olan sarımsağı 6-7 manata qaldırıblar. İndi görün, bizim bəzi işbazlarımızın başı necə hər şeydən çıxır. Və bu həmişə belə olub. Bir balaca çətinlik olanda və bir balaca vəziyyət qəlizləşəndə o dəqiqə müəyyən ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətini gözəgörünməz qüvvələr fantastik dərəcədə bahalaşdırırlar. Bu bahalaşma da düz o vaxta qədər davam eləyir ki, təzə məhsul çıxır və təzə məhsul çıxanda köhnənin alıcılıq qabiliyyəti aşağı düşdüyü üçün onun qiyməti bir qədər sabitləşir.

Hələ ki, Bakı bazarlarında və marketlərdə sarımsağın bir kiloqramının qiyməti 6-7 manatdan aşağı düşmür. Dostumuz və qardaşımız hörmətli Əbülfət Mədətoğlu deyir ki, yerli sarımsaqların qiyməti daha bahadır. Məsələn, bəzi yerli sarımsaqların qiyməti hətta 8 manata çatır.

Deyə bilərlər ki, sarımsaq mövsümü deyil, məhsul qıtlığı yaranıb, üstəlik də ölkəmizə xaricdən sarımsaq gətirilmir və ya az gətirilir, ona görə qiymətlər belə ceyran belinə qalxıb. Bəs onda soğanın qiyməti niyə yüksəlib? Amma sarımsaqla müqayisədə şükür Allaha ki, soğan bir o qədər də baha deyil. Yəni bir kiloqram yaxşı soğanın qiyməti 1 manat- 1 manat 50 qəpik arasındadır. Ancaq Hövsan soğanının kiloqramı 3-4 manatdır. Bu gedişlə hər şey davam eləsə, martın ortalarında və aprelin əvvəllərində soğanın da qiyməti kəllə-çarxa çıxacaq.

Bir çox ekspertlər bildirirlər ki, sarımsağın və soğanın qiymətini qaldıranlar bazarlara diqtə eləyən bəzi inhisarçılardı. Onlar mövsümün əvvəllərində kənd yerlərindən, sahibkarlardan kiloqramı 30-40 qəpiyə, uzaqbaşı 60 qəpiyə aldıqları sarımsağı və soğanı anbarda saxlayaraq indi baha qiymətə satışa çıxarırlar. Bu fikirlərin nə dərəcədə obyektiv və ədalətli olub-olmadığını deyə bilməsək də, ancaq görünən odur ki, bu gün Azərbaycanın bazarlarında sarımsağın qiyməti görünməmiş həddə qalxıb. Düzdür, əvvəllər də mart və aprel aylarında sarımsaq heç də ucuz qiymətə satışa çıxarılmayıb. Amma onda da qiymətlər 4-5 manatdan artıq olmayıb.

Görünür, sarımsağın qiymətinin bu dərəcədə birdən-birə yüksək səviyyəyə qalxmasının günahkarı koronavirusdur. Əgər koronavirus bu hay-küylə ayaq açıb müxtəlif ölkələri ağzına götürməsəydi, sarımsağın da qiyməti 6-7 manata yüksəlməzdi. Yazıq həkimlər hər şeyə ehtiyatla yanaşırlar. Məsələn, böyük ziyalı və gözəl insan Rəşid Mahmudov bir neçə gün bundan əvvəl televiziyada çıxışında bildirdi ki, biz özümüz də bir şeyi deyəndə qorxuruq. Məsələn, deyirik ki, filan dərmanın, qiyməti də o qədər baha deyil, 50 qəpikdir, onu şprislə çəkin, amma burnunuza vuranda şprisi çıxarın ki, sizi zədələyə bilər. Bax, bu dərman sizi bir gün səhərdən axşama qədər istənilən virusdan qoruyacaq və oksigenlə təmin edəcəkdir. Üstəlik də sarımsaqdan, limondan və soğandan istifadə eləyin. Biz həkim olaraq hər hansı məsləhəti verən kimi, o dəqiqə bir çox işbazlar da qiyməti qaldırırlar. Adamın kişiliyi olar ey, bu çətin vəziyyətdə millətə arxa durmaq lazımdır. Yoxsa onun əlindəkini, ovcundakını almaq insafdan deyil. Bir göz qırpımında 10 qəpiklik maskanı 1 manat elədilər. Vallah, belə şeyi Allah götürməz!

İstedadlı şair Qürbət Əziz deyir ki, bu millət Allahın möcüzəsidir. Yəqin şair millətin belə eybəcər hərəkətlərini görüb o şeiri yazıb. Görməsəydi, yazmazdı. Millət qorxu, vahimə içində o virusdan özünü qoruyur, bəzi vicdanını itirmiş və Allahdan qorxmayan adamlar virusa qalib gələn ərzaq məhsullarının və kənd təsərrüfatı mallarının qiymətini qaldırırlar.

Bəs süni qiymət artımını görəsən adiyyəti qurumlar görmürlərmi?! Görmürlərsə, biz dedik. Qoy bilsinlər, görsünlər və ciddi addım atsınlar. Təsirli tədbirlər görsünlər ki, hər şeyin qiyməti sabit olsun. İnşallah, gözləyək görək axırı necə olur. Onsuz da bu koronavirusun ömrünə bir şey qalmayıb. Uzaqbaşı mart ayında və aprelin əvvəllərində 20-25 dərəcə isti olsa, necə gəlmişdisə, eləcə də qayıdacaq.